Aşağı yaş qrupları üzrə Azərbaycan çempionatı matçlarında biabırçılıqlar davam edir.
Apasport.az saytının məlumatına görə, AFFA İntizam Komitəsinin qərarları bir çox rüsvayçılığı ortaya çıxarıb.
Futzal üzrə İkinci Liqanın “Atletiko Baku” – “Baku Fire-3” oyununda birincilərin baş məşqçisi Zaur Səmədov texniki zonadan qovulduqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyunluq cəzaya məruz qalıb.
U-16 Liqasının “Zirə” – “Neftçi” İK İB görüşü bitdikdən sonra isə “Neftçi”nin çalışdırıcısı Şahin Şahhüseynli məşqçiliyə yaraşmayan davranışla diqqət mərkəzinə düşüb. O, referilərin ünvanına təhqir yağdırdığı üçün onun barəsində də eyni cəza tətbiq olunub.
Həmkarlarından geri qalmayan U-11 Liqasında çıxış edən UGİM-in (Xaçmaz) məşqçisi Tural Cəlilov “Metak”la qarşılaşmada hakimi söydüyündən, 3 oyunluq cəzalandırılıb.
Qalmaqallı hadisə Region Liqasından yenə yan ötməyib. “Göyəzən” – “Qoşqar” UGİM-2 (Gəncə) oyununda ev sahiblərinin futbolçusu Anar İmamquliyev hakimi təhqir etməsi səbəbindən komandasının qarşıdakı 4 matçını buraxacaq.
Futzal üzrə Yüksək Liqanın “Alyans” FK – “Neftçi” İK oyununda “Neftçi”nin oyunçusu Adil İsmayılov, Birinci Liqanın “Dəstə Ordubad” – “Alyans Qrup” görüşündə isə “Dəstə Ordubad”ın üzvü Nəriman Dadaşov komanda yoldaşını təhqir edib. Bu, hər iki futzalçının 3 oyunluq diskvalifikasiyasına səbəb olub.