Mərcdə qalib gələn “ac oğlan”: “Ölümündən 5 gün qabaq dedi ki…” - SİRLİ ULDUZLAR   
13 mart 2020 19:12 (UTC +04:00)

Mərcdə qalib gələn “ac oğlan”: “Ölümündən 5 gün qabaq dedi ki…” - SİRLİ ULDUZLAR  

O, həyatın hər üzünü görüb. Keşməkeşli, ağır, kədərli günlər yaşayıb. Yoxsulluğun, aclığın nə olduğunu uşaqlıqdan anlayıb. Cəmi 6 yaşı olanda ailəsinin güzəranını dəyişəcəyinə dair söz verib. Və sözünün üstündə durub da…

Qarşısına qoyduğu məqsədə doğru addım-addım irəliləyib, önünə çıxan maneələri bir-bir dəf edib. Hazırda dünya futbolunda güclü hücumçulardan sayılır. “Anderlext”də başlayan peşəkar karyeranın davamında uğursuz “Çelsi”, uğurlu “Everton” dönəmi keçib. Sonra “Mançester Yunayted”ə, ardınca isə İtaliyanın köklü klublarından sayılan “İnter”ə transfer edilib. Söhbət Belçika millisinin futbolçusu Romelu Lukakudan gedir.

Həyatının maraqlı, kövrəldici məqamlarını özü nəql edir…

“Anam çaynikdə su qızdırırdı, çimirdim”

"Atam Konqodan Belçikaya futbolçu olmaq üçün köçüb. Belçikanın bir neçə komandasında oynasa da, heç nə qazana bilməyib, ona qəpik-quruş ödəyiblər. Anam isə xadimə işləyirdi. Mən və qardaşım Cordan atamın yolunu davam etdirmişik. Heç vaxt maddi vəziyyətimiz yaxşı olmayıb. Atam futbolçu karyerasını bitirəndən sonra isə güzəranımız daha da ağırlaşdı. Əvvəlcə kabel televiziyasız qaldıq, borc üzündən yayımı kəsdilər. Bir gün axşam evə gələndə işığımızın yanmadığını gördüm. Həftələrlə elektrik enerjisi olmadan yaşadıq. Yuyunmaq istəyirdim, ancaq isti suyumuz gəlmirdi. Anam çaynikdə su qızdırırdı, çimirdim. Kasıblığın üzündən ancaq süd-çörək yeyirdik”.

“Dilənçi vəziyyətinə qalmışdıq”

“O günü heç vaxt unutmaram. 6 yaşım var idi. Məktəbdən evə qayıdanda gördüm ki, anam soyuducunun yanında dayanıb, südün içinə nəsə tökür. Nə etdiyini əvvəlcə başa düşmədim. Heç nə olmamış kimi, gülərək nahar yeməyimi qabağıma qoydu. Sonra vəziyyəti anladım. Südün içinə su tökmüşdü. Həftəlik süd almaq üçün pulumuz çatmırdı. Anam qənaət etmək üçün ona su qatmışdı. Artıq yoxsul deyil, dilənçi vəziyyətinə qalmışdıq. Dərk edirdim ki, bu, sondur. Anama heç nə demədim, onu məyus etmək istəmədim. Ancaq Tanrıya and olsun ki, məhz həmin gün söz verdim. Söz verdim ki, tezliklə “Anderlext”də oynayacağam, ailəmin yaxşı yaşaması üçün əlimdən gələni edəcəyəm. Sanki kimsə məni yuxudan oyatdı. Anamın belə bir həyat yaşamasına əsla imkan verə bilməzdim”.

“Qaranlıqda oturub dua edirdik”

“Çarəsizlikdən anam küçəmizdəki çörəkxanadan borca çörək istəyirdi. Orada işləyənlər bizi tanıdıqları üçün “olmaz” demirdilər. Həftənin 1-ci günü götürdüyümüz çörəyin pulunu cümə günü ancaq verə bilirdik. Anam və qardaşımla birlikdə qaranlıqda oturub necə dua etdiyimizi xatırlayıram. İnanırdıq və bilirdik ki, həyatımız dəyişəcək. Atamdan peşəkar səviyyədə futbol oynamağa nə vaxt başladığını soruşdum, “16 yaşımda” dedi. Həmin an qərarımı verdim: “16 yaşına qədər hədəfimə çatmalıyam”.

