Şahin Diniyev
12 fevral 2021 20:15 (UTC +04:00)

Şahin Diniyev

 “4 gün komada qaldım, xanımımın ölüm xəbərini qəzetdən oxudum...” -  Dəhşətli qəzanın motivləri ilk dəfə Lent-az-da

Lent.az-ın “Taym-aut” rubrikasının növbəti qonağı Azərbaycan futbolunun tanınmış simalarından olan Şahin Diniyevdir. Milli komandanın, həmçinin “Qarabağ”, “Kəpəz” və “Terek” klublarının sabiq baş məşqçisinin film kimi həyat hekayəsi var. Diniyev ömrünün bəzi fraqmentlərini ilk dəfə dilə gətirəcək...

10 uşaqlı ailədə böyüyüb

“Məndən qabaq nəslimizdən, ümumiyyətlə, rayonumuzdan futbolçu çıxmamışdı. Kökümüz Yardımlıdan olsa da, Beyləqanda anadan olmuşam, orada böyümüşəm. Beyləqan rayonu yeni salınanda savadlı, hesabı bilən adama ehtiyac olub. Atam mühasib idi. Valideynlərimi 1947-1948-ci illərdə Qəhrəmanlı qəsəbəsinə göndəriblər, elə o vaxtdan Beyləqanda məskən salıblar. Ailədə 10 uşaq olmuşuq: 6 bacı, 4 qardaş. Bir bacım rəhmətə gedib. Mən evin 8-ci övladıyam. Elə ən sevdiyim rəqəm də “8” olub, futbolçu vaxtı nömrə götürəndə həmişə bu rəqəmi seçmişəm”.

“Toyuğun budunu yeməyin üstündə dalaşırdıq”

“Təbii ki, 10 uşaqlı ailəni dolandırmaq çox çətindir. Üstəlik, anam işləmirdi, evdar qadın idi. Təkcə atamın qazancına baxırdıq. Hamımız ali təhsil almışıq. Bilirsiniz, bu, həmin dövr üçün nə demək idi? Qardaş-bacılarımdan fərqli, mən İdman Akademiyasını bitirmişəm. Uşaqlıq illərimiz çox maraqlı keçib. Qonaq gələndə mütləq toyuq kəsilərdi. Toyuğun budunu yeməyin üstündə qardaş-bacılarımla aramızda dava düşürdü. Gözləyərdik ki, görək, qonaq nə qədər yeyəcək, bizə nəsə qalacaqmı? Qonaq çox yeyəndə söyürdük ki, hamısını yedi, getdi (gülür). Atam aya 60-70 rubl qazanırdı. Qazancı o qədər bərəkətli idi ki, hər şeyimizə çatırdı. Təsərrüfatımız - inəklərimiz, qoyunlarımız var idi, əkinlə məşğul olurduq. Atam zəhmli kişi idi, bir baxışı bəs edərdi. Süfrə arxasında kiminsə danışmağını xoşlamırdı. Bəzən yemək yeyəndə kimisə gülmək tuturdu. Bu o demək idi ki, bir neçə nəfər yerindən qalxmalıdır. Anam həmişə pul yığan qadın olub, uşaqların təhsil almasında əməyi böyükdür. Hazırda sağdır, 91 yaşı var. Allah bütün anaları qorusun. Rayonda yaşayır, qış aylarında Bakıya gəlir. Atam isə çoxdan rəhmətə gedib”.

“Şapalaq necə dəydisə, əlimdən yerə düşdü”

“Çox maraqlı uşaqlığımız olub. İnanmazsınız, Beyləqanda xokkey oynayırdıq. Ağaclardan hərə özünə xokkey çubuğu düzəltmişdi, qar yağanda qarın üstündə oynayırdıq, qar əriyəndən sonra isə otun üstündə. Uşaqlıq illərimizin o qədər xatirələri var ki, indinin özündə də yada salıb gülürük.

Yaşadığımız yerdə “Xan qızı” adlı kanal axırdı. Məndən iki yaş böyük qardaşım dəcəl idi, hara gedirdisə, məni də yanında aparırdı. Həmin kanala çimməyə gedirdik. Anamız dalımızca düşüb bizi axtarırdı, tapanda paltarlarımızı götürüb özü ilə aparırdı, qalırdıq çılpaq. Yalvarırdıq ki, paltarımızı ver, geyinək.

