Çempionlar Liqasında "Mançester Siti"nin "Sevilya"nı 3:1 hesabı ilə məğlub etdiyi oyunda daha bir rekord qeydə alınıb.
Lent.az xəbər verir ki, “Mançester Siti”nin futbolçusu Riko Levis “Sevilya”ya vurduğu qolla Kərim Benzemanın rekordunu qırıb və Çempionlar Liqasında tarixə düşüb.
"Mançester Siti"nin "Sevilya"ya ilk qolunu vuran Riko Levis Çempionlar Liqasının oyununa ilk 11-likdə başlayaraq qol vuran ən gənc futbolçu olub.
Gənc ingilis futbolçu bu titul 2005-ci ildə "Lion" forması ilə "Rosenborq"un qapısına qol vuran Kərim Benzemadan 6 günlük fərqlə alıb.
Benzema 17 yaş 352 gündə, Riko Levis isə 17 yaş 346 gündə qol vuraraq bu rekordun yeni sahibi olmağı bacarıb.
“Mançester Siti”də yetişən Riko Levis sağ ayağından istifadə edir və həm müdafiəçi mövqelərində, həm də ön liberoda oynaya bilir.