Bizim qrupun oyunları Almaniyada keçiriləcək. Ölkəmizi layiqincə təmsil edərək Vətənə uğurlu nəticə ilə dönmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Lent.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət millimizin liberosu Bəyaz Quliyeva deyib.
İyundan təlim-məşq toplanışına start verildiyini xatırladan voleybolçu deyib: “İki həftə Bakıda məşq keçdikdən sonra Bosniya və Herseqovinaya yollandıq. Orada bir həftə təlim-məşq toplanışında olduq və yerli yığma komanda ilə üç yoxlama görüşü keçirdik. Yenidən Bakıda qayıtdıq və paytaxtda Belarus millisi ilə üç yoxlama matçımız oldu. Hazırda Sloveniyadayıq və burada təlim-məşq toplanışı çərçivəsində bir neçə yoxlama oyunlarımız olub. Qarşıda daha bir hazırlıq matçımız var”.
B.Quliyeva bildirib ki, bu oyunlar səhvləri analiz etməyə imkan verir: “Məşqçinin tapşırıqlarını mümkün qədər yerinə yetirməyə çalışırıq. Azərbaycan 10-cu dəfə Avropa çempionatında iştirak edəcək. İtaliya, Belçika, Almaniya və Estoniyanın birgə ev sahibliyi etdiyi yarışda biz C qrupunda yer almışıq. Rəqiblərimiz meydan sahibi ilə yanaşı, Çexiya, Türkiyə, İsveç və Yunanıstan olacaq. İnanıram ki, məşqləri yüksək səviyyədə başa vurub tam hazır formada yarışa qatılacağıq. Komandamıza, bütün oyunçularımıza və məşqçilər heyətinə uğurlar arzulayıram”.