Bir dəfə həmin qardaşım guya mənə siqaret çəkməyi öyrədirdi. Hardansa “bıçok”lar gətirmişdi. Mənə siqaret çəkməyin qaydasını ilk dəfə başa salırdı. “Bıçok”u ağzıma aparmaq istəyəndə şapalaq necə dəydisə, əlimdən yerə düşdü. Baxdım ki, ən böyük qardaşım Yusifdir. Ondan sonra bir də əlimə siqaret almadım”.

“Ayağımı kəsdi, qan dayanmırdı”

“Qardaşlarımla oğurluğa - ot biçib gətirməyə gedirdik. İkinci qardaşım ürəkli idi, gecə saat 2-3-də arabanı qoşurdu ki, ota gedək. Dövlətin yonca əkinindən oğurluq edərək, ot biçib gətirirdik. Kənddə polislər məndən soruşanda həmin vaxt yatdığımı, heç nə bilmədiyimi deyirdim.

Daha bir maraqlı hadisə yadıma düşdü. Bir dəfə ikinci qardaşım ot biçəndə dəryazla ayağımı möhkəm kəsdi. Parça ilə bağlasa da, qan dayanmırdı. O vəziyyətdə evə gəldim. Tapşırmışdı ki, heç kəsə deməyim. Evdəkilər baxdılar ki, rəngim ağappaqdır. Soruşdular, heç nə demədim. Axırda gördülər ki, ayağımdan qan axır, beləcə üstü açıldı. Qardaşımı satmadım, yalandan dedim ki, özüm yıxılmışam”.

“Göydən od yağırdı, məni mindirdi “Moskviç”ə...”

“Deyirlər təsadüfdən zərurət doğur, həqiqətən də, belədir. Futbola təsadüf nəticəsində gəlmişəm. Allahın göndərdiyi ruzi və ölümün qarşısını heç kim ala bilməz. Böyük qardaşım Yusif Beyləqandan Bakıya qatarla gələrkən bir rusla eyni kupeyə düşüb. Həmin rus idman təmayüllü internat məktəbində məşqçi işləyən Qalaksionov Vladimir İvanoviç olub. Yolda söhbət ediblər. Yusif deyib ki, mənim balaca qardaşım da yaxşı futbol oynayır. Səhərdən axşama kimi kənddə top dalınca düşürdük. Qalaksionov da qayıdıb ki, götür, gəl, baxım. Qardaşım Beyləqana qayıdanda dedi ki, Şahin, hazırlaş, gedirik. Nə deyə bilərdim, böyük qardaşımdır. Göydən od yağırdı, dəhşət isti idi. Məni mindirdi “Moskviç”ə, gətirdi Bakıxanova. Uşaqları göstərib dedi ki, get, onlarla futbol oyna. Kənarları “setka” olan, torpaqlı stadion idi. Uşaqlarla futbol oynadım, rus da baxdı. Oyun bitəndən sonra tozun içindəydim, əlimi-üzümü yuyub maşına əyləşdim. Qardaşım elə zənn edirdi ki, məşqçi məni bəyənməyəcək. Qalaksionov demişdi ki, sənədlərini götürsün, gəlsin burda oxumağa. Bir məşqlə məndəki istedadı hiss etmişdi. Bax beləcə 14 yaşında futbol həyatım başladı, o məşqçinin hesabına internata düşdüm, mənə futbolu öyrətdi. Futbola gəlişimdə qardaşıma borcluyamsa, futbolçu olmağımda həmin məşqçiyə borcluyam”.

