13 yaşında bəkarətini itirən, hind kinolarının vurğunu - SİRLİ ULDUZLAR
29 fevral 2020 14:00 (UTC +04:00)

13 yaşında bəkarətini itirən, hind kinolarının vurğunu - SİRLİ ULDUZLAR

O, futbolu estetik şəkildə təqdim edən, zövq oxşayan ulduzlardan idi. Əbəs yerə dünyanın gəlmiş, keçmiş ən yaxşı oyunçularından sayılmır. Driblinqləri, baxımlı qolları ilə insanlara sevinc bəxş edirdi. Meydanda rəqib üçün sözün əsl mənasında qorxulu kabusa çevrilirdi - ta ki pik formasından düşənə qədər. Karyerasının sonrakı illərində özünə fikir verməməsi, intizamsızlığı, gecə həyatına meyl etməsi onu zirvədən saldı. İlahi tərəfdən verilən istedaddan lazımınca faydalana bilmədi. İstənilən halda dünya futbolunda iz buraxmağı bacardı. Söhbət Braziliya yığması və “Barselona”da böyük uğurlar qazanmış Ronaldinyodan gedir...

Əsl adı nədir?

Əsl adı Ronaldo de Assis Moreyra olan “sambaçı” 1980-ci il, martın 21-də Portu-Aleqre şəhərində doğulub. Atası Juan Moreyra vaxtilə futbolla məşğul olsa da, karyerası istədiyi kimi alınmayıb və tez bitib. Ailəsini dolandıra bilmək üçün iki yerdə işləyib. Səhərdən axşamadək gəmiqayırma zavodunda qaynaqçılıq edən Juan gecə saatlarında “Qremio” futbol klubunun avtoparkında gözətçi işləyirdi. Anası Migelina de Assis isə əvvəlcə kosmetika dükanında satıcı, sonra tibb bacısı kimi fəaliyyət göstərib.

Ailədə 3-cü uşaq olub. Yuxarıda da qeyd etdiyimiz kimi, əslində valideynləri ona Ronaldo adını qoyublar. Lakin 19-20 il sonra bütün idman dünyası onu “kiçik Ronaldo” mənasını daşıyan Ronaldinyo kimi tanıyacaqdı...

Qardaşının yolunu ağır zədə kəsir

Atası Juan Moreyra yarımçıq qalan xəyalının oğulları tərəfindən gerçəkləşməsini istəyirdi. “Qremio”da çalışması onun üçün göydəndüşmə fürsət idi. Əvvəlcə böyük oğlu Robertonu futbola yazdırır. Hadisələri qabaqlayaraq qeyd edək ki, “Qremio”da futbol sirlərini öyrənən Roberto böyük perspektiv vəd edirdi. O, 1987-ci ildə gənclər arasında keçirilən dünya çempionatında iştirak etmişdi. Motivasiyasını artırmaq üçün klub rəhbərliyi ilk peşəkar müqaviləsinə qol çəkən Robertoya nüfuzlu ərazidə villa bağışlamışdı. Ancaq dizindən aldığı ağır zədə istedadlı gəncin karyerasına erkən son qoyur. Beləcə Juan Moreyranın özündən sonra böyük oğlu ilə bağlı xəyalı da puç olur.

Ümid qalmışdı kiçik oğula. Atasının istəyi və öz həvəsi ilə qardaşı Robertonun izini tutan Ronnini 7 yaşında Lanjendonk futbol məktəbinə yazdırırlar. Onu bütün dünyaya tanıtdıracaq Ronaldinyo adı ilə ilk dəfə məhz həmin məktəbdə çağırmağa başlayırlar. "Əsl adım Ronaldodur. Ancaq uşaq vaxtı məni Ronaldinyo deyə çağırırdılar. Böyüyəndən sonra yenə Ronaldo oldum. Ardınca Braziliya millisinə çağırıldım. Yığmada isə Ronaldo artıq var idi. Buna görə də yenidən Ronaldinyoya çevrildim", - həmin anları yada salır Ronni.

