Rusiyanın Soçi şəhəri tarixində ilk dəfə mötəbər idman yarışını qəbul etməyə hazırlaşır. Krasnodar diyarının bu kurort şəhərində fevralın 7-dən 23-dək XXII Qış Olimpiya Oyunları, martın 7-dən 16-dək XI Qış Paralimpiya Oyunları keçiriləcək. Oyunların startına 9 gün 3 saat 29 dəqiqə qalmış Lent.az Soçi olimpiadasının özəllikləri barədə hazırladığı yazını təqdim edir...
***
Soçi Qara dəniz sahilindəki Qərbi Qafqaz dağlıq massivinin ətəklərində unikal iqlim zonasında yerləşir. Şəhər Aralıq dənizi və Alp dağları iqliminin unikal vəhdətini özündə cəm edib. Burda dağlarda qarın orta qalınlığı 2 metr təşkil edir. Qışda temperatur 0 dərəcədən aşağı enir. Lakin adətən, güclü soyuqlar olmur. Soçinin ərazisi 200 min hektardır. Ərazinin 30000 hektarı dendrari, botanika bağları və unikal flora və faunaya malik təbii qoruqlardan ibarətdir. Şəhərin əsası 21 aprel 1838-ci ildə qoyulub, əhalisi 2013-cü il siyahıyaalmasına əsasən, 368011, şəhərətrafı ilə birgə 445 209 nəfərdir.
Rusiyada ikinci dəfə
XXII Yay Olimpiya və XI Qış Paralimpiya Oyunlarının Soçidə təşkilinə dair qərar 4 iyul 2007-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin Qvatemalada keçirilmiş 119-cu sessiyasında verilib. Həmin il oktyabrın 2-də “Soçi-2014” Təşkilat Komitəsi yaradılıb. Təsisçilər Rusiya Olimpiya Komitəsi, İdman, Turizm və Gənclər Siyasəti Nazirliyi, eləcə də Soçi Şəhər Administrasiyasıdır. Bu, 1980-ci il Moskva Yay Olimpiya və Paralimpiya Oyunlarından sonra Rusiya ərazisində baş tutan ikinci olimpiada olacaq.
Olimpiya okyektləri
Soçidə dünya səviyyəli 11 yeni idman obyekti istifadəyə verilib. Onların ümumi tutumu 120 min yerlikdir. Obyektlərdən ən böyüyü isə 40 min tamaşaçı tutumuna malik “Fişt” stadionudur. 12 min nəfərlik Böyük Buz Sarayı və “Aysberq” Buz İdman Sarayı da ilk “3-lüy”ə düşüb. Bütün olimpiya obyektləri bu yarışların tarixindən indiyədək ən kompakt şəkildə salınıblar. Bir obyektdən digərinə bir neçə dəqiqəyə, dağ idman obyektlərindən sahilyanı obyektlərədək 30 dəqiqəyədək getmək olar.
Medallar
Qarşıdakı olimpiadada 7 növ üzrə 98 dəst medal sahibini tapacaq. Bu, 2010-cu il Vankuver olimpiadasından 12, 2006-cı il Turin olimpiadasından 14 dəst medal çoxdur. Paralimpiya Oyunlarında isə idmançılara 72 dəst medal təqdim olunacaq. Ümumilikdə qış idmanı üzrə yarışlar tarixində rekord sayda – 1300 medal paylanacaq. Onların hazırlanmasına 3 kq qızıl, 2 ton gümüş və 700 kq bürünc sərf olunacaq.
İştirakçılar
Oyunlarda 90 ölkədən ümumilikdə 7650 idmançı, məşqçi və digər nümayəndə heyəti üzvlərinin iştirakı nəzərdə tutulub. 13 min həmkarımızın işıqlandıracağı yarışları bütün dünyada 3 milyard tamaşaçı izləyəcək. Azərbaycan əhalisi Oyunlara İctimai Televiziya vasitəsilə baxacaq. Ölkəmizi isə 5 idmançı - fiqurlu konkisürmə növündə Aleksey Sitnikov – Yuliya Zlobina dueti və xizəkçilər Patrik Braxner, Sedrik Nots və Qaya Bassani Antivari təmsil edəcək.
Talisman
Oyunların rəsmi talismanları Ağ Ayı, Dovşan və Leopard olacaq. Bundan əvvəl Soçi sakinləri rəssam Olqa Belyayevanın çəkdiyi xizəkdə delfin təsvirini talisman seçiblər. Lakin sonradan ümumxalq müsabiqəsi elan olunub. Maraqlıdır ki, dovşan obrazını Çuvaşiya məktəblisi Silviya Petrova yaradıb.
Könüllülər
Oyunlar zamanı 25 min volontyor iş başında olacaq. Onlardan 12 mini ümumi profilli, 8 mini müxtəlif sahələrdə çalışan mütəxəssislər, 5 mini isə idman təmayüllüdürlər.
Xərclər
Yarışa hazırlıq və infrastruktura xərclənən vəsait rekord səviyyədə olub. İlkin smetada bu məbləğ 12 milyard dollar göstərilsə də, faktiki olaraq, 4 dəfədən də çox – 50 milyard dollara yaxın (1,5 trilyon rubl) xərclənib. Bu vəsaitin 822 milyard rublu federal büdcədən, 33 milyard rublu Krasnodar diyarının büdcəsindən, 343 milyard rublu dövlət təşkilatlarının vəsaitlərindən, 249 milyard rublu isə “Vneşekonombank” kreditləri hesabına, 53 miyard rublu fərdi investisiyalardan gəlib.
Turistlər
Hazırda Soçidə əsasən, ekonom-klass tipli mehmanxanalarda nömrələr tapmaq olar.
Amma onların sayı gündən-günə azalır. 1, 2 və 3 ulduzlu otellərdə sutkalıq qalma 4 – 6 min rubla, 4 və 5 ulduzlu otellərdə isə 6 – 11 min rubla başa gəlib. Şəhərdə şəxsi evləri də kirayələmək mümkündü. Bu isə olimpiada müddətində 25 mindən 35 min rubladək xərc aparacaq.
Təhlükəsizlik
Qış Olimpiya və Paralimpiya Oyunları zamanı asayişi qorumaq üçün Rusiyanın Soçi şəhərinə 410 kazak gəlib. Onlar Kuban kazak qoşunlarının şəxsi heyətindən ayrılıb. Kazaklara idmançılar, əcnəbi nümayəndələr və turistlərin təhlükəsizliyini təmin etmələri tapşırılıb. Onlar kazak formasında və yalnız polislərlə birgə xidmət aparacaqlar. Yanvarın 7-dən Soçidə təhlükəsizlik tədbirləri gücləndirilib. Ora başqa şəhərlərdən nəqliyyatın girişi qadağan edilib. Qadağa Paralimpiya Oyunları başa çatanadək, yəni, martın 21-dək qüvvədə olacaq. Şəhər sakinlərindən isə şəxsi nəqliyyatdan mümkün qədər az yararlanmaları xahiş edilib. Eyni zamanda, olimpiya nəqliyyatı zolaqlarına hərəkət qadağan olunub.
Putinin qəbulları
Rusiya prezidenti Vladimir Putin olimpiadanın açılış günü – fevralın 7-də qonaqların şərəfinə rəsmi qəbul keçirəcək. “Rus” sanatoriyasında baş tutacaq tədbirə 150 nəfər dəvət edilib. Fevralın 4-də isə o, Beynəlxalq Olimpiya Komitəsinin üzvləri ilə bir araya gələcək.