“İndiyədək onu özümə bağışlaya bilmirəm”

“Həyatımın ən ağır günü... Belə günlər az olmayıb. Biri atamın dünyadan köçməsi. 1998-ci il idi. Atam ömrünün son günlərini yaşayırdı. O qədər əziyyət çəkirdi ki... Və mən buna dözə bilmirdim, çünki kişi gözümün qabağında zarıyırdı, ona kömək edə bilmirdim. 82 yaşı var idi. Kənddə həkimdən soruşdum ki, elə bir iynə vura bilərsənmi, ağrıları hiss etməsin? İndiyə qədər də onu özümə bağışlaya bilmirəm. Həkim həmin iynəni vurandan sonra kişi sakitləşdi, zarıltısı kəsildi və həyatdan köçdü. Həmin an düz edib-etmədiyimi bilmirəm, bu sual daim beynimdə dolaşır. Düzdür, sağalmaq şansı yox idi. Sadəcə, ağrılarını hiss etməməsi üçün həkimdən xahiş etdim ki, iynə vursun. Elə oldu ki, həmin iynədən sonra canını tapşırdı”.

“Qəzadan 5-10 saniyə qabaq Coşqunu qardaşıma verdi”

“Həyat yoldaşımın dünyasını dəyişməsi mənim üçün çox ağır idi. Avtomobil qəzasında həyatını itirdiyini demişəm. Amma həmin qəza ilə bağlı bu vaxtadək heç vaxt danışmamışam, danışmaq istəməmişəm. İlk dəfə sizə ürəyimi açacağam...

1999-cu ilin noyabrı idi. Rayona toya getmişdik, geri qayıdırdıq. O vaxt aşağı yaş qrupu üzrə millidə məşqçi işləyirdim. Gəlib Bakıda “Şəfa”nın oyununa baxacaqdım. Əli-Bayramlıda (indiki Şirvan) oldu həmin hadisə. Maşını özüm idarə edirdim, yanımda qardaşım Mübariz əyləşmişdi. Məndən arxada yoldaşım oturmuşdu, qucağında da Coşqun. Yanında isə qardaşımın yoldaşı əyləşmişdi, Kərim onun qucağındaydı. İndiyədək yadımdadır... Qəzadan 5-10 saniyə qabaq yoldaşım Coşqunu qardaşıma verdi. Mübariz Coşqunu yenicə qucağına almışdı ki, hadisə oldu. Verməsəydi, bu gün Coşqun da həyatda yox idi. Getdiyimiz yerdə arxadakı maşın mənim maşınımı vurdu. Bizdən qabaqda isə “İkarus” avtobusu dayanıb adam düşürürdü. Zərbənin gücündən avtomobil dönərək mən və yoldaşım əyləşən tərəfdən “İkarus”a çırpıldı...”.

“Deyiblər ki, səhərədək daxili qanaxması dayanmasa, öləcək”

“Qəzadan sonra 4 gün komada olmuşam, 16 yerdən qabırğam qırılmışdı. Daxili qanaxmam olmuşdu. O vəziyyətdə məni Bakıya gətirmək olmazdı, Əli-Bayramlıda (indiki Şirvan) xəstəxanaya yerləşdirmişdilər. Sağ olsun o vaxtkı AFFA rəhbərliyi. Fuad Musayev vertolyotla ora 3 professor göndərmişdi. Deyiblər ki, səhərədək daxili qanaxması dayanmasa, öləcək. Özümdə deyildim, bunları sonra danışıblar mənə. Şansımdan, səhərə yaxın daxili qanaxmam dayanıb, həyatda qalmışam. Yoldaşımın ölümündən xəbərim yox idi. Komadan ayılan kimi qardaşımdan uşaqların, xanımların necə olduğunu soruşdum. Dedi hamı salamatdır, ağır vəziyyətdə olan təkcə sənsən. Qəza nəticəsində qardaşımın yoldaşı da xəsarət almışdı, amma Mübarizə və iki uşağıma, ümumiyyətlə, heç nə olmamışdı”.

