Sadio Mane karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Lent.az bildirir ki, “Bild”in xəbərinə görə, "Bavariya"nın vingeri "Əl-Nəsr" və "Əl-İttifaq"ın maraq dairəsinə düşüb. Birinci komandada Kristiano Ronaldo çıxış edir, dünən ikinci komandaya Stiven Cerrard baş məşqçi təyin edilib.
İngilis çalışdırıcı ilə seneqallı futbolçunun bir-birini yaxşı tanıdığı qeyd edilir. Cerrard Maneni yeni klubunda görmək istəyir.
Məsələnin maliyyə tərəfi səudiyyəlilər üçün maneə deyil: həm “Əl-Nəsr”, həm də “Əl-İttifaq” “Bavariya”ya transfer üçün pul ödəməyə və futbolçunun maaşını xeyli artırmağa hazırdır. "Bavariya"da Sadio ildə təxminən 20 milyon avro qazanır. Mümkün transfer əsasən Manenin özünün Səudiyyə Ərəbistanına köçmək istəyib-istəməməsindən asılı olacaq.
Mane ötən yay "Liverpul"dan "Bavariya"ya keçib. Bundesliqada o, 25 oyun keçirib, 7 qol vurub, 5 məhsuldar ötürmə edib.