Qus Hiddink: “Azərbaycanla oyunda yalnız qələbəni düşünürük”
11 oktyabr 2010 19:31 (UTC +04:00)

Qus Hiddink: “Azərbaycanla oyunda yalnız qələbəni düşünürük”

“2012-ci ilin Avropa çempionatının seçmə qrup mərhələsində 4-cü matçımıza hazırıq. Almaniya ilə son oyuna qədər gözəl başlamışdıq, amma üçüncü matçımızda 3 xal itirdik. Azərbaycanla oyunda isə hədəfimiz mütləq 3 xal qazanmaqdır”.

Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Türkiyə milli komandasının hollandiyalı baş məşqçisi Qus Hiddink söyləyib.

Qus Hiddink deyib ki, hazırda bütün plan hazırlıqları Azərbaycanla oktyabrın 12-də keçiriləcək qarşılaşmada qələbə qazanmağa yönəlib. O, Almaniyaya 0:3 hesablı məğlubiyyətdən məmnun olmadıqlarını ifadə etsə də, alınan böyük nəticəli məğlubiyyəti real sayıb. Qus Hiddink sözlərinə görə, Türkiyə FİFA reytinqində 21-ci pilləyə yüksəldiyi halda Almaniya üçüncü mövqedə qərarlaşıb: “Ona görə də Almaniya yığmasından daha güclü oyun gözlənilən idi. Bu oyunun analizi aparılıb. Müəyyən olunub ki, Almaniyaya qarşı çox az müqavimət göstərilib. Biz burada özümüzü tənqid edirik. Həmin oyunda biz Almaniyaya layiqli müqavimət göstərə bilmədik. Sabah isə bütün bunları düzəltmək üçün rəqabətli bir oyun oynayıb, 3 xal almaq fikrindəyik”.

Hollandiyalı mütəxəssis qeyd edib ki, Türkiyə yığmasının futbolçuları da qələbə qazanacaqlarına inanırlar: “Hazırda komandada bütün oyunçular Azərbaycanla oyuna hazırdırlar. Yalnız Mehmet Aurelyo zədələndiyi üçün heyətdən çıxarılıb”.

Millimiz haqqında fikirlərini bildirən Qus Hiddink bir neçə dəfə Azərbaycan komandasının oyununu videokasetlərdən izlədiyini, eyni zamanda keçən il Rusiya yığmasının baş məşqçisi kimi Bakıya səfərə gəldiyini xatırladıb. Rusiya-Azərbaycan oyununda 1:1 hesabının qeydə alındığını dilə gətirən baş məşqçi Azərbaycan yığmasını savaşcıl komanda kimi dəyərləndirib. O, sabahkı qarşılaşmanın asan olmayacağı qənaətindədir.

Mətbuat konfransında Türkiyə milli komandasının kapitanı Əmrə Belözoğlu, komandanın oyunçuları Nihat Kahveçi və Səlcuq İnan da iştirak ediblər. Əmrə Belözoğlu Arda Turanın zədə ucbatından oynamaması faktının ay-ulduzluların oyununa necə təsir edəcəyi haqda sualı cavablandırıb. O bildirib ki, Arda Turan çox önəmli oyunçudur, amma Türkiyə yığması zəif, yaxud güclü oynamasından asılı olmayaraq bir futbolçudan asılı deyil:” Almaniyaya qarşı hər kəs öz oyununu göstərsə idi, belə nəticə alınmazdı”.

Azərbaycan yığması haqqında da Əmrə Belözoğluna görə, belə rəqiblərlə oyunlarda itiridən xallar sonda Türkiyə komandasını final mərhələsindən kənarda qoya bilər: “Bunu ötən qrup mərhələlərində də görmüşük”.

Nihat Kahveçi ilə hesab edir ki, Azərbaycan kimi komandalarla oyunlar Türkiyə yığmasının əvvəlki durumuna qayıtması üçün gözəl bir fürsətdir. O həm qələbələrinin, həm də məğlubiyyətlərinin komanda şəklində oyunlarının nəticəsi olduğunu söyləyib: “Məğlubiyyət zamanı komandanın xeyli tənqid olunması, qələbə zamanı isə komandanın krallar kimi yüksəyə qaldırılması doğru deyil. Bir ortaq nöqtə tapılmalıdır”.

Əmrə Belözoğlu da Nihat Kahveçinin fikirlərinə qatılıb. O da ortaq nöqtənin tapılmasını zəruri sayıb: “Mən vaxtilə mətbuatla da belə məsələlərlə əlaqədar tez-tez dialoqa girirdim. Amma sonradan özümü suçlayırdım ki, niyə bunlarla mübahisə edirəm. Əslində ən layiqli cavabı biz meydançada verməliyik”.

Türkiyə yığmasının Azərbaycana məğlubiyyətinin faciə kimi qəbul olunması ehtimalına da münasibət öyrənilib. Səlcuq İnan bildirib ki, onlar heç nəyi faciə saymırlar, çünki futbola həm də bir əyləncə kimi baxmağı bacarırlar: “Amma qələbə üçün əlimizdən gələni etməyə hazırıq. Uduzsaq da, dünyanın sonu deyil”.

Nihat Kahveçi və Əmrə Belözoğlu da Bakıya yalnız qələbə üçün gəldiklərini və yalnız bu nəticə üçün mübarizə aparacaqlarını vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan-Türkiyə matçı Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək. Matç 20:00-da başlayacaq.


Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714

Oxşar yazılar