“İkinci dəfə soruşanda acı həqiqəti etiraf etdi”

“Artıq qəzadan 15 gün keçmişdi, məni palataya yerləşdirmişdilər. Onda xəstəxanalara “Azərbaycan”, “Ədalət” və digər dövlət qəzetləri verirdilər. Tibb bacısı gətirib 3 qəzet verdi mənə. “Azərbaycan” qəzetini oxuyanda gördüm aşağı hissəsində nekroloq yazıblar ki, Şahin Diniyevə yoldaşının vəfatı ilə əlaqədar başsağlığı veririk. Yalan yazdığını düşündüyüm üçün jurnalisti qınadım. Qəzeti atdım zibil qutusuna, inanmadım. Axı Mübariz hamının vəziyyətinin yaxşı olduğunu demişdi. Sonra “Ədalət” qəzetini götürdüm. İndiyədək yadımdadır ki, idman və incəsənət xəbərləri həmin qəzetin sonuncu səhifəsində olurdu. Eyni nekroloqu “Ədalət”də də gördüm. Onda mənə çatdı ki, bu, təsadüf deyil, yalan deyil. Tibb bacısına dedim ki, qardaşımı çağır, gəlsin. Mübarizdən soruşanda acı həqiqəti etiraf etdi. O an hansı duruma düşdüyümü, nə baş verdiyini demək istəmirəm (gözləri dolur). Sağ olsun yaxşı dostlarım, hüzrü yola vermişdilər, komada olduğuma görə olanlardan xəbərsiz idim. Yoldaşım qəzada yerindəcə keçinibmiş”.

“Dedim, gözümə görünməsin...”

“Qəzaya səbəb olan şəxsdən şikayətçi olmadım. Müstəntiq gəlib-gedirdi, bir dəfə məni yaman əsəbiləşdirdilər. Gördüm yazıblar ki, guya qəzaya mən səbəb olmuşam. Kağıza qol çəkmədim. Dedilər narahat olmayın, onsuz da sizə iş düşmür, iki uşağınız var. Dedim nə danışırsınız? Mənə çox pis təsir etmişdi. İtki məndən, günahsız mən, amma məni günahkar çıxartmaq istəyirdilər, guya iki uşaq atası olduğuma görə əfv ediləcəkdim. Qəzaya səbəb olan adamı tutdurmadım, amma bağışlamadım, dedim gözümə görünməsin”.

“O da susdu, mən də”

“Uşaqlar çox balacaydılar - Kərim 5, Coşqun 3 yaşındaydı. Həmin dönəmdə həm həyata, həm də futbola qayıtmağımda mənə dəstək verənlər oldu. Yoldaşım dünyasını dəyişəndən sonra bildirdim ki, daha mən işləməyəcəm, futbolla qurtardım. Bilirsiniz ki, qabırğalar gec sağalır. Evdə yatırdım, özümə tam gəlməyim üçün 3-4 ay vaxt lazım idi. Həmin vaxt anam, qardaşlarım, bacılarım çox yanımda oldular, uşaqlara baxdılar. Futbola qayıtmağımda, həyata dönməyimdə ən böyük dəstəyi isə Haydar Alxanov verdi. Mən “Terek”də oynayanda baş məşqçim olub.

1999-cu ilin dekabr ayının sonları idi. Ev telefonumuza zəng gəldi. Dəstəyi götürdüm, dedi mənəm, Alxanov, Çeçenistanın gənclər və idman naziri təyin edilmişəm, tapşırıq verilib ki, “Terek” komandası bərpa olunmalı, Rusiya Premyer Liqasında oynamalıdır. Təbrik etdim. Mən “Terek”də oynayanda yoldaşımı da özümlə aparmışdım. Alxanov və yoldaşı bizi çox istəyirdi, gediş-gəlişimiz var idi. Ailəmi tanıyırdı, telefonda yoldaşımı da soruşdu. Dedim ki, o, artıq yoxdur! O da susdu, mən də. Dəstəyi qoyduq yerinə”.

“Moskvadan adam gələcək, sənə bir şey verəcək...”

“Alxanov məsələni araşdırandan sonra yenidən zəng etdi. Dedi hər şeyi öyrəndim, dur, gəl Kislovodska. Həmin vaxt güclə yeriyirdim, nə Kislovodsk? Dedi istəyirəm ki, “Terek”də sən işləyəsən. Ona bildirdim ki, işləmək fikrində deyiləm, ümumiyyətlə, futbol mənim üçün bitib, həvəsim qalmayıb. Sonra mənə bir də zəng elədi. Bunu da heç yerdə açıqlamamışam. Dedi ki, Moskvadan adam gələcək, sənə bir şey verəcək. Nə verəcəyini soruşdum. “Sənə pul göndərirəm” dedi. Qayıtdım ki, o pul buraya gəlsə, elə o dəqiqə sizinlə əlaqəmi kəsəcəm. Çaşıb qaldı ki, axı sənə dost kimi kömək etmək istəyirəm. Qəti şəkildə bildirdim ki, olmaz.

