“Banış” əfsanəsi: “danışan” ayaq, 500 minlik baş, sevgi dolu ürək - HEKAYƏT
1996-nın elə bu vədələri idi. Fevralın 23-də Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin 50 yaşı tamam olacaqdı. Evdə məsləhətləşəndən sonra bəndənizin külfəti ilə durub (o vaxt Mehriban Əbülfətqızı 40-42 min tirajla çıxan “7 gün” qəzetində məşhur “Tanınmış ərlərin xanımları” rubrikasını aparırdı. Mən isə Anatoli Andreyeviçlə söhbəti “Azadlıq” qəzeti üçün hazırlamalı idim) “Gənclik” metro stansiyası tərəfə - Banişevskigilə getdik.
...Zəngi basdım, qapı açıldı və sözün həqiqi mənasında, gözlərim qamaşdı. Qarşımızda yəqin ki, Tanrının bekar vaxtı yaratdığı ilahi bir dünya gözəli dayanmışdı. Bu, sevimli “Banış”ımızın sevimli xanımı idi - İnna. Bizi lütfkarlıqla içəri dəvət elədi.
...Yan otaqdan çıxan ucaboylu, ağzını dəsmalla bağlamış və azı yetmiş yaşı haqlamış kimi görünən “qoca” da bizi səmimi, bir az da uşaq çəkingənliyi ilə salamladı. Heyrətdən ayaqlarım yerə yapışdı. Yəni bu, odur? Yox, səhv eləmirdim – ÖZÜ idi. Bizim əfsanə. Bir vaxtlar yaşıl meydançalarda çıxardığı “hoqqalarla” on min minlərcə azarkeşi sehrləyən, vəcdə gətirən, şoka salan Banişevski.
...Şəkər onu “yeyib” qurtarmışdı. Keçirdiyi ağır komadan sonra isə həyatının ritmi büsbütün pozulmuş, yaddaşı demək olar ki, tam silinmişdi. Bunlar azmış kimi, bu yaxınlarda protez dişlərini də hardasa unutmuşdu. Odur ki, danışanda dəsmalı ağzından çəkməyə utanır və kəlmələri anlaşılmırdı. Elə özü də bundan pərt olur və bərk əsəbiləşirdi...
15 ildən sonra 22 saylı o qapını bir də döydüm, İnna Georgiyevna ilə ötənlərə təzədən qayıtdıq.
“Bu qız mütləq mənim olacaq...”
9-cu sinifdə oxuyurdum. Tolik bir gün dostu ilə təsadüfən bizim məktəbə gəlir, məni həyətdə görən kimi vurulur və dostuna qayıdır ki, bu qız mütləq həyat yoldaşım olacaq. Sonralar bizi Tolikin bacısı yaxından tanış elədi və macəralarımız başlandı. Atam keçmiş qapıçı olub və parlamaqda olan Banişevski soy adı onun üçün də maraqlı idi. Bunu nəzərə alıb növbəti gəzintidən sonra onu evə dəvət eləyəndə, nəyə görəsə “yox, sonra gələrəm” deyib xudahafizləşdi. Heç aradan üç gün keçməmiş qapımız döyüldü. Atam qapını açıb köhnə dostunu - “Neftçi”nin o vaxtkı rəisini görəndə (heyf ki, adını unutmuşam) çox sevindi. Yanındakı cavan oğlan isə əlində böyük bir tort və gül çələngi tutmuşdu. Tolik içəri keçən kimi heç kəsə aman vermədən birbaşa dedi ki, biz İnnanın “həri”sini almağa gəlmişik. Nəfəs dərmədən deyilən bu sözlərdən sonra evdəkilər uğunub getdilər. Bax, biz bu cür nişanlandıq.
1966-cı ildə İngiltərədə keçiriləcək dünya çempionatı ərəfəsində onu təlim-məşq toplantılarına cəlb etdilər və biz uzun müddət bir-birimizdən ayrı düşdük. Mən orta məktəbi bitirib AZİ-yə qəbul olundum. SSRİ yığması isə çempionatda “bürünc” mükafat qazandı. Qayıdıb gələndən sonra dərhal mənə evlənməyi təklif elədi. Lakin bu, hələ mümkün deyildi. Çünki 17 yaşım təzəcə tamam olmuşdu – azı bir il də gözləmək lazım idi.
Orta məktəbi necə deyərlər, sürünə-sürünə bitirmişdi. Sonralar danışırdı ki, buna görə valideynlərimi həftə səkkiz – mən doqquz məktəbə çağırırdılar. Deyim ki, Tolik məhz bu səbəbdən bəzi fikirlərini elə “kələ-kötür” dillə, elə yöndəmsiz ifadə eləyirdi ki... İrad tutanda isə qımışırdı - “mən sözümü meydançada ayaqlarımla daha sərbəst deyirəm”. Çox istiqanlı, ürəyəyatımlı, qılıqlı və sadəlövh adam idi. Ürəyinin qapıları həmişə hamının üzünə açıq olurdu. Nə yazıq ki, bir çox hallarda bunun altını da çəkirdi. Adamlar onun xarakterinin bu cəhətlərindən əksər hallarda sui-istifadə edirdilər.
Qışqancların dueti...
Bütün qadınlar kimi qısqanclıq hissi mənə də yad deyil. Tolik məşhurlaşdıqca, təbii ki , qız – qadın pərəstişkarlarının sayı da artırdı. Nə qədər çalışsam da bu “selin” qabağına sədd çəkməyə gücüm çatmırdı. Amma o, mənəvi cəhətdən saf insan idi və həyatda nə istədiyini bilirdi. Düzü, o mənim mənəvi əzab çəkməməyim naminə nəyə desən gedirdi. Məsələn, bir dəfə Rus Dram Teatrında tamaşaya baxmağa getmişdik. Cavan aktrisalardan biri usanmadan ona “podxod” eləyir, normal dincəlməyə imkan vermirdi. Tolik axırda bezdi və kobud şəkildə qayıtdı ki, nə istəyirsən axı, əl çək də, mən heç vaxt öz xanımımı sənin kimisinə dəyişmərəm.
Bir halda ki, söhbət qısqanclıqdan düşdü, qoy orasını da deyim ki, Tolik bu məsələdə məndən də qabağa getmişdi. Əsl qafqazlılar, müsəlman kişiləri kimi məni hamıya qısqanırdı. Dükan – bazara tək getmək barədə söhbət belə ola bilməzdi. SSRİ yığmasında oynadığı illər ərzində məni yanına salıb haçansa, hansısa təlim-məşq toplantısına apardığını xatırlamıram. 1968-ci ildən bəri yaşadığımız ev ölkənin ən böyük stadionunun iki addımlığındadır. Amma o məni bir dəfə də həmin arenaya buraxmadı. SSRİ çempionatının Bakıda hansısa ciddi oyunu olurdu, “Neftçi” qələbə qazanırdı, qohum-qonşu, bütün şəhər həmin oyunda Tolikin necə gözəl qol vurmasından danışırdı, amma mənim heç nədən xəbərim yox idi. Çünki o, hətta televizorda da həmin oyunu izləməyə qadağa qoymuşdu. Niyəsini bu günə qədər də bilmirəm.
...1979-da Moskvada Ali Məşqçilər Məktəbində oxuyurdu. Bir gün xəbər gəldi ki, bərk xəstələnib və xəstəxanada müalicə olunur. Uçdum Moskvaya . Həkimlər dedi ki, mədəaltı vəzində ciddi fəsadlar yaranıb və daim nəzarət altında olmalıdır. Əgər pəhriz gözləməsə, özünü qorumasa, vəziyyəti daha da ağırlaşacaq. Bundan sonra mən onu ana öz övladını sevən, qoruyan kimi qorumağa çalışırdım. Amma o, əlinə fürsət düşən kimi içirdi. Və çox içirdi. Elə bil öz canından nəyinsə, kiminsə, qisasını alırdı. Daha yalvarışlar, göz yaşları da köməyə çatmırdı. Bir də görürdün qonşular zəng elədi. O saat soyuducuda olan əti, balığı, toyuğu qoltuğuna vurub düşürdü həyətdəki ocaqxanaya. Qayıdanda iki saat əvvəlki yumşaq, humanist Tolikdən əsər-əlamət qalmırdı. O qədər kobud, aqressiv olurdu ki, sözünün qabağına söz deyə bilmirdim.
