Qazaxıstanlı MMA döyüşçüsü 17 yaşlı Kanat Axunov ölkəsinin milli çempionatında döyüş zamanı dünyasını dəyişib.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Nomad MMA”nın təşkil etdiyi Qazaxıstan çempionatı ötən həftəsonu baş tutub və bütün tədbir gənc döyüşçünün faciəvi ölümü ilə kölgədə qalıb.
Döyüş zamanı Axunov mədəsindən vurularaq ölüb. Lakin zərbənin onun ölümünə səbəb olub-olmadığı hələ məlum deyil. Çünki görünür, bir neçə dəqiqə əvvəl o, huşunu itirməyə başlayıb. Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib.
İdman kompleksinin əməkdaşları gəncə kömək etməyə çalışsalar da, onu xilas etmək mümkün olmayıb və o, zaldaca dünyasını dəyişib. Döyüş martın 31-də “Batır” idman kompleksində baş verib.
Əlavə olunur ki, turnir başlamazdan əvvəl onun məşqçisi idmançının turnirdə yarışmağa hazır olduğunu təsdiq edən tibbi arayışı təqdim edib.