Ertəsi gün yenə zəng elədi. Dedi ki, yaxşı, pul göndərmirəm, amma gəl Kislovodska, heç olmasa səni müalicə etdirim, sanatoriyada 10 günlük yer götürmüşəm. Ailə üzvlərim və dostlarım bu dəfə ona qulaq asmağı məsləhət gördülər, mən də razılaşdım. Açığı, o vaxt pulum da yox idi. Burdan ora avtobusla gedib-gəlmək 50 dollara başa gələcəkdi. Evdə həmin məbləğdən əlavə 100 dollar pulum qalmışdı. Düzdür, qardaşlarım, bacılarım ac qalmağıma imkan verməzdilər. Amma şəxsi pulum qurtarmaq üzrə idi. Uzun sözün qısası, getdim Kislovodska, sanatoriyada mənə yaxşı qulluq etdilər”.

“O an gözlərim doldu”

“Alxanov görüşmək üçün otelə gəlmişdi. Ordan-burdan söhbət etdik. Dedi ki, mənə dost kimi kömək elə, komandanı yeni qururuq, hazırda 4 futbolçumuz qalıb, məşqçimiz də yoxdur. Həmin 4 nəfərə 1 həftə - baş məşqçi tapana kimi məşq keçməyimi xahiş etdi. Dost kimi razılaşdım. Sanatoriyanın balaca meydançasında onlara məşq keçməyə başladım. Ertəsi gün daha 2 oyunçu gəldi, belə-belə futbolçu sayı 24-ə çatdı, hətta köməkçi məşqçi də verdi mənə. Artıq Bakıya dönüş vaxtım çatmışdı, sabah qayıtmalıydım. Oteldə söhbət edirdik. Dedi: “Baş məşqçi olmaq istəmirsən, tamam! Amma get evə, 4-5 gün qal, sonra gəlib ikinci məşqçi işləyərsən. Yanımda inandığım adam olmalıdır, o da sənsən”. Çox xahiş etdi, axırda razılaşdım. Cibimdə təxminən 30 dollar qalmışdı. Bildirdi ki, sənin maaşın 500 dollar olacaq, həmin dövr üçün bu, böyük pul idi. Dedi ilk ayın maaşını indidən verirəm, evdə pul saxlayarsan. O an gözlərim doldu. Çox sevinirdim ki, artıq evdə saxlamağa pulum var”.

“Başıma gələn hadisədən sonra bu cür qiymət görmək...”

“Səhər yuyundum, yola çıxmağa hazırlaşırdım. Bir də gördüm ki, administrator qapını döyür. Dedi sizə xidməti maşın ayrılıb, avtovağzala aparmaq üçün gözləyir. Bir də zərf uzadaraq, onu Haydar Alxanovun verdiyini bildirdi. Düşündüm ki, AFFA-ya icazə verməsi üçün ünvanlanan kağızdır. Baxdım, zərfin üstündə rus dilində bu sözlər yazılıb: “Səndən çox xahiş edirəm, mənə bir balaca hörmətin varsa, buna “yox” demə”. Zərfin içində 5000 dollar var idi. Həmin məbləğə o vaxt Bakıda ikiotaqlı ev almaq olurdu. Qeyri-ixtiyari gözlərimdən yaş gəldi. Başıma gələn ağır hadisədən sonra bu cür qiymət, dəyər görmək tamam ayrı hiss idi”.

