Fransanın Paris Sen-Jermen komandası hücumçu Kilian Mbappenin “Real”a getmək ehtimalı ilə razılaşıb və liderinin gedişinə görə ispan klubundan intiqamı necə alacağını açıqlayıb.
Lent.az xəbər verir ki, bu barədə “Realmadrid Exclusivo” məlumat yayıb. Qeyd olunub ki, parislilər dünyanın ən istedadlı mərkəz müdafiəçilərindən və “Real Madrid”in radarında olan futbolçunu klubun düşərgəsinə cəlb etmək istəyirlər. Söhbət “Lill”də çıxış edən 18 yaşlı fransız Leni Yorodan gedir.
PSJ Yoronu klubun gələcəyini formalaşdırmaqda vacib fiqur kimi görür və onu cari transfer pəncərəsində əldə etmək üçün hər şeyə hazırdır. Mətbuatda yayılan xəbərlərə görə, fransız “Real Madrid”ə keçməyə çox yaxındır, lakin parislilər vəziyyəti dəyişmək istəyirlər.
Bu mövsüm Yoro “Lill”in heyətində bütün yarışlarda 23 oyun keçirib və 3 qol vurub. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 25 milyon avrodur.