Azarkeşlərə hücum edən futbolçu “Neftçi”dən qovulur?
12 avqust 2024 13:06 (UTC +04:00)

Azarkeşlərə hücum edən futbolçu “Neftçi”dən qovulur?

Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının II turunda keçirilən "Səbail" -"Neftçi" matçından sonra "ağ-qaraların" futbolçusu Ervin Koffi azarkeşlərlə mübahisə edib.

Əsəblərini cilovlaya bilməyən müdafiəçi tribunadakı azarkeşlərə su butulkası fırladıb.

Apasport.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı Ervin Koffi və "Forza Neftçi" azarkeş qrupunun tribuna liderlərinin iştirakı ilə görüş keçiriləcək.

Araşdırmamıza görə, tribunadan yad cisim atan şəxs "Forza Neftçi" ilə əlaqəsi olmayan sıravi azarkeş olub. Bu da hadisənin təxribat xarakteri daşıya biləcəyini də mümkün edir.

Hər iki tərəf – azarkeşlər və Koffi məsələnin bu həddə çatmasından məmnun deyil. Amma klub daxilində olan səssizlik, baş məşqçi Roman Qriqorçukun da mətbuat konfransında hadisəyə soyuqqanlı yanaşması hadisənin böyüdülməyəcəyini göstərir.

Gedişatdan da göründüyü kimi, Ervin Koffiyə ciddi cəza verilməsi gözlənilmir. Çox güman ki, müdafiəçi üzrxahlıq edəcək və klub da, azarkeşlər də bu mövzunu bağlayacaq.

Məsələ ilə bağlı klubun media üzrə koordinatoru Rüstəm Əfsərli ilə də əlaqə saxladıq. Əfsərlinin sözlərinə görə, mövzu ilə bağlı klub daxilində araşdırmalar davam edir və bu barədə ictimaiyyətə yaxın günlərdə açıqlama veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474
avatar

Oxşar yazılar