Şuşalı ağqvardiyaçı zabitin qızı, 3 dahinin xanımı, ölümünə iki gün qalmış qonaqlıq... – HƏYAT HEKAYƏTİ
13 yanvar 2021 09:00 (UTC +04:00)

Şuşalı ağqvardiyaçı zabitin qızı, 3 dahinin xanımı, ölümünə iki gün qalmış qonaqlıq... – HƏYAT HEKAYƏTİ

 

“Yükü hər kirpiyimin bir buludun leysanı

Gözümü yumsam əgər sel-su tutar dünyanı…”

Barat xanım Şəkinskaya xəyalımda Bayram Bayramovun ssenarisi ilə Ziyafət Abbasovun ekranlaşdırdığı “Onun bəlalı sevgisi” dramatik komediya filmindəki nənə obrazı ilə qalıb. Nəvəsinə tez-tez Xəyyamdan bu beyti deyən, çiynində hörmə yaylıq, nurani-ziyalı nənə obrazında. Əslində, “Görüş”dəki Şövkət, “O olmasın, bu olsun”da dayə də maraqlı və fərqli obrazlardır, niyə bu nənə obrazı yaddaşıma həkk olunub? Çünki Barat xanım o obrazda özü idi, oynamırdı.

Barat Şəkinskaya Dezdemonanı, Cülyettanı oynayardı - yaradardı, cildinə girərdi, rolda olardı - necə deyirsiniz, elə də olsun və sənətkar olduğu üçün məharətlə öhdəsindən gələrdi ki, indiyə qədər teatrşünaslar o obrazdan bəhs etsin. Əslində bəyzadə Barat xanım obrazı həmin nənə idi.

80-82 yaşlarında evində onunla görüşüb müsahibə alanda qarşımdakı məhz həmin o nənə Barat xanım idi, istədiyim obrazla-aktrisa ilə həmsöhbət idim.

Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı Gövhər xanım qızı Ağcanı Şuşanın daha bir tanınmış nəslindən olan Həbib xan Şəkinskiyə ərə vermişdi. İki bəyzadə nəslin arzuedilən bir ailəsi qurulmuşdu, amma… Ağca xanımın bir-birinin ardınca dünyaya gətirdiyi uşaqların üçü də ölü doğulmuşdu.

Təbii ki, adlı-sanlı bir nəsildə belə bir hal qəbuledilməz idi və buna görə gəlin, qayınanası Ziba bəyimin “gözünün düşməni”nə çevrilmişdi.

Ağca xanım növbəti dəfə hamilə olanda Ziba bəyim hikkəsini gizlətmədən oğluna -"arvadını götür apar, ölü uşağını atası evində doğsun” - deyir.

Ağca xanım uşağı Gövhər xanımın yanında dünyaya gətirir. Gövhər xanım işini ehtiyatlı tutur - Şuşanın ən məşhur mamasını, bir neçə şahidlə çağırır və Şuşanın tanınmış həkimi Kərim bəy Mehmandarovu dəvət edir. (https://lent.az/xeber/heyat-hekayeti/terror-epidemiya-ve-cehaletle-doyus-xalq-dusmeni-susali-hekimin-nisgili-colorredheyat-hekayeticolor-373258)

1915-ci il iyunun 7-də uşaq dünyaya gəlir, diri, amma çox zəif. Buna görə də onun dünyaya gəlişini hikkəli nənəsinə üç həftədən sonra deyirlər, sağ qaldığına əmin olduqdan sonra. Uşaq da o qədər zəif olur ki, dünyaya gələndən 21 gün sonra səsi çıxıb-ağlayır.

Nənəsinə xəbəri verəndə cavabı bu olur ki, Ağca diri uşaq dünyaya gətirə bilməz.

Belə olan halda oğlu anasından üz döndərir, o evə bir daha qayıtmır. Həbib xan baş götürüb, Rusiyaya gedir. Hərbçi zabit kimi müxtəlif rütbələrdə Denikin ordusunda xidmət edir, döyüşlərdə olur, sonra vətənə qayıdır.

Uşağın doğum tarixi nənəsinə xəbər verilən gündən götürülür -1915-ci il iyunun 28-dən. Adını da “tanrı hədiyyəsi” mənasında Barat qoyurlar.

