Niyə quşlar səhər tezdən  bu qədər ucadan  oxuyurlar?
27 yanvar 2026 19:46 (UTC +04:00)

Niyə quşlar səhər tezdən bu qədər ucadan oxuyurlar?

0

Səhər tezdən quşların oxuması bəziləri üçün romantik və sehrli səslənsə də, bəziləri üçün gözlənilməz canlı zəngli saata çevrilə bilər. Lakin hər gün eşidilən bu təbii sinfoniyanın arxasında sadəcə gözəl bir vərdiş deyil, daha dərin bioloji səbəblər dayanır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, quşlar sübh vaxtı oxumağı istədikləri üçün deyil, bədənləri ilk işıqla birlikdə oxumağa proqramlaşdırıldığı üçün belə davranır.

Alimlərin səhər xoru adlandırdığı bu hadisə canlı aləmdə günün başladığını göstərən ən güclü bioloji siqnallardan biri hesab olunur. Günəş doğan kimi müxtəlif quş növləri eyni anda səmanı səslə doldurur və bu oxuma o qədər intensiv olur ki, bəzən teatr tamaşasını xatırladır.

Bu fenomen əsrlərdir müşahidə olunsa da, onun əsl səbəbləri uzun müddət tam aydın deyildi. Lakin Koreya Beyin araşdırmaları institutunun yeni tədqiqatı quşların niyə məhz səhər saatlarında oxumağa üstünlük verdiyini izah edib və nəticələr olduqca maraqlı alınıb.

İşıq əsas tətikləyicidir

Araşdırmalar laboratoriya şəraitində zebra amadinləri üzərində aparılıb. Nəticələr belə olub. Yaxşı işıqlanan mühitdə erkək quşlar yüzlərlə dəfə oxuyub, tam qaranlıqda isə bir dəfə belə səs çıxarmayıb

Tədqiqatçılar süni şəkildə gün doğumunu 3 saat gecikdirəndə quşlar daha çox yatmayıb. Onlar adi vaxtında oyanıb, qaranlıqda hərəkət edib, lakin oxumağı saxlayıblar. İşıq görünən kimi isə oxuma daha tez başlayıb və normal şəraitdən daha güclü şəkildə davam edib.

Ən maraqlı məqam isə belə olub. Quşlara 10 saniyəlik işığı özlərinin yandırmaq imkanı veriləndə, onlar bu seçimdən tez-tez istifadə ediblər. Sanki oxumaq üçün işığın gəlməsini səbirsizliklə gözləyiblər.

Quşlar niyə məhz səhər oxuyur?

Alimlərin fikrincə, səhər oxumağı bir neçə vacib funksiyanı yerinə yetirir:

Səsin “qızdırılması”

Gecə istirahətindən sonra quşların səs aparatı müəyyən mənada “oyanmağa” və uyğunlaşmağa ehtiyac duyur. Sübh vaxtı intensiv oxuma səsi tez formaya salır və gün ərzində daha yaxşı ünsiyyət qurmağa kömək edir.

Sağlamlıq və güc siqnalı

Oxuma quşlar üçün güc, dözümlülük və sağlamlıq göstəricisidir. Daha ucadan və inamla oxuyan quş həm cüt tapmaqda üstünlük qazanır, həm də rəqibləri uzaqlaşdıra bilir.

Təhlükəsizlik və sosial əlaqələr

Səhər oxumaları eyni zamanda ərazinin “mənə məxsus olduğunu” bildirmək, təhlükəni xəbərdar etmək, dəstə ilə əlaqəni qorumaq, partnyor və balalarla bağları möhkəmləndirmək üçün istifadə olunur.

İnsanlarla quşlar arasında maraqlı bənzərlik

Müəyyən mənada quşlar da insanlar kimidir. Onlar da oyandıqdan sonra danışmağa, özünü ifadə etməyə, dünyaya səsini çatdırmağa hazır olurlar. Quşların oxuması sadəcə səs deyil, həyatda qalmaq üçün vacib olan bir ünsiyyət formasıdır.

Əgər insanlar üçün səhər çox vaxt qəhvə və yavaş-yavaş günə başlamaq deməkdirsə, quşlar üçün bu an “eşidilməli olduqları” ən önəmli vaxtdır.

Növbəti dəfə quşların səhər oxuması sizi planlaşdırdığınızdan tez oyatsa, bunu təsadüfi səs-küy kimi yox, işıq, biologiya, ünsiyyət, təhlükəsizlik və hətta “sevgi” ilə bağlı mürəkkəb bir mexanizm kimi qəbul etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar