Braziliyada futbol komandasını daşıyan avtobus körpüdən aşıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, qəza nəticəsində 4 nəfər ölüb.
Faciə Minas-Jerais ştatının Alen Paraiba şəhəri yaxınlığında, ölkənin şimal-şərqi ilə cənubunu birləşdirən ən uzun federal magistralda baş verib. Avtomobil 10 metr hündürlükdə olan körpüdən uçaraq damın üstünə düşüb.
Avtobusda Rio-de-Janeyrodan olan “Esporte Clube Vila Maria Helena” gənclər komandasının 28 futbolçusu, həmçinin dörd məşqçi və bir sürücü olub. Oyunçular bir gün əvvəl 18 yaşadək kateqoriyada qalib gəldikləri və 16 yaşadək idmançılar arasında finalçı olduqları həvəskar turnirdən qayıdırmışlar.
Ölənlər arasında bir gənc və 14-17 yaşlı üç yeniyetmə var. Daha 28 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi də bildirilir.