Aydın Əliyev: “Bir vaxtlar türkiyəli şərhçilər AzTV-də təcrübə keçirdilər” – MÜSAHİBƏ
18 fevral 2011 19:40 (UTC +04:00)

Aydın Əliyev: “Bir vaxtlar türkiyəli şərhçilər AzTV-də təcrübə keçirdilər” – MÜSAHİBƏ

“İdman Azərbaycan” telekanalının baş redaktoru Aydın Əliyevin Lent.az-a müsahibəsi

- “İdman Azərbaycan” telekanalına qayıdışınız necə alındı?

- “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi belə məsləhət gördü. Təqribən 25 ilədək AzTV-də çalışmış, bir vaxtlar idman proqramları birləşmiş televiziya və radio baş redaksiyasına rəhbərlik etmiş, baş redaktor olmuş Aydın Əliyevə, onun təcrübəsinə, bu illər ərzində topladığı arxiv lentlərinə ehtiyac vardı. Ona görə də məni dəvət etdilər. Təşəkkürümü bildirərək, bundan çox məmnun olduğumu söylədim. Hələ bura gəlməmişdən öncə mənə elə gəlirdi ki, bu, dövlət büdcəsindən maliyyələşdirilən bir qurumdur. Yəni, burada bütün işləri yüksək səviyyədə qurmaq, tələblərə cavab vermək çox asan iş olacaq. Lakin mən gələn gündən bir daha şahidi oldum ki, burada çox böyük təşkilatçılıq işləri, xarici kanallarla, xarici şirkətlərin rəhbərliyi ilə əlaqələrin qurulması çox vacib şərtdir. Bunların da öhdəsindən müəyyən dərəcədə gəlmək mümkündür və mümkün olub. Şəxsən özümə gəldikdə, burada əsasən, yaradıcılıq işləri ilə məşğul olmaq vəzifəsi qarşıma qoyulub. Bütün informasiyaların hazırlanması, tematik verilişlərin mətnləri, xüsusən də gənc şərhçilərlə iş məsələsi mənə həvalə olunub. Mən də çalışacağam ki, qarşıya qoyulan vəzifənin öhdəsindən gəlim. Burada iş həddən artıq çoxdur. Təsəvvür edin ki, bir vaxtlar teleradionun idman proqramları baş redaksiyası gündəlik xəbərlərdən başqa ayda 22 veriliş hazırlamağı özünə böyük uğur sayırdısa, indi elə şərhçi var ki, ay ərzində 17-18 reportaj aparmalı olur. Təbii ki, burada ixtisaslaşma vacib şərtdir.

- Kadr islahatları gözlənilir?

- Mənim bura gəldiyim bir ay deyil. Hələ iki-üç ay ərzində əməkdaşlarımızın ustalıqlarının artırılması, geniş tamaşaçı auditoriyası ilə danışıla bilən tərzdə reportajların aparılması üçün işlər başlanılıb və görülür. İki-üç aya məlum olacaq ki, hansı şərhçi deyilənlərdən, məsləhətlərdən lazımi nəticə çıxarıb.

- İndiki reportajların səviyyəsi sizi qane edir?

