Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Legiya” avrokuboklarla vidalaşıb.
Apasport.az saytının məlumatına görə, Varşava təmsilçisi Avropa Liqasının C qrupunda sonuncu yeri tutub.
Polşalılar axırıncı turda doğma arenasında Moskva “Spartak”ı ilə qarşılaşıb. Qrup mərhələsinə qələbələrlə başlamasına baxmayaraq, ardından məğlubiyyətləri sıralayan “Legiya” “Spartak”a da 0:1 hesabı ilə uduzub. Bu yenilgidən sonra Marek Qolebyevskinin yetirmələri 6 xalla sonuncu olub. Aktivindəki xalların sayını 10-a çatdıran rusiyalılar isə birinci yerlə növbəti mərhələyə adlayıb.
Matça start heyətində başlayan Mahir Emreli isə 72-ci dəqiqədə Tomaş Pekartla əvəzlənib. Son saniyələrdə məhz Pekart bərabərlik topuna yaxın olsa da, penaltini qola çevirə bilməyib.
Qeyd edək ki, qrupun digər oyununda “Napoli” öz meydanında “Lester”ə 3:2 hesabı ilə qalib gəlib. İtaliya klubu “Spartak”la birlikdə mübarizəni davam etdiribsə, “Lester” 3-cü yeri tutaraq Konfrans Liqasının pley-offunda iştirak hüququna yiyələnib.