“Artıq itiriləsi xalımız yoxdur” - AÇIQLAMALAR
08 oktyabr 2013 18:40 (UTC +04:00)

“Artıq itiriləsi xalımız yoxdur” - AÇIQLAMALAR

Milinin oyunçuları qrupdakı son oyunlardan danışdılar

 

Oktyabrın 11-də “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Şimali İrlandiya oyununa hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan millimizin mətbuat üçün açıq məşqi keçirilib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, məşqdən əvvəl bir neçə futbolçu jurnalistlərə açıqlama verib...

 

Mahir Şükürov: “Bilirik ki, qarşıda iki vacib oyunumuz var. Ona görə də məşqlərdə nə gücümüz varsa ortaya qoyuruq ki, oyunlar zamanı bizim üçün asan olsun.

Şimali İrlandiya güclü komandadır. Rusiya yığmasını öz meydanında məğlub etməyi bacarıb. Ona görə də bizi çətin oyun gözləyir. Bununla belə, biz bu matçda qalib gəlməyə borcluyuq. Rusiya yığması da güclü rəqibdir. İstəyirik ki, onları da büdrədək və bununla da, 2 il əvvəl Rusiya yığmasına qarşı göstərdiyimiz oyunun təsadüfi olmadığını sübut edək. Şimali İrlandiya millisi ilə oyunda qalib gəlməsək, qrupda sonuncu yeri tuta bilərik. Ona görə də istəyirik ki, qalib gəlib 8 xal toplayaq və yuxarı pillələrə qalxaq”.

 

Rauf Əliyev: “Şimali İrlandiya yığması ilə qarşılaşma bizim üçün çox vacibdir. Çünki hazırda qrup sonuncusuyuq. Bu oyun bizim qələbə qazanmağımız üçün yaxşı şansdır. Təbii ki, çətin olacaq. Çünki onlar da sonuncu oyunda uduzub. Ona görə bizimlə oyuna fərqli motivasiya ilə çıxacaqlar. Yaxşı məşq keçirik. Uşaqlar hamısı qarşıdakı oyunlara böyük istəklə hazırlaşır. İnşallah, yenə qol vurmağa çalışacağam. Əsas odur ki, qələbə qazanaq. Qol vurmağa gəlincə, işim fərqlənməkdir. Əlimdən gələni edəcəyəm ki, Şimali İrlandiyanın qapısına yol tapım. Hücumçu olsam da, həmişə müdafiəyə də kömək edirəm. Düzdür, rəqibin künc zərbələri təhlükəli olur. Təbii ki, bu dəfə standart zərbələr zamanı arxa xəttə kömək etməyə çalışacağam. İstəyirik ki, belə vəziyyətlərdən qol buraxmayaq”.

 

Əfran İsmayılov: “Şimali İrlandiya yığması ilə səfər oyununda heç-heçə etmişik. Ancaq bu nəticə bizi aldatmamalıdır. Çətin komandadır. Bütün diqqətimizi həmin oyuna yönəltmişik. Azarkeşlərimiz qarşısında oynadığımızdan, çalışacağıq ki, meydandan maksimum nəticə ilə ayrılaq. Xallar bizə çox lazımdır. Keçirdiyimiz oyunlarda çox xal itirmişik. Artıq itiriləsi xalımız yoxdur. Cari seçmə mərhələdə son iki rəsmi oyundur. Maksimum xal qazanmaq üçün mübarizə aparacağıq. Milliyə çağırılmaq hər bir futbolçu üçün qürurdur. Mən də millinin üzvü olduğuma görə qürur hissi  keçirirəm. Əlimdən gələni edəcəyəm ki, komandamız yaxşı nəticə qazansın. Ancaq qələbə haqda düşünürük. Şimali İrlandiya yığması ilə qarşılaşma çox vacibdir. Qələbə qazansaq, Rusiya millisi ilə görüşə də yaxşı əhval-ruhiyyədə çıxacağıq”.

 

Rüfət Dadaşov: “Hazırlıq yaxşı keçir. Komandada əhval-ruhiyyə yaxşıdır. Baş məşqçi də məşq prosesinin gedişindən razıdır. Qaldı ki oyunlara, Şimali İrlandiya millisi ilə matç çox çətin keçəcək. Rəqib aqressiv futbol üslubuna üstünlük verir. Qələbə qazanmaq üçün hər şeyi edəcəyik. Rusiya yığması ilə oyun da vacibdir. Doğma meydanda keçirəcəyimiz hər iki oyunda maksimum xal toplamaq istəyirik. Son aylarda yaxşı formadayam. Millinin heyətində qolu kimin vurması vacib deyil, əsas komandanın qələbə qazanmasıdır”.

 

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı saat 21:00-da başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1006
avatar

Oxşar yazılar