- Nəinki, televiziyada, bir çox qəzetdə baş alıb gedən elə sözlər var ki, bunlar dilimizə yaddır. 30-40 il öncə rəhmətlik, böyük türk şairi Nazim Hikmət demişdi: “Türkdilli ölkələr arasında ən saf, ən təmiz dil Azərbaycan xalqına məxsusdur”. Əgər türk xalqının böyük oğlu bu sözləri deyibsə, niyə biz öz dilimizdə lazım gəldi-gəlmədi əcnəbi sözləri işlədək. Bunlarla səmimi söhbət edirəm, bir övlad kimi öz bildiklərimi, məsləhətlərimi verirəm. Bir vaxtlar Türkiyədə yeni televiziya kanalı yarananda oranın şərhçiləri AzTV-yə gələrək, şərhçiliyin yollarını, şərhçilərin ustalığına aparan mərhələləri öyrənirdilər. İndi isə təkcə “İdman Azərbaycan” kanalında yox, bütün özəl telekanallarda işlədilən “şans”, “adını tabloya yazdırdı”, “ehtiyat oyunçular skamyasında yer alıb” kimi qəribə ifadələr həddindən artıq çoxdur. Belə getsə, gərək biz yaxın vaxtlarda hücuma “atak”, əks-hücuma “kontr-atak” deyək. Əlbəttə, hər bir dil başqa xalqlara məxsus və bizə uyğun gələn sözlərlə zənginləşməlidir. Məsələn, kosmos və ya kosmonavt sözünü başqası ilə əvəzləyə bilməzsiniz. Ola bilsin, bədii ifadələrlə “fəza” və “fəza qəhrəmanları” demək mümkündür. Lakin “kosmonavt” sözünü Azərbaycan dilinə başqa cür necə tərcümə edə bilərsiniz? Lakin “imkan”, “fürsət”, “şərait” sözləri dilimizdə olduğu halda, niyə “şans” sözünü işlətməliyik? Bu sözü kənddə yaşlı insanların yanında işlətsəniz, deməzlərmi ki, “şans” nədir? Bu halda, niyə bu sözü dilimizə sırımalıyıq? Yəni, bizim dilimizə uyğun olmayan sözlər həddindən artıq çoxdur. Bunları bir-bir desəm, bəlkə də 100-ü keçər. Bu istiqamətdə də çox iş görülməlidir.

- Şərhçilərimizin səviyyələrinin artırılması istiqamətində hansı işlər görülməlidir?

- Çox istərdim ki, tamaşaçılar aparıcı futbol çempionatlarını izləmək üçün Rusiyanın “NTV” kanalına üz-tutmasınlar, öz şərhçilərimizin reportajlarına qulaq assınlar, xalqa yaxın dildə eşitsinlər. Mən bunu qəbahət saymıram: Bura gələnədək əsasən, Avropanın, eləcə də Cənubi Amerikanın futbol çempionatlarını “NTV” kanalı ilə izləyirdim. İndi isə özümə vəzifə borcu bilirəm: bizim şərhçilərin də hazırlığı o səviyyəyə çatsın ki, daha Azərbaycan tamaşaçıları, dinləyiciləri, lap elə oxucuları başqa kanallara üz tutmasınlar. Hələ universitetin jurnalistika fakültəsində oxuduğum vaxt müəllimlərimiz deyərdi: “Burada söylənilən mühazirələr, seminarlar öz yerində, amma siz çalışın heç olmasa bir dəfə Azərbaycan radiosunun verilişlərini dinləyin. Ən saf, ən təmiz danışıq dili ordadır”. Mən də çalışacağam ki, uzun illər ərzində topladığım təcrübəni, ustadlardan öyrəndiyim nüansları gənc şərhçilərlə bölüşüm, onlara da bu yolda uğurlar arzulayım ki, həqiqətən sevimli şərhçilər olsunlar. Vladimir Maslaçenkonun ölümündən 2 ay vaxt keçib. Hələ də “NTV” kanallarında onun bir vaxtlar apardığı reportajlar səslənir. Yəni, elə şərhçi olmaq lazımdır ki, xalq, cəmiyyət qəbul edə bilsin. Bu sahədə bacardığım qədər çalışacağam.

- Sizcə, şərhçilik işi necə təşkil olunmalıdır?

