“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti və komandanın nüfuzlu futbolçuları “The Best FİFA”nın mükafatlandırma mərasiminə getməyəcək.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Ançelottinin 2022-ci ilin ən yaxşı məşqçisi mükafatına iddialı olmasına və digər nüfuzlu mükafatlara iddialılar siyahısında “Real”ın bir sıra futbolçularının yer almasına baxmayaraq, “kral” klubunun nümayəndələri mərasimdə iştirak etmək fikrində deyillər.
Rəsmi mükafatlandırma mərasimi fevralın 27-də Parisdə keçiriləcək. “Real Madrid” hesab edir ki, Tibo Kurtua, Vinisius Junior, Luka Modriç və Kərim Benzema mükafatsız qalacaq. Çünki Lionel Messi və Emiliano Martinez böyük ehtimalla mükafat alacaqlar.
“Real Madrid” bütün diqqətini La Liqa, İspaniya Kuboku və Çempionlar Liqasındakı matçlara yönəltmək istəyir. Lakin mərasimdə iştirakla bağlı yekun qərar fevralın 25-də “Atletiko” ilə oyundan sonra veriləcək. “Real Madrid” 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunda Argentinanın qazandığı qələbənin ağırlığını başa düşür. Lakin klub Kurtuanın ötənilki nailiyyətlərinin göz ardı edilə bilməsindən narazıdır.