Ayağı sayalı olur tanrı ərməğanının, ardınca daha bir qız gətirir - bacısı Səriyyə olur. Barat atasını beş yaşı olanda son dəfə görüb. Ağca xanım üçüncü uşaq gözləyirdi, Həbib bəy 1920-ci ilin qışında Şura hökumətini qəbul etməmək üçün xanımını və üç uşağını qayınanasına əmanət edib, gedir.

Sonra ailəsini də yanına aparmaq üçün göstərdiyi bütün cəhdlər boşa çıxır, hər dəfə ailənin olan-qalanını, uşağın bələyində gizlətdikləri qızıl-zinət əşyalarını, mindikləri ata qədər, alıb, onları geri qaytarırlar.

İllər sonra Barat Şəkinskaya Türkiyəyə qastrolu zamanı atasının İrandan keçib Türkiyədə yaşadığını, anasına sadiq qalaraq heç vaxt evlənmədiyini, 1955-ci ildə vəfat etdiyini öyrənir.

Bunları ərz etdim ki, bir aktrisanın taleyinin fonunda millətimizin başına gətirilənlərdən bir daha hali olaq.

Nənəsi Ziba bəyim illər sonra Barat xanımın himayəsində yaşayıb, dünyayla vidalaşır və aktrisa bir dəfə olsun onun üzünə vurmur ki, niyə məni uşaqkən qəbul etmədin, ailəmizi didərgin saldın…

Bunlar sonra olacaqdı…hələ 1920-ci ildir və Barat uşaqkən ilk dəfə Şuşada göstərilən "Şəbih" tamaşasında Səkinə rolunda oynayır. İlk təhsilini də Şuşada almaq qismət olur ona.

1920-ci il avqustun 21-də anası uşaqları Barat, Səriyyə və Süleymanla birlikdə Şuşanı tərk edib əvvəlcə Ağdama, 1923-cü ildə isə Ağcanın Gəncədəki bacısının köməkliyi ilə ora köçüblər.

Barat Gəncədə əvvəlcə 2 saylı qız məktəbində, sonra isə Gəncə pedaqoji məktəbində təhsil alıb. Məktəbin və şəhərin dram dərnəklərində iştirak edirdi. Pedaqoji məktəbi bitirən kimi, 1930-cu ildə onu Sərkər kənd məktəbinə müəllim göndəririlər.

Onsuz da müəllim işləyə-işləyə aktrisalığını da davam etdirirdi. Çalışdığı klubun direktoru Mir İbrahim Həmzəyevlə tanışlığı artıq həyatının yönünü müəyyən edir.

Artıq bir dəfə evlənib ayrılmış və bir qızı da olan Mir İbrahim Həmzəyev özündən 8 yaş kiçik, 16 yaşlı Barata elçi düşür. Anası Ağca bu izdivaca razılıq vermədiyindən qız qoşulub Mir İbrahimə qaçır. Nənəsinə oxşayıb bu hikkəsiylə.

Həmin vaxtlar təbiidir ki, klubda qoyulan bütün tamaşalarda Barat baş rollarda idi - Dezdemona, Ofeliya, Şirin, Leyli və sair.

Bir il sonra qızları dünyaya gəlir - Solmaz. Cəfər Cabbarlının "Od gəlini"nin qəhrəmanının şərəfinə adını belə qoymuşdular.

Bütün alovlu və tələskən sevgilərin sonu kimi, bu izdivac da xəyanətlə başa çatıb.  Qucağında uşaq işə gələn Barat xanım həyat yoldaşını yay teatrında skamyada aktrisalardan biri ilə qucaqlaşan görür.

Kişi gecələri Ağca xanımın evinin pilləkənlərində keçirir ki, anasının yanına qayıtmış Barat bəlkə bağışlaya onu. Bu dəfə Ağca xanım Barata – onun ahı tutacaq bizi-deyir, qız evlənəndə olduğu kimi yenə heç kimi eşitmir.

Mir İbrahimin ayrılmamaq üçün bütün cəhdləri boşa çıxır, ayrılırlar.

Bir müddət sonra isə artıq Gəncə teatrı adını almış mədəniyyət ocağını tərk edib, qızını anasına verib, yollanır Bakıya.

Söhbət etdiyimiz hadisələr 30-cu illərə təsadüf edir. Həmin illər isə hamıya məlumdur ki, repressiya illəri idi. Azərbaycanlı sayılıb-seçilən, bəyzadə, xanzadə nəslindən olan insanların repressiyaya məruz qaldığı illər. Qılınc Barat xanım Şəkinskayanın da başının üstündən bir neçə dəfə keçmişdi o tərəf - bu tərəfə.

