“Qızıl top”a namizədlər üçün ətraflı səsvermənin nəticələri bəlli olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş “Twitter”) mükafat səhifəsində məlumat verilib.
Birinci yeri 462 xalla “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi tutub. Beləliklə, o, ikinci pillədə qərarlaşan “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haalanda (357 xal) 105 xalla qalib gəlib.
İlk üçlüyü tamamlayan PSJ-nin hücumçusu Kilian Mbappe 270 xal toplayıb.
Noyabrın 3-də Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) 2024-cü ildə keçiriləcək “Qızıl top” mərasimini birgə təşkil edəcəyi açıqlanıb. UEFA-nın rəhbəri Aleksander Çeferin deyib: “UEFA və “Qızıl top” idman mükəmməlliyi ilə sinonimdir, ona görə də bizim tərəfdaşlığımız tanınma və sinerjinin təbii kombinasiyası olacaq ki, bu da müstəsna olmağı vəd edir”.
Oktyabrın 30-da Messi karyerasında səkkizinci dəfə "Qızıl top"u qazanıb. O, daha əvvəl 2009, 2011, 2012, 2013, 2016, 2019 və 2021-ci illərdə kuboku qazanıb.