“Pulları corablarımda gizlətdim”

“Həmin ərəfədə Çeçenistanda müharibə gedirdi və Şimali Qafqazda komendant saatı tətbiq olunmuşdu. 5000 dolları bölərək corablarımda gizlətdim. 500 dolları isə pulqabıma qoydum. OMON-lar aeroportda, avtovağzalda hər şeyi yoxlayırdılar. Vaqon kimi bir yerə girdik. “Üstündə silah, partlayıcı maddə, narkotik varmı?” deyə soruşdular. “Yox” dedim. Bir daha soruşdu, yenə eyni cavabı verdim. Dedim məndə siz saydıqlarınızdan yoxdur. Yoxlayanda corablarımdan pulu tapdılar. Rusiya sərhədindən o qədər pulla keçmək olmazdı. Soruşdular ki, bu nədir? Protokol yazacaqlarını dedilər və başladılar mənə maddələri saymağa. OMON-un biri qayıtdı ki, bu qədər pulla sərhəd keçməyiniz mümkün deyil, sizi cərimə edəcəyik və 5000 dolları əlinizdən alacağıq. “Bu pulu silah satışından əldə etmisiniz, yoxsa narkotik satışından” deyə məni sorğu-sual etməyə başladılar”.

“135 rublla 5000 dollarımı geri ala bildim”

“Protokol yazacaqlarını deyərək bayırda gözləməyimi istədilər. Vaqondan çölə çıxdım, qar yağırdı. Gördüm ki, kostyumlu bir cavan oğlan mənə tərəf gəlir. Soruşdu ki, qardaş, nə olub, pulunu alıblar? Özü də “qardaş” sözünü azərbaycanca dedi. Vəziyyəti izah etdim ona. Dedi pulunu geri alsam, mənə nə qədər verəcəksən? Dedim 500. Mən 500 dollar nəzərdə tutmuşdum. Pulqabımı açdım, içində 500 və 1000 rubl da var idi. Oğlan əlini uzadıb 500 rublu götürdü. 500 rubl isə o vaxt hardasa 13 dollar edirdi. Halbuki mən ona 500 dollar verməyə razı idim (gülür). Bir də gördüm ki, polislər məni çağırırlar. Qayıtdılar ki, biz azərbaycanlıların əsl kişi olduqlarını bilirik, götür, bu, sənin pulun, say. Saydım, gördüm hamısı yerindədir. Biletin qiyməti 365 rubl idi. Məni avtobusa qədər müşayiət etdilər və sürücüyə “bundan pul almırsan” dedilər. Yəni 135 rublla 5000 dollarımı geri qaytara bildim (gülür). Qayıdanda “Terek”in baş məşqçisi oldum. Soçidə toplanış zamanı İqor Nettonu dəvət etmişdilər, kənardan məşqlərimə baxırdı. O, Alxanov və mən üçlükdə söhbət edirdik. Alxanova dedi ki, yeni məşqçi nəyinə lazımdır, 3 gündür izləyirəm, hazır məşqçiniz var. O cür böyük futbolçu belə bir insanlıq etdi. Düzdür, ağrı-acı hər zaman məndə qaldı, amma futbola, həyata qayıtmağımda Haydar Alxanovun çox böyük rolu oldu”.

“Rayon uşağının o yaşda şəhərdə baş çıxarması çox çətindir”

“Mənimlə övladlarımın, onlarla da nəvələrimin uşaqlıq illəri arasında çox böyük fərqlər var. Bu, konkret insanlarla bağlı deyil. Məhəmməd peyğəmbər deyib ki, övladlarınızı zəmanəyə görə tərbiyə edin. Reallıqlar dəyişir. İndi texnika dövrüdür, buna uyğunlaşmalıyıq. Biz şam işığında da dərs oxumuşuq. Amma indiki uşaqlar işıqlar yanmasa, dərs oxumazlar. Demək istəyirəm ki, cəmiyyət dəyişib, sivilizasiya tamam başqadır. Övladlarım və nəvələrimdən fərqli, mənim uşaqlıq illərim daha çətin keçib. Nəyəsə nail olmaq üçün çox əziyyət çəkmişəm. 7-ci sinifdə oxuyandan Bakıya gəlmişəm, burda tək qalmışam. Rayon uşağının o yaşda şəhərə gəlib, bütün situasiyalardan baş çıxarması çox çətindir. Hər şeyə özün cavabdehsən. Buna görə də mənim uşaqlıq illərimlə Kərim və Coşqunun uşaqlıq illəri arasında çox böyük fərq var. İndi onlarla övladlarının uşaqlıq illəri arasında da böyük fərq hiss olunur. Bu dəqiqə çox şeyi asanlıqla qazanmaq olar, sadəcə, istək lazımdır. Bizim vaxtımızda isə istəsək də, əməksevər olsaq da, nəyəsə çatmaq olduqca çətin idi. O vaxt seçim məhdud idi”.