8 yaşında atasız qalır

Böyük futbolla yanaşı, futzal və çimərlik futbolunu da sevən Ronaldinyo 8 yaşında ağır zərbə alır. Atası infarkt keçirərək qəfil dünyasını dəyişir. “O, həyatımda ən vacib insanlardan biri idi. Həmişə məsləhət verirdi ki, dürüst adam ol. Mənə çox inanırdı. Futbolu mümkün qədər sadə oynamağımı istəyirdi. Deyirdi ki, bir gün dünya çempionu olacaqsan. Zaman səhv düşünmədiyini göstərdi. Atamın yaşamasını və qazandığım uğurları görməsini çox istərdim”, - atası ilə bağlı xatirələri bölüşür Ronaldinyo.

Bir oyunda 23 qol

Valideyn itkisi onu sarsıtsa da, futbola olan sevgisindən vaz keçmir və qarşısına məqsəd qoyur: atasının arzusunu yerinə yetirəcək! Futbola o qədər bağlı idi ki... Məşqdən qayıdanda dincəlmir, vaxtını yenə topla keçirirdi. Hətta oynamağa uşaq tapmayanda sevimli iti Bombonla top dalınca düşürdü.

Artıq 13 yaşı olanda Braziliya mətbuatı ondan yazmağa başlayır. Həmin vaxt formasını geyindiyi "Belu-Orizonti" futzal klubu rəqibini 23:0 hesabı ilə məğlub edir və görüşdə bütün qolları Ronaldinyo vurur. “Populyar olduğumu ilk dəfə onda hiss etmişdim. Bütün mətbuat məndən yazmışdı”, - deyir “kiçik Ronaldo”.

“Mənə ancaq boş vədlər verilirdi”

15 yaşında “Qremio”ya qoşulan “sambaçı” 2 il sonra - 1997-ci ildə gənclər arasında keçirilən dünya çempionatında qızıl medal qazanır. 1999-cu ildən isə Braziliyanın əsas yığmasına dəvət almağa başlayır. Elə həmin il keçirilən Amerika Kubokunun qalibi olur. Artıq Köhnə Dünyanın diqqət mərkəzinə düşmüşdü Ronni. İngiltərənin “Arsenal” klubu ilə şəxsi razılığa gəlsə də, “Qremio” rəhbərliyi keçidə icazə vermir. Ronaldinyo isə Avropaya yollanmaq vaxtının çatdığını anlayırdı: “Unikal göstəricilərə sahib olduğumu bilirdim. Bunun qarşılığında mənə çoxlu pul ödənməsini istəyirdim. "Qremio"da isə maaşım az idi. Orada mənə ancaq boş vədlər verilirdi”.

“Qremio”dan PSJ-yə

Nəhayət, 2001-ci ildə Ronaldinyonun Avropa klubuna keçidi baş tutur. Uzun danışıqlardan sonra PSJ rəhbərliyi bu transferə nail olur. Ronniyə görə “Qremio”ya 5 milyondan artıq təzminat ödəməli olurlar. Braziliya klubu tam razı qalmasa da, əngəl törədə də bilmir. PSJ həmin vaxt Fransanın ortabablarından sayılırdı. Elə Ronaldinyo da Paris təmsilçisinə tramplin gözü ilə baxırdı.

Simenə vurduğu qol və dünya çempionluğu

2002-ci il. Dünya çempionatına yollanan Braziliya yığmasının heyətində Ronni də yer alır. Əsas heyət üzvlərindən olan Ronaldinyo mundialda 2 qola imza atır. Onun 1/4 finalda vurduğu qol hələ də yaddaşlardan silinməyib. Ronaldinyo cərimə zərbəsini yerinə yetirməyə hazırlaşır. Məsafə uzaq olduğundan, ingilislərin qapıçısı Devid Simen Ronninin hava ötürməsi verəcəyini düşünür, bir qədər irəli çıxır. Bunu görən Ronaldinyo fürsəti qaçırmayaraq, əla zərbə ilə uzaq küncü dəqiq nişan alır. Ronninin tələsinə düşən Simen çarəsiz qalır.

