“TyC Sports”un jurnalisti Qaston Edul PSJ-nin argentinalı hücumçusu Lionel Messinin Avropanı tərk etmək istəməməsinin səbəblərini açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, bu barədə “Twitter”də yazıb.
"Messi avqustda "Qızıl top"a açıq namizəd olmaq üçün karyerasını Avropada davam etdirmək, həmçinin 2024-cü ildə Amerika Kubokuna yaxşı vəziyyətdə gəlmək istəyir" deyən Edul, futbolçunun Çempionlar Liqasında da növbəti qələbəsini qazanmaq istədiyini bildirib.
Eyni zamanda, daha əvvəl məlum olub ki, idmançının atası və agenti Xorxe Messi Paris komandasının rəhbərliyi ilə görüşüb, lakin tərəflər əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılığa gəlməyiblər. Aydınlaşdırılıb ki, futbolçu getdikcə PSJ-dən ayrılıb ailəsi ilə birlikdə evi olan ABŞ-a köçmək barədə düşünür.
Messi 2021-ci ilin avqustunda PSJ ilə müqavilə imzalayıb. Bundan əvvəl o, karyerası boyunca "Barselona"da oynayıb, onunla on dəfə İspaniya çempionu və dörd dəfə Çempionlar Liqasının qalibi olub. Messi həm də 7 dəfə “Qızıl top”un qalibidir.