“Nottinqem Forest” Nuno Eşpirito Santonun klubun baş məşqçisi təyin olunduğunu açıqlayıb.\
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 49 yaşlı portuqaliyalı ilə 2 il yarımlıq müqavilə imzalanıb. O, dekabrın 23-də baş tutacaq Premyer Liqanın 18-ci turunda "Bornmut"la oyunda komandanın baş məşqçisi kimi debüt edəcək.
Nunonun son iş yeri noyabr ayında tərk etdiyi Səudiyyə Ərəbistanının “Əl-İttihad”ı olub. O, əvvəllər “Tottenhem”, “Vulverhempton”, “Porto”, “Valensiya” və “Rio Ave” klublarını çalışdırıb.
Dekabrın 19-da İngiltərə klubu 2021-ci ilin sentyabrından komandaya rəhbərlik edən Stiv Kuperin ayrıldığını elan edib. 17 turdan sonra "Nottinqem Forest" Premyer Liqanın turnir cədvəlində 14 xalla 17-ci pillədə qərarlaşıb.