“Yığmanın ulduzlarına su, kofe daşıyırdıq”

Mundialı yüksək səviyyədə keçirən Braziliya yarımfinalda Türkiyə (1:0), finalda isə Almaniyadan güclü olaraq (2:0) tarixində 5-ci dəfə dünya çempionluğunu qazanır. “Bu uğura görə qürur hissi keçirirəm. Ancaq onu da deyim ki, həmin turnirdə millidə olan mən və digər gənc futbolçuların işi heç də asan deyildi. Yığmanın ulduzlarına su, kofe daşıyırdıq, digər tapşırıqlarını yerinə yetirirdik. İstənilən halda bu, karyeramın ən böyük uğurudur”, - deyir Ronaldinyo.

“Məni inandıra bildi”

Ronni iki mövsüm PSJ-də oynadıqdan sonra komandasını dəyişmək qərarına gəlir. Həmin vaxt "Mançester Yunayted", "Real" və "Barselona" onun uğrunda mübarizə aparırdı. "Barsa" çevik davranaraq, şəxsən Ronaldinyonun özü ilə əlaqə saxlayır. Telefon danışığının sonunda tərəflər razılığa gəlirlər və Ronaldinyo 32 milyon avro qarşılığında "Barselona"a keçir. "Barselona"nın o vaxtkı prezidenti Sandro Rossel mənə zəng edəndə bir ayağım artıq "Mançester Yunayted"də idi. O mənə dedi ki, "Barselona"da Romario, Ronaldo və Rivaldodan sonra növbəti dahi "R" olacağam. Məni inandıra bildi”, - deyir Ronni.

Çempionlar Liqası və “Qızıl top”u qazanır

Ronaldinyo qısa zamanda "Barselona"nın liderinə çevrilir. Azarkeşlər onun ifasında gözəl oyunun şahidi olurlar. Qiyməti iki dəfədən çox artan Ronniyə görə “Çelsi” 2006-2007 mövsümünün gedişində "Barsa"nın qapısını döyür və 70 milyon avro xərcləməyə hazır olduğunu bildirir. Ancaq Kataloniya klubu "yox" cavabı verir. Ronaldinyo “Barselona”da 2 dəfə La Liqa, 2 dəfə İspaniya Superkuboku, 1 dəfə isə Çempionlar Liqasının qalibi olur. 2005-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilərək “Qızıl top”a layiq görülür.

“Onun qayğısını heç vaxt unutmayacağam”

DÇ-2006-da həm Ronaldinyo uğursuz çıxış edir, həm də Braziliya millisi. Həmin vaxtdan "10 nömrə" kondisiyasını itirməyə başlayır, xroniki yorğunluğu kiçik zədələr alması ilə nəticələnir. Rejimi pozması, məşqlərə ciddi yanaşmaması tədricən oyununun zəifləməsi ilə nəticələnir. Elə bu dönəmdə “Barselona”da yeni istedad - Lionel Messi peyda olur. Ronni ona ilk gündən dəstəyini əsirgəmir. Messinin “Barsa”da vurduğu ilk qolun ötürməsini də məhz Ronaldinyo verir. "İlk addımlarımı atanda Ronni mənə çox kömək edib. Əsas komandaya keçən kimi Ronaldinyo qeydimə qalmağa, mənimlə maraqlanmağa başladı, problemlərimi həll etməkdə yardımçı oldu. Onun mənə olan qayğısını heç vaxt unutmayacağam. Birgə oynadığım ən yaxşı futbolçulardan biri olub Ronaldinyo. Onunla dostuq", - Messi Ronni haqda deyir.

