Erlinq Haaland Futbol Jurnalistləri Assosiasiyası tərəfindən ilin futbolçusu seçilib. Eyni zamanda, 22 yaşlı norveçli artıq bu mövsüm üçün ənənəvi olaraq rekorda imza atıb.
Lent.az bildirir ki, “Sky Sports”un məlumatına görə, “Mançester Siti”nin hücumçusu 82 faiz səs toplayıb, “Arsenal”da oynayan Bukayo Saka və Martin Odeqardı xeyli qabaqlayıb. Qeyd edək ki, bu, İngiltərə Premyer Liqası erasının əvvəlindən bəri ən böyük faizdir.
"Çelsi"nin hücumçusu Sem Kerr İngiltərədə ilin ən yaxşı qadın futbolçusu seçilib.
Oyunçular mükafatlarını mayın 25-də Londonda 75-ci xüsusi şam yeməyində alacaqlar.
Haaland bu mövsüm bütün yarışlarda 47 oyunda iştirak edib, 51 qol vurub, 8 məhsuldar ötürmə edib.
Xatırladaq ki, bu yaxınlarda “Vest Hem”lə oyunda norveçli Premyer Liqada bir mövsümdə qol sayına görə mütləq rekordçu olub.