Xaqani Məmmədov: “Elçin Məmmədova səlahiyyətini aşdığı üçün iradlar bildirilib” - MÜSAHİBƏ
08 dekabr 2010 18:39 (UTC +04:00)

Xaqani Məmmədov: “Elçin Məmmədova səlahiyyətini aşdığı üçün iradlar bildirilib” - MÜSAHİBƏ

- U-13 Liqasında keçirilmiş oyuna gecikən hakim Mahir Məmmədovun mövsümün sonunadək cəzalandırılması haqda qərarı təqribən 10 gün sonra açıqlamağınızın səbəbi nə ilə əlaqədardır?

- Bu hadisə dekabrın 28-də keçirilmiş “Sərhədçi” – “Gücbirliyi” matçında baş verib. Biz də dərhal onu cəzalandırmışıq. Amma bəzi mətbu orqanların başqa şeylər yazdığını gördükdən sonra cəzanı ictimaiyyətə açıqlamalı olduq. Yəni, heç kimin cəzasız qalmadığını göstərmək istədik. O cümlədən, Mahir Məmmədov cəzasını alıb. Mətbuat isə bu olayın guya bir neçə gün öncə baş verdiyini iddia edib. Əslində burada bizim üçün aydınlaşdırılası bir şey yox idi. Hakim oyuna gəlmirsə, Nizam-İntizam Kodeksinin müvafiq maddəsinə əsasən, barəsində ölçü götürülür. Sadəcə, xəbər yazılarkən, oyunun tarixi düzgün göstərilmədiyi üçün müəyyən anlaşılmazlıq ortaya çıxmışdı.

- 2010-2011-ci il mövsümündə Unibank Premyer Liqasında hakimlərin idarəçiliyi haqda fikirlər birmənalı deyil...

- Bu, təbiidir. Dünyanın heç bir ölkəsində, xüsusən də mətbuat orqanlarının fikrincə, hakimlik heç vaxt yaxşı olmur. Onlar həmişə hakimlikdə nə isə axtarıb tapırlar. Bu birmənalıdır ki, hakimlik həmişə tənqid obyekti, tənqid hədəfi olur. Amma bunlar jurnalistlərin və azarkeşlərin fikri ola bilər. Mütəxəssislərin mövqeyi başqa cürdür. Bəzi oyunlarda xırda səhvləri nəzərə almasaq, fikrimcə, hakimliyin səviyyəsi yaxşıdır.

- Son turun oyunlarındakı hakim idarəçiliyi ilə bağlı da müəyyən narazılıqlar oldu. Konkret, “Turan” – “Xəzər Lənkəran” matçının baş hakimi Fariz Yusifovun verdiyi qərarı bir neçə dəfə dəyişməsini necə şərh edərdiniz?

- Yusifovun qərarı bir neçə dəfə dəyişməyib. Sadəcə, onun həmin epizodda bir metodiki səhvi olub. Yəni, köməkçisi oyundankənar vəziyyət qeydə alıb, baş hakim də fit çalıb. Lakin bundan sonra “Turan”ın futbolçuları topu oyuna daxil etməli olduqları halda, nədənsə, dayanıblar. “Xəzər Lənkəran”ın oyunçusu isə topa zərbə endirərək, qapıdan keçirib. Bu, FİFA referisinə yaraşmayan bir haldır ki, Yusifov özünü itirib. Köməkçisi, komandaların kapitanları ilə məsləhətləşib. Hansı ki buna heç bir ehtiyac yox idi. Bu proses bir neçə dəqiqə çəkib. Ona görə də kimlərəsə qəribə görünüb. Ən əsası odur ki, sonda ədalət bərqərar olub. Yəni, oyundankənar vəziyyət qeydə alınıb, fit çalınıb və qol sayılmayıb. Bu, baş hakimin nəticəyə təsir etməyən, metodiki səhvidir. Hesab edirəm ki, şişirtməyin də mənası yoxdur.

- Hər halda bunun FİFA referisinə yaraşmayan hal olduğunu vurğuladınız...

- Bəli. Belə səhvi gənc hakim etsəydi, deyərdik ki, təcrübəsi yoxdur, özünü itirib. Amma beynəlxalq dərəcəli hakim bunu etməməlidir.

- Cəzalanacaq?

- Nəyə görə cəzalanmalıdır ki... Metodiki səhv zamanı göstəriş verilir və ya xəbərdarlıq olunur. Həmin epizod nəzərə alınmasa, Fariz Yusifov “Turan” – “Xəzər Lənkəran” matçını yüksək səviyyədə idarə edib. Onun yol verdiyi səhvdən hansısa komanda yararlanmayıb. Son qərar düzgün olub.