DÇ-2010-a aparılmır

2008-ci ildə “Milan”a keçir Ronaldinyo. İtaliyadakı ilk mövsüm onun üçün asan olmur. Çünki yeni mühit, yeni ölkə və yeni çempionata uyğunlaşmalı, əsas heyətə düşmək üçün məşqlərdə özünü yaxşı tərəfdən göstərməli idi. “Qırmızı-qaralar”ın heyətində İtaliya çempionu olmağı bacarır. Bununla belə, Ronninin qızıl dövrü artıq geridə qalmışdı. Əvvəlki formasından uzaq düşdüyünə görə, DÇ-2010-a yollanan Braziliya millisinin heyətinə daxil edilmir.

35 yaşında futbolla vidalaşır

2011-ci ildə "Milan"dan ayrılmalı olur. 31 yaşında ölkəsinə qayıdaraq əvvəlcə "Flamenqo", 1 il sonra isə "Atletiko Mineyro" ilə müqavilə imzalayır. 2014-cü ildə Meksikanın "Keretaro" klubu ilə anlaşan “10 nömrə” 1 il sonra yenidən Braziliyaya dönür. Son klubu "Fluminense"də cəmi 9 oyun keçirir və 2015-ci ildə karyerasını bitirir.

“Həyatı küçələrdə öyrəndim”

Karyerasının son illərindəki enişə rəğmən, Ronaldinyo milyonlarla insanın sevimlisi, kumiridir. Simasından təbəssüm əskik olmayan Ronni pozitiv enerjisini insanlara ötürməyi, onların üzünü güldürməyi bacarıb: "Həyatı küçələrdə öyrəndim. Ən yaxın dostum həmişə top olub. Uşaq vaxtı futbolçuları özümə qəhrəman seçirdim. Yadımdadır, Romarioya bənzəmək istəyirdim. DÇ-1994-də onun oyunundan həzz almışdım. Qarşıma böyük futbolçu olmaq hədəfi qoydum. Qollar vurmaqdan yorulduğum üçün driblinqə marağım artdı. Dayanmadan 5 saat oynayanda qol vurmaqdan bezirsən, yeni bir şey etmək istəyirsən. Rəqibləri aldatmağı sevirdim, bunu asanlıqla qol vura biləcəyim hallarda da edirdim. Mənim bir prinsipim var idi: təmiz vicdanla oynamaq. Futbol instinktdir. Futbol sevinc, xoşbəxtlikdir. Driblinqlər, aldadıcı fəndlər, baxımlı qollar futbolun bəzəyidir. Həmişə futbolu gözəlləşdirməyə, insanları xoşbəxt etməyə çalışmışam”.

Oğlu da futbolçudur

Ailəsinə bağlı insandır Ronaldinyo. Futbolda ilk addımlarını atdığı vaxtdan qardaşı Roberto meneceri, bacısı Deyzi isə mətbuat üzrə koordinatoru olub. Münasibət yaşadığı xanımlar az olmasa da, heç biri ilə evlənməyib. Buna baxmayaraq, 1 oğlu var. 2005-ci ildə braziliyalı rəqqasə Janayna Mendesdən dünyaya gələn övladına atasının adını qoyub. Artıq 15 yaşında olan Juan Ronninin davamçısıdır. O, ötən il “Kruzeyro” klubu ilə müqavilə bağlayıb.

“Eybəcərəm, amma məndə şarm var”

Müsahibələrinin birində ilk seks təcrübəsi haqda danışan Ronaldinyo özünü cazibədar adlandırıb: "Bəkarətimi 13 yaşımda itirdim. Qız qonşum idi. Birlikdə çox vaxt keçirdik. Onunla yaxşı yola gedirdik. Düzdür, eybəcərəm, amma məndə şarm var. Özümü cazibədar şəkildə təqdim etməyi bacarıram”.

Kimlərəsə qəribə gələ bilər, amma bu faktı da müsahibələrinin birində özü açıqlayıb. Söhbət Hindistan kinolarının vurğunu olmasından gedir: “Hind kinolarına baxmaqdan zövq alıram. Əslində Braziliyada hamı Bollivudu izləyir”.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13070
avatar

Rizvan Babayev

Oxşar yazılar