“Azərbaycan Cüdo Federasiyasının yeni rəhbəri Rəşad Nəbiyevin cüdo ilə bağlı böyük planları var. Həmin planların icrasına artıq başlamışıq. Bunun bəhrəsini 2024-cü ildə Paris Yay Olimpiya Oyunlarında görəcəyik. Həmin yarışda böyük uğurlar qazanacağımıza inamımız böyükdür”.
Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli deyib.
33 yaşlı olimpiya çempionu 2021-ci ili Azərbaycan cüdosu üçün qənaətbəxş adlandırıb. O, federasiyaya yeni prezident təyin olunan Rəşad Nəbiyevin ideyaları sayəsində bu idman növünün inkişaf edəcəyinə əminliyini vurğulayıb: “Düzdür, 2021-ci ildə keçirilən Tokio Yay Olimpiya Oyunlarında kişilərdən ibarət millimiz medalsız qaldı. Əslində, Olimpiadada 7 çəki dərəcəsində iştirak özü də bir uğurdur. Amma medal qazanmamağımız hamımızı məyus etdi. Avropa və dünya çempionatında nailiyyətlərimiz oldu. Əminəm ki, 2022-ci il builkindən yaxşı olacaq. İstər Avropa, istər dünya çempionatında, istərsə də yeniyetmələrin və gənclərin yarışında medallar gözləyirik. Rəşad Nəbiyevin verdiyi göstərişlərə və gələcək planlarına baxdıqda uğur qazanacağımıza əminlik yaranır. Xüsusən də, yeniyetmə və gənc idmançılarımız sürətlə inkişaf edəcəklər. Hər il əvvəlkindən yaxşı olacaq”.
Qeyd edək ki, Elnur Məmmədli Pekin-2008 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısıdır.