“Elarizlə qohumluğum var” - MÜSAHİBƏ
18 oktyabr 2010 18:50 (UTC +04:00)

“Elarizlə qohumluğum var” - MÜSAHİBƏ

“Neftçi” futbol klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Zaur Tağızadənin Lent.az-a müsahibəsi

- Yayda “Neftçi”dən məşqçilik təklifi aldıqdan sonra verəcəyiniz cavab xeyli gecikdi. Bu nə ilə əlaqədar idi?

- Təklif üzərində bir qədər fikirləşməli oldum. Həm də ölkədən kənarda oldum. Şəxsi problemlərim vardı. Klub rəhbərliyi də bilirdi ki, qərar vermək üçün müəyyən zamana ehtiyacım var. Zamanı gələndə qərar qəbul etdim.

- Şəxsi problemlərinizin biznesinizlə bağlı olduğu bildirilirdi...

- Xeyr, bu, tam fərqli iş idi.

- Sizə komandanın futbolçu kimi ehtiyacının olmadığı deyiləndə, necə reaksiya verdiniz?

- Futbolçu kimi bir müddət də oynamaq istəyirdim. Haradasa bir-iki il çıxış etməyi planlaşdırırdım. Amma məşqçi belə qərara gəldi ki, mən bu komandaya lazım deyiləm. Bu, məşqçinin öz işidir. Mənə qalsaydı, oynayardım. Bir-iki il də çıxış etməyə hazır idim.

- Sizcə, baş məşqçi Arif Əsədov verdiyi qərarda obyektiv idi?

- Bu sualı mənə yox, baş məşqçiyə verə bilərsiniz. Özümə qalsa, oynamaq istərdim, istəyirdim.

- Burada zədə problemləri ilə üzləşməyinizin nə dərəcədə rolu oldu?

- Təbii ki, zədələrin də rolu oldu. Amma sona yaxın zədələrim sağalmışdı. Almaniyada əməliyyat olunmuşdum. Artıq cari mövsümdə də oynamağa tam hazır idim. Lakin belə alındı...

- Sizin kapitanı olduğunuz dövrdə “Neftçi” çox uğursuz çıxış etdi. Bunu nə ilə izah edə bilərsiniz?

- İndiyədək bu barədə çox danışılıb. Baş məşqçi dəyişiklikləri, uğursuz transferlər... Bunları hamı bilir. Əlavə nə isə deyə bilmərəm.

- Bəs uğursuzluğun məsuliyyətini Sizin də üzərinizə qoyurdular?

- Əlbəttə. Mənə də irad bildirilirdi. Amma hamıya məlum idi ki, məhz tez-tez baş məşqçi dəyişiklikləri və uğursuz transferlər üzündən yaxşı nəticə verə bilmirdik.

- “Neftçi” rəhbərliyinin Sizinlə futbolçu kimi yollarını ayırmasından sonra belə bir məlumat yayıldı ki, ən prinsipial rəqibiniz olan “Xəzər Lənkəran”dan ciddi təklif almısınız...

- Mən karyeramı başqa klubda yox, “Neftçi”də bitirmək istəyirdim. Digər klublardan təklif olub-olmadığını bilmirəm. Bəlkə olub, bəlkə də yox. Özüm dərinliyinə varmamışam. Təklif olsaydı belə, qəbul etməzdim.

- Berti Foqts bir ara Sizi milli komandamızın təlim-məşq toplantısına dəvət etdi. Amma tezliklə yığmadan getdiniz. Bu, nə ilə bağlı idi?

- Foqtsla aramızda heç bir problem olmayıb. Toplanışda iştirak etdim, məşqlərdə əlimdən gələni etməyə çalışdım. Amma özü mənə dedi ki, get, klubunda hazırlaş. Ehtiyac olanda dəvət edəcəyəm.

- Deyəsən, müğənnilərlə yaxşı münasibətləriniz var. Bir neçə ay öncə Elariz Məmmədoğlunun qızının toyuna ailəliklə qatılmışdınız...

- Toylara çağırıblar, iştirak etmişik. Məhz həmin toyda görünməyimə gəldikdə, Elarizlə qohumluğum var.

- “Neftçi”nin əvəzedicilərdən ibarət komandasının məşqçisi kimi üzərinizə hansı işlər düşür?

- Konkret bir iş yoxdur. Baş məşqçi İqor Getmana kömək edirəm.

- “Neftçi”nin hazırkı çıxışını necə dəyərləndirirsiniz?

- Əsas komanda haqda bir söz deyə bilmərəm. Bu komandanın öz məşqçisi var. Əvəzedici komandada isə hər şey normaldır, heç bir problem yoxdur.

- Azərbaycan millisinin Türkiyə yığması ilə oktyabrın 12-də keçirdiyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçını izlədiniz?

- Bəli. Millimiz çox xoşuma gəldi. Uşaqlar döyüşdülər. Gələcəkdə də belə davam etmək, qələbəni bu cür qazanmaq lazımdır. Almaniya və Avstriya ilə əvvəlki qarşılaşmalarda futbolçularımızda bu cür döyüşkənlik yox idi. Amma Türkiyə ilə oyun çox xoşuma gəldi. Sağ olsunlar, uşaqlar çox yaxşı oynadılar.

- Yeri gəlmişkən, futbolçu kimi Siz özünüz də çılğın, döyüşkən xarakterə malik idiniz...

- Düzdür, futbol oynadığım vaxtlar bir qədər çılğın idim. Amma adi həyatda sakit xarakterliyəm.

- Həmin dövrlərdə Sizə “qızıl oğlan” ləqəbini vermişdilər. Bəs indi bu ada hansı futbolçumuzu layiqli sayırsınız?

- Bunu jurnalistlər, mütəxəssislər deməlidirlər. Addır da, qoyublar. Amma əslində belə bir şey yoxdur.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650

Oxşar yazılar