- Mətbuatda yazılanlara görə, AZAL-la oyundan sonra “Neftçi”nin prezidenti Sadıq Sadıqov hakimlər otağına girib. Bu məsələni araşdırmamısınız?

- Əvvəla, mən özüm də orada olmuşam. O məsələni araşdırmağa ehtiyac yoxdur. Mətbuat işçiləri hər hansı epizodu şişirtməyə və ya ona başqa don geyindirməyə çox can atırlar. Sadıq Sadıqov AFFA nümayəndəsinin dəvəti ilə hakimlər otağına daxil olub. Şəxsən Elbrus Abbasov “Nə iradınız varsa, deyə bilərsiniz” deyə onu dəvət edib. Sadıqov da heç kimi söyməyib. Sadəcə, “Mənə deyirlər ki, hakimlər “Neftçi”yə kömək edir. Budur kömək? Hansı köməkdən danışırlar?” deyərək, çıxıb. Həmin vaxt dəhlizdə olan bəzi media işçiləri buna elə don geydiriblər ki, guya Sadıqov hakimləri və ya kimisə söyüb. Bu da hakimlərin “Neftçi”yə kömək etdikləri barədə yaradılan rəyin nəticəsidir. Təbii ki, belə fikirlər komandaya pis təsir edir. Hansı köməyi deyirlər? Axı həmin qarşılaşmada “Neftçi”yə nə kömək etdilər? Əksinə, AZAL-ın müdafiəçisi Elvin Əliyevə 3 dəfə sarı vərəqə göstərilməli idi, yalnız 90+3-cü dəqiqədə göstərildi. “Neftçi”yə hansı köməkdən söhbət gedir?

- Bəs AFFA nümayəndəsi Elbrus Abbasov Sadıq Sadıqovu hakimlər otağına dəvət etməkdə nə dərəcədə haqlı idi?

- Bilirsiniz, həmin vaxt dəhlizdə ehtiraslar coşmuşdu. Futbolumuzdakı neqativ hallardan biri də bəzi klubların mühafizə dəstəsi ilə bağlıdır. Mən dəfələrlə məsələ qaldırmışam: Bunlar öz funksiyalarının nədən ibarət olduğunu ümumiyyətlə bilmirlər. Mühafizə dəstəsi soyunub-geyinmə otağının qarşısında duraraq, komanda üzvlərini qorumalıdır. Bəzən klublarımızın mühafizə dəstələri meydançaya çıxır, hakimlərə söz atır və ya digər klubun mühafizə dəstəsi ilə hər hansı münaqişəyə girirlər. “Neftçi”nin prezidenti Sadıq Sadıqov həmin matçdan sonra AZAL-ı gözəl oyun münasibətilə təbrik etmək istəyib. AZAL-ın mühafizəçisi isə Sadıqovu tanımayıb və əli ilə qarşısını alıb. “Neftçi”nin mühafizə dəstəsi də onu itələyib. Bildiriblər ki, bu, klub prezidentidir, AZAL-ın futbolçularını təbrik etməyə gedir. Amma bunları mətbuatda tamamilə başqa cür qələmə veriblər.

- Bu yaxınlarda futzal üzrə FİFA referisi Elçin Məmmədov cari mövsümdə 11 hakimin cəzalandırıldığı haqda açıqlama vermişdi. Bundan sonra daha neçə hakim cəzalandırılıb? Ümumiyyətlə, cəzalar əsasən, hansı xarakterlidir?

- Əvvəla, Elçin Məmmədovun belə informasiya vermək səlahiyyəti yoxdur. Onda elə bir informasiya ola bilməz. İkincisi, bəli, birinci dövrədə cəzalı hakimlər kifayət qədər olub. Sadəcə, biz cəzalandırılmalar haqda heç bir açıqlama vermirik və hesab edirik ki, kim nəyə qadirdirsə, kim ona layiqdirsə, cəzasını alıb. Heç bir hakim səhvi, qayda pozuntusu Hakimlər Komitəsinin gözündən yayınmayıb. Hamısı öz cəzasını alıb. Həm də bir deyil, iki deyil. Çox olub. Yenə deyirəm, biz onu açıqlamırıq.

- Amma Elçin Məmmədov özünü Hakimlər Komitəsinin Elmi-Metodiki Komissiyasının rəhbəri kimi təqdim edir...

