FİFA ilin məşqçisi adına namizədlərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu ada iddia edən 11 mütəxəssis müəyyənləşib.
Bunlardan altısı klub məşqçisidi: Massimiliano Alleqri (“Yuventus”), Ernesto Valverde (“Barselona”), Xosep Qvardiola (“Mançester Siti”), Zinədin Zidan (“Real”), Yurgen Klopp (“Liverpul”), Dieqo Simeone (“Atletiko”). Digər 5 namizəd isə yığmadakı işinə görə fərqləndirilib. Bunlar DÇ-2018-in yarımfinalçıları Zlatko Daliç (Xorvatiya), Didye Deşam (Fransa), Roberto Martines (Belçika) və Qaret Sautqeyt (İngiltərə), həmçinin meydan sahibi Rusiyanın çalışdırıcısı Stanislav Çerçesovdu.
Qadınlar komandaların ən yaxşı baş məşqçisi adına isə Emma Heyz (“Çelsi”), Ştefan Lerx (“Volfsburq”), Mark Persons (“Portlend”), Reynald Pedros (“Lion”), Alen Stayçiç (Avstraliya), Asako Takakura (Yaponiya), Vadao (Braziliya), Xorxe Vilda (İspaniya), Martina Voss-Teklenburq (İsveçrə) və Sarina Viqman (Hollandiya) iddia edir.
Qeyd edək ki, bir müddət sonra ən yaxşı adına namizədlərin sayı 3-ə endiriləcək. Ən yaxşılar isə sentyabrın 24-də Londonda təşkil olunacaq tədbirdə mükafatlandırılacaq.