- İdman şərhçiliyini “peşələrin möcüzəsi” və ya “idman jurnalistikasının akademiyası” adlandırırlar. 1,5 saat, 2 saat və bəzən çox vaxt ərzində birbaşa evlərə daxil olub, tamaşaçı ilə ünsiyyətdə olursan. Onlarla qəzet cümlələri ilə danışmaz, onları internet saytlarındakı həddən artıq informasiyalarla yükləmək olmaz. Bir sözlə, şərhçi ekranın o biri tərəfində oturub onu dinləyən hər hansı vətəndaşımızla və ya dünya azərbaycanlıları ilə həmsöhbət olmağı bacarmalıdır. Şərhçi çalışmalıdır ki, tamaşaçının görüb-duya bilmədiyi nüansları izah etsin. Ona görə də biz belə qərara almışıq ki, bundan sonra idman reportajlarına, xüsusən də Azərbaycanda göstərilən reportajlara tanınmış mütəxəssisləri, o sahədə müəyyən uğurlar qazanmış məşqçiləri, idmançıları dəvət edək. Rəhbərlik də bunu çox yaxşı qarşılayıb. Aydın Əliyevin 45 illik jurnalistika stajı olsa da, onun futbolda yaranmış mürəkkəb vəziyyət haqqında dediklərinə tamaşaçı Çingiz İsmayılovun dediyindən az inanacaq. Çünki İsmayılov futbolda can qoyub. Onun dediyi tamaşaçı üçün məqbuldur. Gənclərin yanında isə istənilən idman növü üzrə şərhlər zamanı mütləq təcrübəli mütəxəssis olmalıdır. Burada da ixtisaslaşma gedəcək. Rusiyanın “NTV” kanalında hətta futbol sahəsinin özündə də ixtisaslaşma gedib. Vladimir Maslaçenko əksər hallarda İspaniya çempionatının oyunlarını şərh edirdi. Eləcə də Vasili Utkin, Viktor Qusev, Aleksey Andronov müxtəlif ölkələrdəki çempionatları aparır. Biz də tədricən buna nail olmağa çalışacağıq. İxtisaslaşma gedəcək. Məsələn, bu gün şahmatdan danışan sabah əlbəyaxa döyüş növlərindən reportaj aparsa, açığı, bu, mənə birtəhər görünər. Düşünürəm ki, tədricən, yavaş-yavaş bunların hamısı öz yoluna düşəcək.

- Şərhçilikdə yad sözlərin dilimizə daxil olduğunuzu dediniz. Sovet dövründəki şərhlərlə indikilər arasında bir boşluğun yaranması səbəbindən belə bir halın baş verdiyini düşünmürsünüz?

- Gənc şərhçilərin leksikonuna bu sözlər zorla girib. Haradan baxıb öyrənsinlər? Baxıblar Türkiyə kanallarına. Öz təcrübəli şərhçilərimizi isə dəvət edən olmayıb. Aydın Əliyev, Aqşin Kazımzadə, Çingiz İsmayılov və digər təcrübəli şərhçilər özbaşına gənclərə deyə bilməzdilər ki, gəlin, sizə məsləhətlərimizi verək. Gərək şirkət rəhbərləri, baş redaktorlar onları dəvət edərdilər. Etməyiblər. Lakin son illərin təcrübəsi göstərir ki, bu işə çox böyük əhəmiyyət verilir. Sizi inandırıram: 2-3 aya bu şərhçiləri tanımayacaqsınız. Bunların hər biri ilə fərdi məşğul olunacaq.

- Hər bazar ertəsi telekanalınızda “Premyer Liqa” adlı veriliş efirdə olur. Digər ölkələrdə bu tip verilişlərə mütəxəssislərdən əlavə, idman yazarları da dəvət edilirlər. Lakin sizin telekanaldakı verilişə mövqeyi, maraqları, nə danışacağı əvvəlcədən bəlli olan mütəxəssisləri çağırırlar. Halbuki obyektiv jurnalist çağırılsaydı, o mütəxəssis adlandırılan şəxsdən daha yaxşı şərhlər verə bilərdi. Bu baxımdan, verilişin formatında dəyişiklik etmək fikriniz var?

- İctimai rəy böyük amildir. Aydın Əliyevin xoşuna gəlməyən bir şeyi tamaşaçı “Bu, belə olmalıdır” deyə sübutla göstərirsə, o da razılaşacaq. Bu mənada, gələcək proqramlara futbol mövzusunda yazan jurnalistlər də cəlb olunacaqlar. Çox güman ki, yeni şərhçi müsabiqəsi də elan edəcəyik. Azərbaycanın 6 voleybol klubunda 58 legionerin çıxış etməsinə heç də hamı müsbət yanaşmır. Amma digər tərəfdən, Voleybol Federasiyasının rəsmiləri həmin legionerlərin yanında yerli idmançıların da yetişdiklərini deyirlər. Bu mənada, açıq disputların, müzakirələrin tərəfdarıyam. Ona görə də bu yaxınlarda başqa təşkilatlarda işləyən jurnalistlərin fikirlərinə də yer verəcəyik.