“Evimiz siçanlarla dolu idi”

“Belçika tarixinin ən yaxşı oyunçusuna çevrilmək istəyirdim. Hədəfim yaxşı yox, dahi futbolçu olmaq idi. Həyatımızı dəyişmək istəyirdim. Evimiz siçanlarla dolu idi, günorta vaxtı da evin ortasında qaçırdılar, kabel televiziyamız kəsildiyinə görə Çempionlar Liqasına baxa bilmirdim. Aclıq çəkirdik. Bu kimi səbəblərə görə futbolu qəzəblə oynayırdım. Üstəlik, ailəmin tək ümidi mənə idi”.

“Dedim, meydanda oğlunuzu öldürəcəyəm...”

“Fiziki cəhətdən inkişaf etməyə, böyüməyə başlayandan sonra bəzi məşqçilər və valideynlər məni bezdirməyə başlamışdılar. Tez-tez suallar verirdilər: “Sənin neçə yaşın var, hansı ildə doğulmusan?” 11 yaşımda “Lyers”in aşağı yaş qrupu üzrə komandasında oynayırdım. Yadımdadır, valideynlərdən biri meydana çıxmağıma mane olmaq istəyirdi. Dəli olmuşdu. Yaşımı soruşur, sənədimə baxmaq istəyirdi. Axırda bezib sənədimi şübhəsi olan hər kəsə göstərdim. Pasportu bir-birlərinə ötürürdülər. Həmin an bərk qəzəblənmişdim, öz-özümə deyirdim: “Dayanın, meydanda oğlunuzu öldürəcəyəm”. Həqiqətən də, onların uşaqlarını bir neçə hissəyə parçalamağa hazır idim”.

“Atamla bir ayaqqabı ilə keçinirdik”

“Hər oyun mənim üçün final idi. Fərqi yoxdur, uşaq bağçasında və ya parkda oynayanda belə, həmin matça final gözü ilə baxırdım. Tam ciddiyəm! Topa var gücümlə zərbə vururdum, sanki onu partlatmaq istəyirdim. Mən sadəcə futbol oynamırdım, qarşımdakını öldürməyə hazır idim. Yavaş-yavaş hədəfimə doğru addımlayırdım. 12 yaşımda çıxış etdiyim çempionatda 34 oyuna 76 qol vurdum. Həmin qolları atamın idman ayaqqabısında vurmuşdum. Ayaqlarımın ölçüsü onunku ilə eyni olandan sonra ikimiz bir ayaqqabı ilə keçinirdik”.

“Kaş daha 4 il yaşayaydı...”

“Bir gün babama - anamın atasına zəng etdim. O, həyatımdakı ən vacib insanlardan biri idi. Çünki babam vasitəsilə valideynlərimin vətəni olan Konqo ilə əlaqə saxlayırdım. Ona 76 qol vurduğumu, liqanın qalibi olduğumuzu və böyük klubların artıq məni izlədiyini dedim. Babam futboldakı uğurlarıma həmişə sevinərək qulaq asırdı. Ancaq bu dəfə nəsə başqa cür idi. Sadəcə “əla” deyərək mövzunu dəyişdi: “Rom, mənim üçün bir şey edərsənmi?” “Əlbəttə, nə etməyimi istəyirsən?” deyə soruşdum. “Qızlarımdan muğayat olmağını, onların qeydinə qalmağını istəyirəm səndən, mənə söz ver” cavabını eşitdim. Babamın nə demək istədiyini tam olaraq anlamasam da, söz verdim. 5 gündən sonra babam öldü. Mənə nə demək istədiyini onda başa düşdüm. Çox istərdim ki, babam heç olmasa daha 4 il yaşayaydı, mənim “Anderlext”də oynadığımı görəydi. Sağ olsaydı, ona deyərdim: “Görürsən, sənə verdiyim sözə əməl etdim. Qızlarının vəziyyəti yaxşıdır. Artıq bizim evdə siçanlar qaçışmır. Daha döşəmənin üstündə yatmırıq. Hər şey qaydasındadır. Nəvənin adını bütün dünyada tanıyırlar”.

