“Ötən mövsüm “Qarabağ”ın bəxti çox gətirmədi. Bu üzdən də onlar Azərbaycan çempionatını 2-ci pillədə başa vurdu. Mənim fikrimcə isə Azərbaycanın ən yaxşı komandası “Qarabağ”dır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Avropa Liqasının IV təsnifat mərhələsinin püşkü ölkəmizin yeganə təmsilçisi “Qarabağ”ı Almaniyanın “Ayntraxrt” klubu ilə üz-üzə qoyub. Bu ölkədən olan həmkarlarımız yığmamızın almaniyalı çalışdırıcısının püşkə münasibətini öyrənib. Foqtsun dediklərinə əsasən hazırlanan yazıda “Qarabağ”ın heyətinin çox yaxşı qurulduğu, səviyyəli legionerlərə malik olması da əksini tapıb. Xüsusilə də braziliyalılar Reynaldo və Riçardı həmyerlilərinə tərifləyən mütəxəssis rəhbərlik etdiyi yığmamızın da 4 futbolçusundan bəhs edib.
“Qarabağ” tarixi bölgə olan Qarabağı, Ağdamı təmsil etdiyini, 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin bu şəhəri işğal etməsindən sonra isə komandanın ev oyunlarını Bakıda keçirməsini vurğulayan Foqts Tofiq Bəhramov adına Respublika stadionunu da tərifləyib: “Burada əla ot örtüyü var. “Ayntraxt”da “Qarabağ”ı asanlıqla keçəcəklərini düşünürlərsə, onlar yanılırlar. Çünki Almaniya təmsilçisi sürprizlə qarşılaşa bilər”.
Qeyd edək ki, “Qarabağ” və “Ayntraxt” arasında ilk oyun avqustun 22-də, cavab oyunu 29-da baş tutacaq.