“Ardanın yoxluğu bizim üçün üstünlük deyil, Türkiyə yığması üçün böyük itkidir” - FOTO
11 oktyabr 2010 14:26 (UTC +04:00)

“Ardanın yoxluğu bizim üçün üstünlük deyil, Türkiyə yığması üçün böyük itkidir” - FOTO

“2012-ci il Avropa çempionatının seçmə tsiklinə 2 ağır səfər oyunu ilə başlamışıq. Xüsusən, Almaniya yığmasına qarşı oynamaq çox çətindir, demək olar ki, mümkün deyil. Türkiyə də eyni əziyyəti çəkdi. Avstriya ilə qarşılaşmada isə erkən buraxdığımız ilk qoldan sonra ruhdan düşdük. İkinci hissədə isə etiraf edək ki, gücümüz çatmadı. Amma Türkiyə milliləri ilə öz azarkeşlərimiz qarşısında oynayacağıq. Çalışacağıq ki, əvvəlki məğlubiyyətləri unutduraq”. Lent.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının kapitanı və Türkiyənin “Kayserispor” klubunun futbolçusu Rəşad Sadıqov oktyabrın 11-də keçirdiyi mətbuat konfransında deyib.

Sadıqovun fikrincə, yığmamızın oktyabrın 12-də Türkiyə ilə Tofiq Bəhramov adına Respublika stadionunda oynayacağı qarşılaşma sərt mübarizə şəraitində keçəcək. Çünki hər iki komanda sərt oyuna meyllidir. Lakin 28 yaşlı müdafiəçi sərt oyunun kobudluğa çevrilməməsinə çalışacaqlarını bildirib. Onun sözlərinə görə, qarşıda qış transfer dövrü gəldiyindən, Türkiyə ilə qarşılaşma futbolçularımızın özlərini göstərmələri baxımından da əlverişli sınaqdır.

Kapitan yığmamızın hər bir matça uduzmamaq üçün çıxdığını vurğulayıb: “Hər oyuna çıxanda məğlub olmamaq, yaxşı oynamağı düşünürük. Avstriya Qazaxıstanla görüşdə 8 qol imkanı əldə etsə də, bunların cəmi 2-dən yararlandı. Amma millimiz cəmi 3 səhv buraxdı, avstriyalılar da bunlardan layiqincə yararlanıb, 3 qol vurdu. Bu gün bizə kimsə yuxarıdan aşağı baxırsa, günah özümüzdədir. Hər seçmə tsikldə 3-4 xal toplayacağıqsa, bizə yuxarıdan aşağı baxacaqlar. Əgər biz də çoxlu xal yığsaydıq, zəiflərə eyni gözlə baxardıq”.

Sadıqov Türkiyə millisinin heyətində Arda Turanın oynamamasını yığmamız üçün üstünlük deyil, rəqib üçün böyük itki adlandırıb: “Çox istərdim ki, bizə qarşı Arda Turan da oynasın. Çünki o, sevdiyimiz futbolçudur. Təəssüf ki, 4 ayadək oynaya bilməyəcək. Arda hücum xəttində oyunu öz üzərinə götürən oyunçudur. Onun yoxluğu böyük itkidir. Digər tərəfdən, Türkiyə yığmasında Əmrə Belözoğlu kimi bütün komandanı arxasında daşıyan, oyunu öz üzərinə götürməyi bacaran futbolçu var. Həmid Altıntop da çox faydalı oyunçudur”.

Yığmamızın kapitanı “Demək olar ki, hər seçmə tsikldə güclü komandalardan biri millimizlə qarşılaşmada xal itirərək, final mərhələsinə yollana bilmir. Bu dəfə belə bir komandanın Türkiyə olacağını düşünmürsünüz?” sualını belə cavablandırıb: “Bu dəfə yalnız bir komandanın millimizə qurban getməsini arzulamırıq. İstərdik ki, qurbanımız 2-3 yığma olsun”.

Mahir Şükürov: “Mənə ötürmə gəlmir”

Mətbuat konfransında millimizin digər üzvləri - “Qəbələ”nin mərkəz müdafiəçisi Saşa Yunisoğlu və Rusiyanın “Anji” komandasında çıxış edən sağ cinah yarımmüdafiəçisi Mahir Şükürov da iştirak edib. Şükürov 2012-ci il Avropa çempionatının seçmə tsiklində ilk iki görüşdə yığmamızın oyununun alınmadığını etiraf edib. 28 yaşlı oyunçunun fikrincə, bu, futbolçuların çoxunun formada olmaması ilə əlaqədardır. Türkiyə ilə qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyən təcrübəli futbolçu bildirib ki, ən yaxşı nəticə qələbə sayılacaq.

Öz oyununa gəldikdə, Şükürov çıxış etdiyi cinaha çox ötürmə verilməməsindən şikayətlənib: “Çıxış etdiyim “Anji” klubunda sağ cinahdan çoxlu hücumlar qururuq. 2010-cu il dünya çempionatının seçmə mərhələsindəki oyunlarımızda da sağdan daha çox hücum qururduq. Amma indi mənim çıxış etdiyim cinaha ötürmə gəlmir. Ona görə də qapı qarşısına ötürmələr verə bilmirəm”.

O, sağ cinaha ötürmələrin verilməməsinin səbəbini açıqlamasa da, mərkəzi qısa ötürmələrlə keçməyin baş məşqçi Berti Foqtsun tapşırığı olduğunu bildirib. Yığmamızın hücumçularının “dişsizliy”ini etiraf edən Şükürov əcnəbi futbolçuları milliləşdirməyin əleyhinə olduğunu açıqlayıb. “Anji”nin oyunçusunun fikrincə, hazırda Unibank Premyer Liqasında yığmamızın oyununu gücləndirməyə qadir futbolçu yoxdur: “Hər hansı əcnəbini erkən yaşlarından milliləşdirmək mümkündür. Amma 30 yaşından sonra Azərbaycan pasportu alacaq legionerin bizə heç bir faydası olmayacaq”.

Saşa Yunisoğlu: “Hamımız günahkarıq”

Yunisoğlu isə Avstriya ilə qarşılaşmada təkcə özünün deyil, hamının günahkar olduğunu bildirib. O, oktyabrın 12-də yaxşı çıxış edərək, uğurlu nəticə göstərmək istədiklərini açıqlayıb. 25 yaşlı müdafiəçi Avstriya ilə qarşılaşmadan cəmi 4 gün sonra daha bir rəqiblə görüş keçirməyin çətinliyini etiraf edib. Bununla belə, “Qəbələ”nin futbolçusu Türkiyə ilə qarşılaşmayadək bərpa dövrü keçdiklərini və özlərini növbəti oyuna hazır hiss etdiklərini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan – Türkiyə matçı saat 20:00-da başlanacaq.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1661

Oxşar yazılar