1 güllə ilə 3 dovşan vurmaq şansı...
13 oktyabr 2015 18:09 (UTC +04:00)

1 güllə ilə 3 dovşan vurmaq şansı...

Avro-2016-nın seçmə mərhələsində mübarizə yekunlaşır. Bu gün keçiriləcək son oyunlarla həm final mərhələsinə vəsiqə qazananlar, həm də pley-off mərhələsinin iştirakçıları bilinəcək. Azərbaycan milli komandasının bu yığmalar arasında olamayacağı hələ sentyabrın 6-da Maltaya səfər matçından (2:2) sonra dəqiqləşdi. Bu gün biz Sofiyada sadəcə, növbəti seçmə mərhələni başa vuracağıq.

Cari seçmə mərhələdə son ev oyunumuzda tarixi anlar yetərincə idi. Əvvəla, bu, Bakı Olimpiya Stadionunda ilk futbol matçı idi. Bu ilin iyununda Bakı-2015 I Avropa Oyunları zamanı rəsmi açılışı olan arena artıq futbol oyunlarını qəbul etməyə başlayıb. Maraqlıdır ki, millimizin İtaliyayla ilk ev oyununda – 2002-ci ilin sentyabrın 7-də keçirilən matç da demək olar yeni arenada idi. Çünki həmin vaxt Tofiq Bəhramov adına Respublika stadionu, ot örtüyü tam yenilənmişdi və açılış məhz italyanlarla matçda olmuşdu.

“Skuadra Adzurra” Bakıya bu dəfə nümayəndə heyətində qonaq kimi gələn Covanni Trapattoninin baş məşqçiliyi dövründə olduğu kimi 2 top fərqli qələbə qazanıldı. Ancaq budəfəki matç seçmə mərhələnin əvvəlinə yox, sonuna təsadüf edirdi və hazırkı qələbə İtaliya yığmasına final mərhələsinə vəsiqə qazandırmaq baxımından dəyərli oldu.

Daha bir tarixi an isə Rəşad Sadıqovun kapitanı olduğu millimizdə 100-cü oyunu keçirməsi idi. Bununla da “Qarabağ”ın 33 yaşlı müdafiəçisi yığmada bu saya çatan ilk futbolçu idi. Tale elə gətirdi ki, bu oyun İtaliya yığması kimi güclü, titullu rəqiblə, özü də yeni möhtəşəm arenada ilk matça təsadüf etdi. Üstəlik, Rəşad millimizdə İtaliyayla 13 il öncəki ilk oyundan qalan yeganə futbolçudur.

Rəşadın uğuru diqqətdən kənarda qalmadı və AFFA-yla UEFA-nın hədiyyələri ilə mükafatlandırıldı. Onun üçün əsas mükafat dördqat dünya çempionlarıyla matçda nəticə olardı ki, buna nail ola bilmədik. İndi hamını düşündürən Rəşadın cari seşmə mərhələdən sonra milli karyerasını bitirib-bitirməyəcəyi, Sofiyadakı bugünkü oyunun son olub-olmayacağıdır. Hər şey Sadıqovun millinin xorvatiyalı baş məşqçisi Robert Prosineçkiylə söhbətindən sonra aydınlaşacaq ki, bunun üçün bir qədər gözləməliyik.

Hələliksə bütün diqqətimizi Sofiyaya yönəltmişik. Bolqarıstanla “Vasil Levski” stadionunda saat 23:45-də başlayacaq bugünkü matç bizim üçün ilk növbədə turnir cədvəlində 4-cü yeri tutmaq baxımından böyük önəm daşıyır. Millimiz 1994-cü ildən çıxış etdiyi seçmə mərhələlərdə daha çox qrup sonuncusu, ən yaxşı halda 5-ci olub. Göründüyü kimi, Prosineçki 4-cü yeri tutub yeni rekorda imza atmaqla yığmamızın tarixinə düşə bilər. Uzun müddətdir 4-cü pillədə olan bolqarlarla aramızda 2 xal fərqinin olduğunu nəzərə alsaq, bizi yalnız qələbə qane edir.