Bir həqiqət də vardı ki, məhv edilmək yalnız cismani xarakter daşımırdı, kimisini də ruhən, ya da şəxsiyyəti məhv edirdilər iş bitirdi onunla da, adam olurdu marionetka.  

Bakıda bir vaxtlar dərnəkdə tanış olduğu Adil İsgəndərovla rastlaşması onu Akademik teatra gətirib çıxardır. Elə ilk rolu ilə şöhrətə çatır Barat xanım.

Teatrın gənc, gözəl aktrisaya ehtiyacı vardı. Aktrisa 23 yaşında əməkdar artist adına layiq görülüb. Onun tamaşalarına Mir Cəfər Bağırov da gəlib baxırdı.

Qəribədir ki, bu teatrın tarixi boyu aktrisalar arasındakı qısqanclıq, intriqa Barat xanımdan uzaq olub. Əslində, qəribə deyil, Barat xanımın xarakterindən irəli gəlir. Aktrisa heç vaxt şöhrət hərisi olmayıb, baş rol üçün özünü fəda etməyib, nə düşübsə onu oynayıb və bəxtinə yaxşı obrazlar və peşəkar rejissorlar düşüb.

Bəxtinə peşəkar rejissor düşüb deyəndə teatrda oynadığı tamaşaları deyirdim, amma həyatında da belə olub.

Daha bir peşəkar rejissorla - Şəmsi Bədəlbəyli ilə bu teatrda tanış olub evləniblər.

Qızını da Bakıya gətirmək istəyinə anası razılıq vermir. Bu dəfə Barat xanım eşidir anasını. Qızı Solmaz Həmzəyeva yalnız 10 yaşında anasına qovuşur və Şəmsi Bədəlbəylini atası zənn edirdi. Bir gün Gəncədə teatr lojasında təsadüfən Mir İbrahimlə tanış olur, əsl atası olduğunu elə oradaca öyrənir.

Barat xanımın Şəmsi Bədəlbəyli ilə evliyində daha bir qızı dünyaya gəlir - Rövşanə Bədəlbəyli. 

Mir İbrahim isə Barat ailə qurandan da bir neçə il sonra aktrisa Zəroş Həmzəyeva ilə evlənib. İki oğlu, bir qızı olsa da, həmişə Solmazı görmək istəyib. Bu isə yalnız Baratdan gizlin mümkün olurdu, kiminsə vasitəçiliyi ilə.

Barat xanımın Şəmsi Bədəlbəyli ilə evliliyi 6 il çəkib.

Boşanandan sonra, 1943-cü ildə Barat xanım yenidən Gəncə teatrına qayıdır. Ondan bir il əvvəl həmin teatra Mehdi Məmmədov baş rejissor təyin edilmişdi, Moskvada təhsil alıb, təyinatla göndərilmişdi.

Rejissor Bakıda tez-tez Akademik teatrın tamaşalarında olurmuş, xüsusən Barat xanımın  oynadığı tamaşalarda. Barat xanım boşanan kimi Mehdi Məmmədov onu Gəncə teatrına işləməyə dəvət edib. Belə…

Barat Şəkinskaya 1944-cü ildə üçüncü dəfə ailə qurub, özündən 3 yaş kiçik rejissor Mehdi Məmmədovla. İki şuşalının məhəbbəti hələ Barat xanım boşanmazdan öncə varmış deyirlər, Barat xanım isə heç vaxt gizli münasibətlərin və xəyanətin tərəfdarı olmayıb. Şəmsi Bədəlbəylidən boşanmasının da kökündə bu səbəb durur. 

Üçüncü evlilikdən Elçin Məmmədov dünyaya gəlib, “Dədə Qorqud”da Qaraca Çobanı, “7 oğul istərəm”də Mirpaşanı oynayan teatr rəssamı, ürək tutmasından dünyasını vaxtsız dəyişən, Mehdi Məmmədova oxşayan Elçin Məmmədov.

Onu da deyim ki, pərəstişkarı Mir Cəfər Bağırov Gəncə teatrından gələn Şəkili (elə bilirmiş Barat xanım Şəkidəndir) aktrisanın tamaşalarda olmadığını görüb maraqlanır, səbəbini öyrənib, Adil İsgəndərova təkidlə tapşırıq verir ki, qaytar onu teatra.

