“Son oyunlarda uğurlu seriyamız vardı. Qol buraxmadan ardıcıl qələbələr qazanırdıq”.
Apasport.az saytının məlumatına görə, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsində Bosniya və Herseqovina ilə keçirilən oyundan sonra deyib.
Çalışdırıcı yığmanın 0:1 hesabı ilə məğlubiyyətinə belə bəhanə gətirib: “Bu oyunda uğurlu seriyanı davam etdirmək istəyirdik. Komandam xal qazanmaq üçün hər şey etdi. Hesab edirəm ki, nəticə oyuna görə olmadı. Ən ədalətli nəticə bərabərlik idi. Təəssüf ki, ani diqqətsizlikdən 90+4-cü dəqiqədə qol buraxdıq. Əldə etdiyimiz qol imkanlarını dəyərləndirsəydik hesab fərqli olacaqdı. Məğlub olmağımıza baxmayaraq, komandamın mübarizə əzmi, nümayiş etdirdiyi futbol, ortaya qoyduğu xarakter məni qane etdi”.
Qeyd edək ki, E qrupunda yer alan Azərbaycan yığması 7 turdan sonra 3 xalla sonuncu pillədə qərarlaşıb.