- Amma “İdman Azərbaycan” dövlət telekanalı, federasiya rəhbərlərinin çoxu dövlət rəsmiləridir. Belə müzakirələr üzündən telekanalınızın müəyyən təsirlərlə üzləşəcəyini düşünmürsünüz?

- Görürsünüz, necə problemlər ortaya çıxacaq? Çox istərdim ki, federasiyalarımız, idman qurumlarımız jurnalistlərin tənqidlərini qəbul etsinlər. Mən sağlam tənqidin tərəfdarıyam. Çünki bunun ümumi işə yalnız faydası ola bilər.

- Bəs özünüzün reportajlar aparmaq fikriniz var?

- Yaxın vaxtlarda düşünmürəm. Ola bilər ki, gələcəkdə böyük yarışlarda reportajlara qatılım. Amma hələ ki, gənclərlə iş qurtarmayıb. Bu halda mən özümə rəva bilmərəm ki, reportajlara vaxt ayırım.

- Mümkünsə, gələcək planlarınız haqda da məlumat verərdiniz...

- İnana bilməzdim ki, burada gündəlik 15 saat veriliş həcmi olur. Düzdür, bir çox veriliş təkrar efirə verilir. “İdman Azərbaycan” telekanalının açılmasında əsas məqsəd xalqı məlumatlandırmaq, maarifləndirmək və əyləndirməkdən ibarət idi. Bu baxımdan, adi idman yarışını tamaşaya çevirmək böyük ustalıq, təcrübə tələb edir. Burada kifayət qədər tematik verilişlər var. “Olimp”, “İdman həftəsi”, “Arena”, “Güləş aləmi”, “Flaqman, “Qolissimo”, “Futbol-xəbər”, “Klassik boks”, “Televiziya şahmat klubu”, “Tay-breyk”, “İdman ensiklopediyası” və digər verilişlər də reportajlarla yanaşı, xalqı, tamaşaçını müəyyən mənada maarifləndirmə, məlumatlandırma xarakteri daşıyır. Biz yaxın iki ay ərzində şərhçilər müsabiqəsi də elan edə bilərik. Ola bilsin, elə gənclərimiz var ki, idmanı da yaxşı bilirlər, dil qabiliyyətlərinə də söz ola bilməz, onların da xidmətlərindən istifadə etmək istərdik. Təkcə bu sahədə yox, başqa ölkələrlə əlaqələrin qurulması məqsədilə, Azərbaycan idmanını başqa ölkələrlə tanıtmaq üçün ən azı keçmiş SSRİ respublikaları ilə proqram mübadiləsi apara bilərik. Sadaladıqlarım geniş tamaşaçı auditoriyası toplayan amillərdir. Üstəlik, bu yaxınlarda bizdə Televiziya Akademiyası açılıb. Burada da gənc şərhçilər, jurnalistlər və reportyorlar üçün kurslar təşkil olunub. Biz bu işdən də faydalanmalıyıq. Kimin arzusu varsa, gəlib seminarlarda, mühazirələrdə iştirak edə bilər. Burada hər şey əyani olacaq. Bir var ki, sadəcə, mühazirə oxuyasan. Bir də var ki, qarşında videomaqnitofon, böyük ekran qurulub, reportaja qulaq asıb lazımi nəticə çıxara biləsən. Bura gələndə özümlə yeni layihə gətirmişəm. İdman növləri üzrə ali məktəb tələbələri arasında intellektual xarakterli proqramdır. Şirkətimizin rəhbəri Arif Alışanov bu layihəni bəyənib və yaxın aylarda tamaşaçılarımıza təqdim edəcəyik. Yəni, indiyə qədərki verilişlər, proqramlar, reportajlarla kifayətlənməyəcəyik. Bu gün “İdman Azərbaycan” telekanalında 15 saat ərzində verilişlər efirə verilirsə, gələcəkdə bütün sutka ərzində tamaşaçılara idman proqramları təqdim edəcəyik. Bəzi agentliklərin əməkdaşları ilə sıx dostluğumuz davam etməlidir. Onların da maraqlı layihələri olarsa, məmnuniyyətlə istifadə edə bilərik.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1514

Oxşar yazılar