- O, Hakimlər Komitəsinin Elmi-Metodiki Komissiyasının üzvüdür. Heç bir rəhbərlikdən söhbət gedə bilməz. O komissiyanın sədri keçmiş respublika dərəcəli hakim Rafiq Pənahpurdur. Sadəcə, Elçin Məmmədov 3-4 üzvdən biridir.

- Yəni, Elçin Məmmədovun belə açıqlamalar vermək səlahiyyəti yoxdur?

- Əlbəttə yoxdur.

- Elə isə ona hər hansı irad bildirilib?

- Təbii.

- Ümumiyyətlə, hakim səhvləri ilə bağlı hansı fikirdəsiniz?

- Hakimlikdə səhvlər olub, var və olacaq. Bunlar da insandırlar. Səhvsiz hakim yoxdur. Dünyanın elə bir ölkəsini göstərin ki, həmin çempionatda hakim səhvləri olmur. Məqsədimiz odur ki, hakimlərimizin yol verdikləri səhvlər qərəzli olmasın. O da insandır, o da səhv edə bilər. Biz videogörüntülərə 50 dəfə baxıb hakimin səhvə yol verib-vermədiyinə dair hansısa müəyyən yekdil fikrə gələ bilirik. Amma hakim həmin epizodu bir saniyədə görür və bəzən də elə olur ki, görə bilmir. Çünki futbolçular gözünün qarşısından o tərəfə-bu tərəfə keçirlər. Hakim ani halda olan qayda pozuntusunu görməyə bilər. Əsas odur ki, oyunu obyektiv idarə etsin və bunu da komandalar başa düşsünlər. Ümumiyyətlə, biz azarkeşlərdə belə bir şey formalaşdırmalıyıq ki, onlar hakim səhvlərini qəbul edə bilsinlər. Qəbul etsinlər ki, hakim, sadəcə, səhv edib. Baxırıq da... Avropa ölkələrinin bütün milli çempionatlarına baxırıq və səhvləri görürük. Gördük də... “Barselona” – “Real” oyununu gördük. 5 qoldan 2-si oyundankənar vəziyyətdən vuruldu. Hesab 2:0 olarkən, “Barselona”nın qapısına penalti verilmədi. Vərəqələrlə bağlı problemləri gördük. Bu, ən aparıcı futbol ölkələrindən birinin çempionatındakı oyunlardan biri idi. Yəni, bütün çempionatlarda belə səhvlər var. Bizdə də həmçinin. Yenə deyirəm: hakim səhvləri olub, var və olacaq. Ən əsası odur ki, o səhvlər qərəzli olmasın. Kiməsə qarşı qərəz olmasın.

- Hakim səhvlərini minimuma endirmək üçün hansı tədbirlər görürsünüz?

- Hər həftənin çərşənbə axşamı günü AFFA-nın ofisində ötən tura yekun vururuq. Bütün oyunlardan videoçarxlar hazırlanır. Gələcəkdə təkrarlanmaması və digərlərinə örnək olması üçün hakimlərin səhvləri hamıya göstərilir. Bundan əlavə, mövsümlərarası və dövrələrarası fasilə müddətində təlim-məşq toplantıları keçiririk. Biz də çalışırıq ki, səhvlər minimum olsun. Amma nə qədər çalışsan da, səhvləri tam aradan qaldırmaq mümkün deyil. Bu, futboldur. Futbolla bağlı oyun qaydalarında hər hansı epizoda resept yoxdur. Biz üç il öndə turun analizi prosesinə start vermişik. Amma Ukrayna Hakimlər Komitəsinin kuratoru Pyerluici Kollina bu prosesə indi başlayıb. Məşhur Kollina! Halbuki biz bunu 3 ildir edirik. Hesab edirəm ki, biz də düzgün yoldayıq və apardığımız gəncləşdirmə siyasəti özünü tamamilə doğruldur. Bu gün çox böyük perspektivə malik gənc hakimlərimiz var.

- Amma klublar hələ də hakimlərə etimad göstərmirlər. Hər oyundan sonra xırda səhvə görə də hakim idarəçiliyinin məqsədli və qərəzli olduğunu iddia edirlər...

- Çox yaxşı məsələyə toxundunuz. Mənim media mənsublarına müraciətim budur: Hakimlərə yox, hakimlərə təzyiq edən klublara təzyiq edin ki, onlar hakim səhvlərini normal, sakit, düzgün qəbul etsinlər. Elə hamı hakimlərə basqı edir. Siz o basqı edənlərə basqı edin. Etiraf edin ki, son illər hakimliklə bağlı irəliləyişlər göz qabağındadır. Biz də buna çalışırıq. Ona görə də klublara təzyiq etmək lazımdır ki, hakimlərdən əl çəksinlər.