“Ac oğlanla mərc etmək olmaz”

14 yaşımda “Anderlext”in 19 yaşlılardan ibarət komandasında idim. Məşqçi məni oynatmırdı. Bir gün öz-özümə dedim: “Sən necə 16 yaşında peşəkar müqavilə bağlamağa hazırlaşırsan ki, 19 yaşlıların komandasında ehtiyatda qalırsan”. Qərara gəldim ki, məşqçi ilə danışacağam. Yaxınlaşıb dedim: “Zəmanət verirəm ki, məni əsas heyətdə oynatsanız, dekabra qədər 25 qol vuracağam”. Mənə güldü. İnandıra bilmədiyimi görüb, mərc gəlməyi təklif etdim. Məşqçi dedi: “Yaxşı, ancaq sözünə əməl etməsən, ehtiyatda qalacaqsan”. Mən də öz şərtimi dedim: “Sözümü tutsam, siz bizə oladi (“pancake”) bişirəcəksiniz. Razılaşdıq. 25 qolu artıq noyabradək vurdum. Yeni il bayramına qədər hər gün oladi yedik (gülür). Qoy bu, hamıya dərs olsun. Ac oğlanla mərc etmək olmaz”.

“Həyatımın ən dəhşətli günü idi...”

“Anama deyirdim ki, 16 yaşıma qədər hədəfimə çatacağam. 11 gün gecikdim. 2009-cu il, mayın 24-ü. “Anderlext”in “Standard”la keçirdiyi həlledici görüş. Bu, həyatımın ən dəhşətli günü idi. Belçika çempionatında güclü rəqabət var idi - “Anderlext” və “Standard” eyni xal toplamışdı. Çempionu müəyyənləşdirmək üçün 2 “play-off” oyunu keçirilməliydi. Cavab matçından öncə əvəzedici komandanın məşqçisi mənə zəng etdi, aramızda bu dialoq keçdi:

- Rom, salam. Nə işlə məşğulsan?

- Parka futbol oynamağa gedəcəm.

- Nə park? Hazırlaş. Dərhal stadiona gəlməlisən. Səni əsas komandaya çağırırlar.

- Nə? Məni?

- Hə, səni!”

“Cəsur idim, “10 nömrə”ni istədim”

“Stadiona gəldim və paltardəyişmə otağına daxil oldum. Məndən hansı nömrəli forma geyinmək istədiyimi soruşdular. “10 nömrə”ni istədim. Gənc və cəsur idim. Cavabında “akademiyanın uşaqları 30-dan yuxarı nömrə seçməlidir” cümləsini eşitdim. “Yaxşı, onda 36 nömrəli forma geyinəcəm” dedim. 3 və 6 rəqəmlərinin cəmi 9 edir. Bu səbəbdən həmin nömrəni seçmişdim. Səhəri gün dostum evimizə gəlib, anamdan mənim harada olduğumu soruşub. O isə cavabında “finalda” deyib”.

“Bir anda telefon “partlamağa” başladı”

“Komandanın bütün futbolçularının əla kostyumu var idi, məndən başqa. Avtobusdan köhnə kostyumda düşdüm, kameralar həmin an məni çəkirdi. Paltardəyişmə otağına daxil olan kimi telefon “partlamağa” başladı. Tanışlarım məni televizorda görmüşdülər. 3 dəqiqə ərzində 25 mesaj aldım. Heç kim inana bilmirdi. Ancaq 1 nəfərə - ən yaxın dostuma cavab yazdım. Ona dedim: “Qardaşım, meydana çıxıb-çıxmayacağımı bilmirəm. Ancaq yenə də matça bax”.