Kraliçanın verdiyi qiymət - 500 min funt sterlinq
...Biz 1967-ci ildə ailə qurduq. Toyumuz o qədər təmtəraqlı keçdi ki... İngiltərənin baş naziri və ölkənin kraliçası adımıza məxsusi təbrik teleqramı göndərmişdirlər. Tolikin İngiltərədə - dünya çempionatındakı çıxışı onların o qədər xoşuna gəlmişdi ki, ona 500 min funt sterlinq qiymət qoymuşdular. Bu, o vaxt üçün çox böyük məbləğ olsa da sovet hakimiyyəti dövründə bunu reallaşdırmaq qeyri-mümkün idi.
...Azərbaycanlılar Toliki ifrat dərəcədə çox sevir, necə deyərlər, onu ovuclarının içində saxlayırdılar. Tolikin də bu xalqın nümayəndələrinə istəyi bir ayrı aləm idi. Hamını və hər kəsi öz doğması bilir, əzizi sayırdı. Ona görə futbol karyerası ərzində ən müxtəlif komandalardan gələn çoxsaylı şirnikləndirici təkliflərə israrla “yox” dedi və axıracan “Neftçi”dən getmədi. Yadımdadı, 90-cı illərin o dəhşətli təlatümlü anlarda bir dəfə dedim ki, Tolik, çox qorxuram, bəlkə bu şəhərdən çıxıb gedək. Üzümə elə qəzəblə, elə tərs-tərs baxdı ki, dediyimi dərhal uddum və o söhbətə daha heç vaxt qayıtmadım.
“Banış”ın Afrika turnesi
...1981-ci ildə Moskvada Ali Məşqçilər Məktəbini bitirəndən sonra ilk fəaliyyətə “Neftçi”də baş məşqçinin köməkçisi kimi başladı. Orda az işlədi. Çünki onun təbiətində ikinci şəxs olmaq yazılmamışdı. Sonra Mingəçevirə göndərdilər. O komandada işləri yaxşı gedirdi. Yetişdirdiyi futbolçulardan bir neçəsini “Neftçi”yə götürmüşdülər. 1986-da isə gözlənilmədən Burkina-Faso Respublikasından dəvət aldı. Afrikaya birgə getdik. Ölkənin gənclərdən ibarət yığma komandasında baş məşqçi kimi işə başladı. Ürəklə çalışırdı. Bunun nəticəsidir ki, yetirmələri hər il Afrika ölkələrinin gənclərdən ibarət yığma komandaları arasında keçirilən turnirin finalında Kameruna uduzaraq, ikinci yeri tutdular.
Həyat şəraitimiz də yaxşı idi. Düzdür, Burkina-Faso iqtisadi göstəricilərinə görə dünya ölkələrinin sıralamasında çox geridə qalır, xalq kasıb yaşayırdı. Amma bizə yaxşı baxırdılar. Heç nədən korluq çəkmirdik.
Elə o dövrdə Tolikin mədəaltı vəzisinin daha ciddi fəsadları üzə çıxdı və şəkərli diabet onu yaxaladı. Cəmi bir il sonra geri qayıtdıq.
...Tolikin bir xüsusiyyəti də vardı ki, SSRİ yığmasında birgə oynadığı komanda yoldaşlarından Bakıya kim gəlirdisə, mütləq çəkib evə gətirirdi. Ta bu evdə o dövrün məşhur futbolçularından kimlər olmayıb ki? Maslaçenko, Şesternyov, Biba, Sabo, Voronin...
...Qoruya bilmədik onu. 51 yaşında dünyadan getdi. Qızlarımız Milena və Marinadan 4 nəvəmiz doğulub. Heç onların da fərəhini doyunca yaşamadı.
...Tanrı Tolikə qarşı çox qəddar və amansız oldu. Məsləhətinə şükr, neyləyə bilərdik ki?!
Sabah Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin anadan olmasından 65 il ötür...
Zöhrab Əmirxanlı

1394