İspaniya 1-ci Futbol Liqasının (La Liqa) komandalarından biri olan “Valensiya”da çıxış edən hollandiyalı futbolçu Yustin Kluvertin evi qarət edilib.
Lent.az bildirir ki, İspaniya mətbuatında yer alan xəbərlərdə La Liqanın 36-cı həftəsində səfərdə "Malyorka" ilə qarşılaşacaq "Valensiya"nın dünən axşam “Palma de Malyorka”da düşərgəsində olarkən Kluvertin evinin qarət edildiyi bildirilib.
Yerli vaxtla saat 23 radələrində hollandiyalı futbolçunun evinə daxil olan 3 maskalı şəxsin evdə olan Kluvertin həyat yoldaşı və anasına da hücum etdiyi bildirilib.
Oğruların bəzi qızıl-zinət əşyalarını və ümumi dəyəri 200 min avro olan pulları götürdükləri qeydə alınıb.
Hadisədən sonra şoka düşən iki qadının əvvəlcə futbolçuya zəng etdiyi və Kluvertin polisə məlumat verdiyi bildirilir.