“Uduzsaq da çox xoşbəxt idim”

“64-cü dəqiqədə baş məşqçi mənə şans verdi. “Anderlext”in heyətində 16 yaş 11 günlüyümdə debüt etdim. Uduzduq, buna baxmayaraq çox xoşbəxt idim. Anama və babama verdiyim sözü tutmuşdum. Həmin an başa düşdüm ki, artıq bizim üçün hər şey yaxşı olacaq”.

“Konqolu yox, belçikalıyam”

“17-18 yaşım olanda mətbuat artıq məndən yazırdı. Yaxşı oyunlar keçirəndə qəzetlərdə bu cümləni görürdüm: “Lukaku belçikalı hücumçudur”. İşlər yolunda getməyəndə isə “Lukaku Afrika mənşəli belçikalı hücumçudur” yazırdılar. Oyunum kiminsə xoşuna gəlmirsə, bu, onun haqqıdır. Ancaq mən Belçikada doğulmuşam, Antverpendə böyümüşəm. Bir sözlə, konqolu yox, belçikalıyam. Deşik, cırıq “krossovka”da oynadığım vaxtdan “Anderlext”in formasını geyinməyi arzulayırdım”.

“Özümü elə aparırdım ki, guya oyuna baxa bilmişəm”

“Bəzi həmvətənlərim mən uğursuzluq yaşayanda sevinirlər. Bunun niyə belə olduğunu anlamıram. “Çelsi”yə keçmişdim, oynamırdım, mənə gülürdülər. “Vest Bromviç”ə icarəyə göndəriləndə də eyni hal baş vermişdi. Mənim üçün ən gülməli şey nə idi, bilirsiniz? Çempionlar Liqasının 10 ilini buraxmışdım, izləyə bilməmişdim. Məktəbdə Çempionlar Liqasının finalı haqda danışıqları eşidirdim, nəyin baş verdiyini isə anlamırdım. Yadımdadır, 2002-ci ildə “Real” “Bayer”i məğlub etdiyi görüşdən sonra məktəbdə hamı danışırdı: “Necə gözəl zərbə idi”. Özümü elə aparırdım ki, guya mən də oyunu izləyə bilmişəm. 2 həftə sonra məktəbdə kompüter dərsində oturmuşduq. Dostlarımdan biri internetdən video yüklədi. Bax onda Zidanın sol ayağı ilə vurduğu möhtəşəm qolu görə bildim. Ronaldonun DÇ-2002-nin finalındakı fenomenal çıxışını isə dostumgildə izləmişdim. Qalan detalları ancaq uşaqlardan eşidirdim. Ondan 12 il sonra özüm dünya çempionatında iştirak etdim”.

“Deyirdi arvad kimi oynayırsan...”

“Menecerim Mino Rayola çox xətrimə dəyib. Ünvanıma heç kimin deyə bilmədiyi kobud sözləri söyləyib. Yaxşı günlər keçirməyəndə, oyunum alınmayanda “arvad kimi oynayırsan, ömründə heç vaxt topa toxunmayan qız kimi davranırsan” deyərək məni təhqir edirdi. Bunu qəbul edə bilmirdim, axı qürurum var”.

“Hər səhəri dua edərək açıram”

“Hər gün saat 8-də yuxudan dururam və səhəri dua edərək açıram. Sonra anama zəng edirəm, halını soruşuram. Ardınca atamla danışıram. Daha sonra isə məşqə gedirəm. Məşqim bitəndən sonra evə qayıdıram və yenə valideynlərimin vəziyyəti ilə maraqlanıram. Karyeramın sonuna qədər əziyyət çəkməyə, əlimdən gələni etməyə hazıram. İstəyirəm ki, məni yaxşı futbolçu və insan kimi tanısınlar, gecə klublarına gedib şampan içən biri kimi yox”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9741
avatar

Rizvan Babayev

Oxşar yazılar