Hollandiyanın Rotterdam şəhərndə boks üzrə gənclər arasında Avropa birinciliyi başa çatmaq üzrədir. Apasport.az saytının xəbərinə görə, milli komandamızın 3 üzvü yarımfinal görüşlərini qələbə ilə başa vuraraq, finala vəsiqə əldə ediblər.
52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə türkiyəli Ömər Koç üzərində qələbə qazanıb. Həmyerlimiz finalda İrlandiya boksçusu Qarri Kulli ilə qarşılaşacaq.
Nəsrəddin Məmmədov (56 kq) yarımfinalda albaniyalı Rexhildo Zenilidən üstün olub. Millimizin üzvü qızıl medal uğrunda döyüşdə İrlandiya nümayəndəsi Kurt Uolkerlə üz-üzə gələcək.
64 kq çəki dərəcəsində çıxış edən Cavid Quliyev də finala yüksəlib. Boksçumuz finala gedən yolda almaniyalı Aqon Qaşini məğlub edib. Quliyev həlledici görüşdə ukraynalı Yaroslav Samofalovla qarşılaşacaq.
Qeyd edək ki, Ukraynanın 5, Rusiyanın 4 və Azərbaycanın 3 boksçusu finala vəsiqə qazanıb.