“Xəzər Lənkəran” vahid lider, məğlubedilməz və qol buraxmayan yeganə komandaya çevrildi
27 sentyabr 2010 11:48 (UTC +04:00)

“Xəzər Lənkəran” vahid lider, məğlubedilməz və qol buraxmayan yeganə komandaya çevrildi

Lent.az-ın məlumatına görə, hesabat turunda 6 qarşılaşmadan 5-i baş tutub.

“Bakı” – “Turan” görüşü güclü yağışın Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünü bərbad vəziyyətə saldığı üçün təxirə salınıb. Oyun sentyabrın 27-də saat 18:00-da keçiriləcək.

Turun əsas matçı isə Lənkəranda “Xəzər Lənkəran” və “Neftçi” komandaları arasında təşkil olunub. Oyun boyu ərazi üstünlüyünə malik meydan sahibləri qonaqların 1 xal arzusunu 89-cu dəqiqədə gözündə qoyublar. Argentinalı hücumçu Dieqo Ruis oyuna daxil olduqdan 8 dəqiqə sonra topu başla flaqmanın qapısından keçirib – 1:0.

“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikdən fərqli olaraq, onun “Neftçi”dəki həmkarı Arif Əsədov start heyətinin qurulmasından tutmuş etdiyi əvəzləmələrədək bir sıra yanlışlıqlara yol verib. Onun ilk “11-lik”də cəmi 1 sırf hücumçuya güvənməsi ən yaxşı halda əks-hücumda qələbəyə nail olmaq istəyi kimi dəyərləndirilə bilər. Amma bu da lazımi effekti verməyib. Son dəqiqələrədək cəmi 1 əvəzləmə edən Əsədov Rəşad Abdullayevi 67-ci dəqiqədə meydançadan çıxararkən, oyunçunun intizamsız davranışı ilə qarşılaşıb. Abdullayev meydançanı tərk etdikdən sonra ehtiyat oyunçular skamyasına yox, paltardəyişmə otağına yollanıb. Bu qarşılaşmayadək bütün oyunlarda qol vurmuş Bahodir Nasimov topla lazımi səviyyədə təchiz olunmadığı üçün fərqlənə bilməyib. Onun əvəzinə 87-ci dəqiqədə Emil Mpenza meydançaya daxil olduqdan 2 dəqiqə sonra isə flaqman qapısında qol görüb. Məhz bu vaxt Əsədov daha bir hücumçu – Fərid Quliyevi meydançaya buraxıb. Amma “Neftçi”nin hesabı bərabərləşdirməyə nə vaxtı, nə də imkanı çatıb.

Bu qələbə sayəsində “Xəzər Lənkəran” liderliyi ələ alıb və çempionatda yeganə məğlubedilməz və qapısında qol görməyən komandaya çevrilib.

“Gəncə” komandası cari çempionatda ilk qələbəni son çempion “İnter” üzərində qazanıb – 1:0. Eyni nəticə “Muğan” – “Simurq” qarşılaşmasında da qeydə alınıb. “Qəbələ” isə öz meydançasında ilk qələbəni Avropa Liqasının “pley-off” mərhələsinədək irəliləməyi bacaran “Qarabağ” üzərində əldə edib. Nəhayət, AZAL MOİK-i yenərək, 3-cü pilləyə yüksəlib.

25 sentyabr (şənbə)

“Muğan” (Salyan) – “Simurq” (Zaqatala) – 1:0

Angel Qutyerres, 17
Qırmızı vərəqə: Rasim Ramaldanov, 38 (“Simurq”)

“Qəbələ” – “Qarabağ” (Ağdam) – 2:1
Deon Barton, 57. Branimir Subaşiç, 72 – Emin İmaməliyev, 83

“Xəzər Lənkəran” – “Neftçi” (Bakı) – 1:0
Dieqo Ruis, 89

26 sentyabr (bazar)

AZAL (Bakı) – MOİK (Bakı) – 2:0

Vüsal Qarayev, 39. Qvidas Yuşka, 90

“Gəncə” – “İnter” (Bakı) – 1:0
Samir Zərgərov, 21

27 sentyabr

20:00. “Bakı” – “Turan” (Tovuz)

Hakimlər: Elnur Muradov, Azər Əsgərov, Elşən Durmuşov, Fuad Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
T.Bəhramov adına Respublika stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 805

Oxşar yazılar