“Yeni Şahin Diniyev yetişir”

“Bizdə belə bir söz var: “Nəvə övladdan şirindir”. Bu, ondan irəli gəlir ki, nəvən olanda artıq övladını böyük adam kimi qəbul edirsən. Uşaqla uşaq, böyüklə böyük kimi davranırsan. Artıq 3 nəvəm var: Kərimin 2 oğlu, Coşqunun 1 qızı. Böyük nəvəmə mənim adımı qoyublar, yeni Şahin Diniyev yetişir. Digər nəvələrimin adları isə Ayxan və Nihandır.

Balaca Şahinin də gələcəkdə futbolçu olmağını, açığı, istəməzdim. Hansı peşə sahibindən soruşsanız, övladının, əzizinin onun çəkdiyi əziyyətləri çəkməsini istəməz. Adam fikirləşir ki, onda o mübarizə əzmi, səbir və zəhmətkeşlik olacaqmı? Kərim və Coşquna uşaq vaxtlarından deyirdim ki, seçimi özünüz edəcəksiniz, mən sadəcə dəstək olacam. Uşağı nəyəsə məcbur etmək olmaz. Kim bilir, bəlkə də balaca Şahin gələcəkdə elə futbolçu olacaq ki, məni dediklərimə peşman edəcək. Uşaq futbolumuzda böyük problemlər var. Bu baxımdan indiki uşaqlar arasında böyük, səviyyəli futbolçu çıxacağına inanmıram. Amma futbolda ikinci Şahin Diniyevin olması məni çox sevindirər, o adı, o soyadı yaşadar. Lakin reallıqla da barışmaq lazımdır”.

“Nəvəm yubileyimə ən böyük hədiyyə idi”

“Düzdür, qız uşaqları daha şirin olur. Amma hər üç nəvəm mənim üçün eynidir, üçü də ürəyimdir. Kərimin ikinci oğlu çox sakit, ağıllıdır. Qız nəvəmi saxlamaq olmur, olduqca dəcəldir. İlk nəvəm Şahin isə ağıllı baxışları ilə seçilir. Uşaq vaxtı çox ağlayırdı, indi dəyişib. Balaca Şahinlə aramızda 50 yaş fərq var. Onun dünyaya gəlişi 50 illik yubileyimə ən böyük hədiyyə idi”.

“Bu sözümü təəccüblə qarşılayırlar”

“Ən böyük arzumun nə olduğunu soruşanda həmişə deyirdim ki, Qarabağın işğaldan azad olunmasını görmək istəyirəm. Vətən müharibəsinə qədər xarici ölkələrdə olanda özümü əzilmiş, natamam insan kimi hiss edirdim, başım aşağı idi. Şükürlər olsun ki, həmin arzum yerinə yetdi. Arzudan arzu doğur. Həmişə insanlara deyirəm ki, bütün arzuların yerinə yetsin, biri qalsın. Bu sözümü təəccüblə qarşılayırlar. Deyirəm arzu bitəndə həyat da bitir. Bu çətin zamanda ən böyük istəyim bütün insanların sağlamlığıdır. Pandemiya dövründə doğmalarımızı itirdik. Ölülərin urvatı olmadı, kimin nə vaxt ölməsindən xəbər tuta, yas mərasimində iştirak edə bilmədik. Bu, mənə çox pis təsir etdi. Bir də futbolla bağlı istəklərim var. Futbol həyatımda önəmli yer tutur. Əfsus ki, bu gün intensiv, qaynar futbolun içində deyiləm. Bu, bir mütəxəssis kimi məni narahat edir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8379
avatar

Rizvan Babayev

Oxşar yazılar