“Vaqif Sadıqov kombinasiyası” dərsliklərə salınacaq - EKSKLÜZİV
15 oktyabr 2010 18:47 (UTC +04:00)

“Vaqif Sadıqov kombinasiyası” dərsliklərə salınacaq - EKSKLÜZİV

Bu haqda Lent.az-a Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol kafedrasının müdiri Rafiq Bağırov məlumat verib.

Bağırovun sözlərinə görə, futbolda buna qrup şəklində nəzəri kombinasiyanın həyata keçirilməsi deyilir. Bu, kafedra tərəfindən yazılacaq dərsliklərə məhz “Vaqif Sadıqov kombinasiyası” kimi salınacaq: “Əlbəttə, bu kombinasiyanı ilk dəfə tətbiq etdiyi və məhz Azərbaycan komandaları uğurla faydalandığı üçün Vaqif Sadıqovu təbrik edirəm. Sözügedən kombinasiya bir neçə dəfə qolla nəticələndiyindən, onu Sadıqovun adına yazmaq olar. Gələcəkdə kafedramızın müəllimləri tərəfindən futbol haqda hər hansı əsər yazılarsa, bu kombinasiya haqda əsərdə mütləq qeyd aparılacaq. Eyni zamanda, dərslər vaxtı tələbələrə çatdırılacaq”.

Lakin kafedra müdiri “Vaqif Sadıqov kombinasiyası”nın xüsusi bir futbol termini kimi dünyaya çatdırılmasının qeyri-mümkünlüyünü bildirib. Onun fikrincə, dünya futbolunda çoxlu kombinasiyalar olsa da, heç birinə rəsmən kiminsə adı verilməyib: “Yalnız qeyri-rəsmi formada, məsələn, İtaliya katenaççosu, Hollandiya total futbolu, Didi ötürməsi kimi məşhurlaşan oyun üslubları var. “Vaqif Sadıqov kombinasiyası”nın da belə üslublar arasına daxil edilməsi elmi qaydada mümkün deyil. Bu kombinasiyanın Azərbaycanda icad olunduğunu dünyaya yalnız mətbuat vasitəsilə çatdırmaq olar”.

Qeyd edək ki, “Vaqif Sadıqov kombinasiyası”ndan sonuncu dəfə Azərbaycan milli komandası uğurla yararlanıb. Oktyabrın 12-də Türkiyə yığması ilə keçirdiyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçının 38-ci dəqiqəsində millimiz künc zərbəsi vurmaq hüququ qazanıb. Komandamızın müdafiəçisi Mahir Şükürov künc ötürməsini yerinə yetirdikdən sonra 2 futbolçumuzun buraxdığı topu kapitan Rəşad Sadıqov qüvvətli zərbə ilə “ay-ulduzlular”ın qapısından keçirib. Məhz bu qol sayəsində millimiz qardaş ölkə yığması üzərində tarixi qələbə əldə edib – 1:0.

Elşən MƏMMƏDOV
# 608

Oxşar yazılar