"Sabah meydanda  söz sahibi   futbolçular olacaq" - Qurban Qurbanov
21 fevral 2024 14:13 (UTC +04:00)

"Sabah meydanda söz sahibi futbolçular olacaq" - Qurban Qurbanov

"Braqa" ilə qarşılaşma bizim üçün çox vacib və dəyərli oyundur".

Apasport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

"Bu oyun ətrafında çox da danışmaq istəmirəm. Fikrimizi tam rəqibə yönəltmişik. "Braqa" barədə əlavə məlumata ehtiyac yoxdur. Portuqaliyada da demişdim ki, ilk oyunun nəticəsi bizi aldatmalı deyil. Əksinə, Bakıda daha səliqəli və intizamlı oynamalıyıq. Komandanı da sırf bu yöndə hazırlamağa çalışırıq. İnanıram ki, futbolçularım evdə daha istəkli, soyuqqanlı olacaqlar və daha düzgün oynayacaqlar. Sabaha kimi vaxtımız var. Rəqibi futbolçularımıza daha yaxından tanıdacağıq. Oyunu yaxşı notlarla başa vurmaq istəyirik. Şansımız varsa, bundan istifadə etməyə çalışacağıq".

- "Braqa" rəhbərliyi futbolçularına Bakıda qələbə qazanmaqla bağlı tələb qoyub. Bu psixolojin amilin futbolçulara hansısa təsiri ola bilər?

- Bu tələb gözləniləndir, başqa cür ola da bilməzdi. "Braqa" böyük klubdur, onların növbəti mərhələyə çıxmaq şansı daha çox idi. Məşqçi kimi bunu normal qarşılayıram. Psixoloji məsələyə gəlincə, məncə, rəhbərliyin fikrinə görə inanmıram ki, psixoloji təsir etsin. Biz "Braqa"nın gücünü bilirik. Məğlub olmaqları o demək deyil ki, biz onlardan üstünük, ya onlar bizdən zəifdir. Belə fikir bizdə yoxdur. Portuqaliyada da futbolçularla danışanda dedim ki, Bakıdakı matçda daha aktiv olmalıyıq, daha çox güc sərf etməliyik ki, "Braqa"nı saxlayaq. Çox sürətli oyunçuları var. Əksər rəqiblərə uyğun və xoş olmayan oyun stilləri var. "Braqa"nın böyük təcrübəsi var. İllərdir ki, bu cür gərgin oyun oynayan komandadır. İnanmıram ki, rəhbərliyin fikrinə görə hansısa psixoloji təsiri olacaq. Biz özümüzü sırf oyuna hazırlamışıq.

- Azərbaycan futbolunun yaşı 100-dən çoxdur. Sabahkı "Braqa"ya qarşı oyun Azərbaycan futbolunun Avropadakı təsdiqi üçün şansdır?

- Bugünkü nəticələrə baxsaq, bəlkə bunu düşünə bilərik. Belə durum yaranıb ki, Avropadakı istənilən oyundakı qələbə bizim futbol üçün böyük uğur sayılmalıdır. Çünki bizim üçün çox vacibdir. Daha stabil olmaq üçün belə uğurlara çox ehtiyac var. Pley-off oyunlarında bu cür qələbələr futbolçuların və azarkeşlərin inamı üçün çox vacibdir. Bu cür oyunlarla futbol camiəsi böyüyür. Hamı bir yerə yığışır. Uğur öz yerində. Çox istəyərdik ki, bunu böyük uğur kimi adlandıraq. Mənim üçün vacib olan, azarkeşləri bu cür oyunlara kökləmək və inandırmaqdır. Biz yanaşsaq ki, ən böyük uğurumuzdur, yerimizdə qala bilərik. Hər il bir addım irəli gedəndə, həvəsli, inamlı oluruq. İstər-istəməz nəinki azarkeşlər, hətta dövlət orqanlarının bu cür oyunlara marağı böyüyür. Bu da futbolumuzun inkişafı üçün yaxşıdır. Həmişə istəmişəm, bura böyük komandalar gəlsin ki, futbola və bizə maraq, inam daha da böyüsün. Bu uğur sayıla bilər, amma bununla dayanmalı deyilik. Düzdür, hələ uğur əldə olunmayıb. Bəli, ilk oyunda qalib gəlmişik. Ancaq uduzsaq da, bunu uğursuzluq adlandırmaq olmazdı. Çünki səfərdə udmuşuq. Demək ki, işimizi aktivləşdirsək, möhkəmləndirsək, qarşıdakı illərdə rəqiblərlə başabaş mübarizə aparmaq mümkündür.

- Son durumu açıqlayardız. Zədəlilər varmı?

- Yox, hər şey qaydasındadır.

- Oyunla bağlı ehtiyatlı danışdız. Amma fakt odur ki, 1/8 finala yüksələ bilərsiz. Cari mövsümün əvvəlində bu qədər irəli gedə biləcəyinizi ehtimal etmişdiz?

- Biz həmişə qarşımıza məqsəd qoyuruq və buna nail olmaq üçün ildən-ilə daha yaxşı olmaq istəyirik. Bu da hamısı bizim daxili çempionatımızdan başlayır. Biz daxili liqada yaxşı performans göstərsək, avrokuboklarda daha yaxşı nəticələr ola bilər. Biz istəyirdik ki, irəliləyək. Mütləq buralara çatmalıyıq deyə, tələb yox idi. Amma bacararıq deyə, inam var idi. Qarşımıza qoyulan məqsəd minimum Avroliqanın qrupuna düşmək idi. Sonrakı məqsəd pley-off mərhələsinə çıxmaqdır. Bunu da bacardıq. İndi əlimizə şans düşüb. Bu onu göstərir ki, işlərimiz planlı şəkildə gedib. Əsas odur ki, icra edənlər, futbolçular bunu bacarıb. Bu gün də futbolçularıma güvənirəm. Bura qədər gəlib çıxmağımızda onların payı daha çoxdur. Sabah meydanda söz sahibi futbolçular olacaq. Mən sadəcə onların yanında olacam. Belə birlik varsa, nəticə özünü göstərir. Futbol elə oyundur ki, il boyu davam edir. Hər oyuna inamla hazırlaşırıq. Əsas da düzgün hazırlaşırıq. Bu da düzgün icra olunursa, nəticə bu gün olmaya bilər, amma sabah olacaq. İnanıram ki, futbolçularım daha da yaxşısını etmək gücünə qadirdirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3270
avatar

Oxşar yazılar