Adil İsgəndərov zəng vuranda Barat xanım Gəncə teatrının baş rejissoru ilə ailə qurduğunu deyir.

Bəlkə də elə sirlər var ki, Barat xanım onları özü ilə də aparıb, heç kimə demədən, deyə bilmədən. Axı, dövr sirlərlə dolu dövr idi - 1930-50-ci illər.

Adil İsgəndərov Mircəfər Bağırova həqiqəti deyəndə Bağırov “ərini də götürüb qayıtsın” – deyir. 

Elçin Məmmədov dünyaya gələndə onlar artıq Azdramada birlikdə işləyir və hökumətin onlara hədiyyə etdiyi mənzildə yaşayırdılar, 1946-cı il idi.

7 il sonra ayrılırlar, Barat xanımın ərizəsiylə. Artıq xalq artisti olan aktrisa teatrdan da ayrılır, dörd il Adil İsgəndərovun rəhbərlik etdiyi “Azərbaycanfilm” kinostudiyasında çalışır. Zatən o vaxta qədər də filmlərə çəkilirdi. Yeni açılan televiziyada diktor, filarmoniyada aparıcı işləyir.

1960-cı ildə Mehdi Məmmədov bu teatra baş rejissor təyin ediləndə Barat xanım yenidən teatra qayıdır, amma teatra. O zaman artıq Mehdi Məmmədov Şəfiqə Məmmədova ilə evli idi.

Mehdi Məmmədovun Şəfiqə xanımdan bir oğlu da var. Şəmsi Bədəlbəylinin də oğlu Fərhad Bədəlbəylini hamı tanıyır.

Sənət aləmində bu uşaqların bir-birinə doğma münasibətlərinə hamı həsədlə baxır.

Rövşanə Bədəlbəyli xaricdə yaşayır. Ülvi Məmmədov teatr sahəsində çalışır. Solmaz Həmzəyeva uzun illərdir dövlət televiziyasında işləyir.

Barat xanım Şəkinskaya 1978-ci ildə teatrı öz ərizəsi ilə tərk edib. Lazerlə şəkil çəkən fotoqrafın səriştəsizliyindən bir gözünü itirən Barat xanıma süni göz düzəldirlər. Özü bu olayı da optimizmlə qəbul edirdi. Yeri gələndə zarafatla “gözümü taxıb gəlirəm” deyirmiş.

Ümumiyyətlə, həyat eşqi ilə dolu xanım idi. Sadəcə, yerini bilirdi, həddini bilirdi. Səhnədən getmək lazım olduğu məqamda səhnədən getmək qərarı verə biləcək qədər.

Məşq zamanı yuxuladığını hiss edəndə düşünüb ki, daha getmək vaxtıdır və gedib. Zərnigar Ağakişiyeva da onun kimi etmişdi, vaxtında səhnəni - həyatı qədər sevdiyi səhnəni tərk etmişdi. Bəlkə də bu addım onların özünə çox ağır başa gəlib, amma atıblar onu, mərdanə. Barat xanım bəyzadə kimi getdi, evində rahat təqaüd yaşını yaşadı.

Mətbəxi, evi sevdi, dadlı yeməklər hazırlayıb evində qonaq qəbul edir, teatr tədbirlərinə gedirdi. Bir də oğlu Elçinlə öz evində vaxt keçirməyi sevərdi. Elçin Məmmədov da anası ilə olduğu qədər heç yerdə xoşbəxt olmazdı.

Vəfatından iki gün əvvəl dövlət televiziyasına müsahibə verib, onlar üçün dolma bişirib, süfrə açıb.

Barat Şəkinskaya 1999-cu il yanvarın 14-də 84 yaşında evində vəfat edib. Məzarı ikinci Fəxri Xiyabandadır.

***

“Yükü hər kirpiyimin bir buludun leysanı

Gözümü yumsam əgər sel-su tutar dünyanı…”

Barat xanım Şəkinskaya xəyalımda Bayram Bayramovun ssenarisi ilə Ziyafət Abbasovun ekranlaşdırdığı “Onun bəlalı sevgisi” dramatik komediya filmindəki nənə obrazı ilə qalıb. Nəvəsinə tez-tez Xəyyamdan bu beyti deyən, çiynində hörmə yaylıq, nurani-ziyalı nənə obrazında...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 53700
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar