Braziliya millisinin futbolçusu Filipp Koutinyo vaxtilə “Neftçi”nin maraq dairəsində olub.
Bunu apasport.az saytına Bakı klubunda seleksiyaçı-məşqçi vəzifəsində çalışmış Bəxtiyar Musayev deyib.
O, 2010-cu ildə “ağ-qaralar”ın həmin dönəmdəki vitse-prezidenti Tahir Süleymanovla Braziliyaya səfəri zamanı Koutinyonun oyununu bəyəndiklərini söyləyib. Musayev hətta bununla bağlı yerli menecerlərlə söhbət apardığını da etiraf edib: “Braziliyaya gedəndə ilk olaraq "Vasko da Qama"nın oyununu izlədim. Yanımda menecerlər var idi və dedilər ki, bax, hansı futbolçunu istəsən, məsləhət olarsa, danışıq apararıq. Oyun təzə başlamışdı, təxminən 15 dəqiqə keçmişdi. Yanımdakı menecerə meydanda olan bir futbolçunu soruşdum. Dedim ki, bu oyunçunu aparmaq istəyərdik. Gördüm, bir-birlərinə baxıb gülüşdülər. Soruşdum ki, niyə gülürsüz? Dedi ki, bu oyunçunu iki il əvvəl 15 yaşı olanda "İnter" 5 milyon avroya transfer edib. Həmin futbolçu da Koutinyo idi. Koutinyonun 17 yaşı var idi, çox iti düşünürdü, meydanı görmə qabiliyyəti yüksək idi”.