Düzdür, statistika nikbinliyə əsas vermir. Çünki millimiz indiyədək heç vaxt qrupda son oyununda qələbə qazanmayıb. Ancaq hər bir statistika nə vaxtsa onun sona çatdırmaq üçündür. Deməli, Prosineçkili millimiz "1 gülləylə 2 dovşan vura bilər" – həm ilk dəfə sonda qələbə qazanmaq, həm də ilk dəfə qrupda 4-cü olmaq. Əslində, dərinə getsək 1 gülləylə 3 dovşan vura bilərik. Çünki millimiz indiyədək Bolqarıstan yığmasına heç vaxt qalib gələ bilməyib. AFFA-nın sabiq prezidenti Fuad Musayevin vaxtında Bolqarıstanın Albena, Varna şəhərlərinə tez-tez gedən, beynəlxalq turnirlərdə iştirak edən yığmamız bu ölkənin yığmasıyla yoldaşlıq görüşü keçirmişdi. Bolqarıstanla ilk rəsmi oyunumuz isə yalnız bu seçmə mərhələdə oldu və startda “Bakcell Arena”da 1:2 hesabıyla uduzduq.

Bolqarlarla klub səviyyəsində tarixi matçlarımız olub. Əvvəla, Azərbaycan avrokuboklarda ilk qələbəsini məhz bu ölkənin təmsilçisi – Sofiya “Lokomotiv”i üzərində qazanıb. “Neftçi”nin 1996-cı ilin iyulun 17-də 2:1 hesabıyla qalib gəldiyi həmin matç eyni zamanda “Tofiq Bəhramov”da ilk rəsmi oyunumuz kimi tarixə düşüb. Bolqarıstanla avrokuboklarda digər matçımız isə 2009-cu ildə “Bakı”nın tarixində ilk dəfə Çempionlar Liqasında mərhələ adladığı vaxttda idi. Ancaq "Levski"yə avqustun 5-də Sofiyadakı cavab matçında 0:2 hesabıyla uduzan komandamız turnirdə mübarizəni dayandırsa da, Avropa Liqasının pley-off mərhələsinə yollandı. Yəni Azərbaycanın bu mərhələyə ilk vəsiqəsi məhz Bolqarıstan paytaxtında rəsmiləşib və həmin matçı stadiondan canlı izləyən jurnalistlərdən biri də bəndəniz olub.

Bugünkü oyunda əsas qol ümidimizin Dmitri Nazarov olduğunu desək, yanılmaram. Ən azı ona görə ki, məhz bu futbolçu millimizin cari seçmə mərhələdə bombardiridir. Hesabında 3 qol olan “Karlsrue”nin yarımmüdafiəçisi siftəni məhz bolqarlarla matçda etmişdi. İndi Nazarova rəqibi Bakıda olduğu kimi, Sofiyada da məyus etmək qalır.

Sonda bir maraqlı məqamı da sizlərlə bölüşmək istərdim. Son 2 ayda bəzi tanınmış futbolçuların həm klub, həm də yığma səviyyəsində bizimlə duelləri olur. Xorvat müdafiəçi Daniel Pranyiç əvvəlcə “Panatinaikos”un, sonra millisinin heyətində bizə qarşı oynadı, ümumilikdə çıxdığı 3 matçın heç birində qələbə sevinci yaşamadı. Millimizlə matçda Xorvaita yığmasının qapıçısı olan Daniel Subaşiç “Monako”nun futbolçusu kimi “Qarabağ”la Avropa Liqasının qrup matçıyla əlaqədar gələn ay yenidən Bakıya gələcək. Onun komanda yoldaşı Stefan Əl-Şaravi də həmin vaxt ölkəmizə səfər edərək, Respublika stadionunda oynayacaq. Ancaq Subaşiçdən fərqli Stefanın Bakıya ilk səfəri uğurlu alındı, hətta qol vurdu.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360

Oxşar yazılar