- Sizcə, hər oyundan sonra günahı hakimdə görmə praktikası ötən illərdən yaranan stereotipin nəticəsi deyil?

- Tamamilə razıyam. Yaxın keçmişə qədər bəzi klublardakı fırıldaqçılar elə bilirdilər ki, hakimlər də fırıldaqçıdırlar. Məsələn, hakim oyunu obyektiv idarə edəndə “Aha, məndən almayıb, ondan alıb” deyirdilər. Bu, hələ ki bizim beynimizdən çıxmayıb. Belə bir stereotip var. Ona görə də hakimlərə də öz gözləri ilə baxırlar. “Məni yaxınına buraxmırsa, demək, o birindən çox alıb” söyləyirlər. Bu fikir hələ də onların beynində var. Bax, biz bunu aradan qaldırmalıyıq.

- Özünüzə qarşı bir kampaniya hiss edirsiniz?

- Buna kampaniya deməzdim. Amma hər halda Hakimlər Komitəsinin sədri elə bir vəzifədir ki, həmişə ora göz dikənlər, onu istəməyən qüvvələr olur. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm: Son zamanlar gördüyümüz işlər çoxlarına xoş getmir. Bir misal çəkim. Azərbaycanda ilk dəfə “Futbol oyun qaydaları”nı FİFA-nın rəsmi icazəsi ilə tərcümə və çap etdik. Futbol ictimaiyyətinə, klublara, hakimlərə, hakim-inspektorlara paylayırıq. İnanın, bundan da neqativ hal kimi istifadə etmək istəyənlər, başqa cür yozanlar var. O kitabda konkret, müəllif qismində heç kimin adı yoxdur. Bu, FİFA-nın qanunudur. Amma bizə qədər kimsə özfəaliyyət səviyyəsində qaydaları yazıb və üstəlik, müəllif kimi öz adına çıxıb. Məgər sən qayda yazmısan? Bu, FİFA-nın müəyyənləşdirdiyi qaydalardır. Kiminsə adını yazması mümkün deyil. Onu da “Kitab buraxıblar” deyə qısqanclıqla qarşılayıblar. Kitab buraxmışıq, yenə də buraxacağıq. Bundan yaxşısını hazırlayırıq. “750 sual və cavab” adlanacaq kitabda futbol oyun qaydalarının tarixi və qaydaların özü yenə əksini tapacaq. Planlarımız çoxdur.

- 2011-ci il üçün azərbaycanlı FİFA referilərinin siyahısı təsdiqlənib?

- Noyabrın 26-da təsdiqlənməli idi. Hələ ki bir informasiyamız yoxdur. Yəqin ki, bu günlərdə yeni mövsümün beynəlxalq dərəcəli hakimlərinin siyahısını alarıq. Onların adları isə bir-iki günə açıqlanacaq. Lakin indidən ad çəkmək istəmirəm. Amma onu deyə bilərəm ki, siyahıda yeni adlar da var.

- Beynəlxalq dərəcəli hakimlərimiz arasında daha yuxarı kateqoriyaya keçməyə namizədlər var?

- Etiraf etməliyəm ki, bu gün yoxdur. FİFA referilərimizdən nə Vüsal Əliyev, nə də Fariz Yusifov Avropanın elit hakimlərinin heç birindən geri qalmırlar. Amma artıq həm yaş öz işini görür, həm də futbolumuzun səviyyəsini nəzərə almaq lazımdır.

- Bəs Siz beynəlxalq dərəcəli hakim-inspektor kimi ilk təyinatı nə vaxt gözləyirsiniz?

- Bu məsələ məndən yox, ölkənin limitindən asılıdır. Beynəlxalq dərəcəli hakim-inspektorlarımızdan həm Asim Xudiyev, həm də Murad Məmmədov çox aktiv iştirak edirlər. Ola bilər ki, məndən başqa daha birinin adı UEFA-ya gedə bilər. Amma ona da təyinat gəlməməsi mümkündür. Bu məsələ Avropa futbol qurumunun səlahiyyətindədir. İnanırsınız, Ukrayna kimi futbol ölkəsindən cəmi bir beynəlxalq dərəcəli hakim-inspektor var. O da ötən il qəbul olunub. Amma elə xırda ölkə də var ki, 5-6 belə hakim-inspektora malikdir. Yəni, bunu biz yox, sırf UEFA müəyyənləşdirir.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643

Oxşar yazılar