taxi
09:00 24 dekabr 2020

Sürgündə doğulan, ömrünü məhbəs kimi yaşayan, qışda ölən Bahar qızın nağılı... – HƏYAT HEKAYƏTİ

O, həyatın qapısını çoxdan çırpmışdı üzümüzə, indi gedən cismi oldu... ruhu çoxdan tərk etmişdi bu dünyanı. Allah rəhmət eləsin ilk Bahar qıza...

Səfurə İbrahimovadan danışıram. Aktrisa, Xalq artist, prezident və dövlət mükafatçısı. Bir dövr səhnəmizin və kinomuzun parıltısı, küçədə barmaqla göstərilən Bahar qızdan.

Bir tərəfi Mərdəkanlı, bir tərəfi Şağanlı - təmiz bakılı ailəsində böyüyüb. Atası Ağabala İbrahimov Bakıda iki tanınmış ticarət adamından biri idi. Malı, mülkü, dükanları. Yoldaşı Ayna xanım aynalanıb ipək-xara geyinib, süslənsə də hələm-hələm toy-nişanda görünməyən varlı Bakı xanımlarından imiş.

1937-ci ildə sovet imperializminin malını-mülkünü əlindən alıb ucqara sürgün etdiyi ailələrin sırasında Ağabalanın da ailəsi vardı. Azərbaycanın o qədər ucqar, gözdən-könüldən uzaq, ilan mələyən quraqlıq bir yerinə sürgün ediliblər ki, ailədən kimsə oranın adını xatırlamır. Onu bilirlər ki, cəhənnəm idi, cəhalət bürümüş bir mühit. Səfurə də 1938-ci ilin dekabrın 27-də sürgündə dünyaya gəlib. Ailədə atasının birinci arvadından olan qızı ilə birgə yeddi uşaq olublar - 4 qardaş, 3 bacı.

Yerli əhali sürgün olunmuş “varlılar”ı yola vermirmiş, onlara iş də tapılmırdı. Ailə yoxsulluq çəkib. Üstəlik, başlarını çölə çıxarda bilmirdilər, uşaqları gözüqıpıq olmuşdu, döyüb qaytarırdılar. Anası da səslərini çıxartmağa qoymazmış ki, burdan da sürgün edərlər bizi. 

Sürgün həyatı başa çatır, qayıdırlar Bakıya. Yurd-yuvasız adamlar Bakıda yer, iş tapınca yenə əziyyətlə yaşayıblar. Səfurə ömrünün sonuna qədər uşaq vaxtı onun sevimli qırmızı paltosunu anasının çörəkpulu üçün satmaq istədiyindən danışıb ağlayırmış.

Ailə çox korluq çəkdiyindən Səfurənin 13 yaşı olanda pioner düşərgəsində işləyən dayısı onu özü ilə işə aparır. Düşərgə üçün yemək bişirilən böyük qazanı qaldırmalı olan zəif cüssəli Səfurəni qan götürür. Özündən gedən qız bir neçə gün sonra gözlərini açanda böyük bacısı onun ağzına zorla çuğundur şirəsi tökürmüş.

Orta məktəbi bitirəndən sonra sənədlərini Tibb İnstitutuna verən Səfurə son imtahandan kəsilir, həkim olmaq arzusuna çata bilmir, amma yaşamaq üçün pul qazanmaq lazımdır, “Stalinneft”də fəhlə işləyə-işləyə Səfurə dayısının kitabxanasından gizlicə kitablar götürüb oxuyur, təhsil almaq üçün çalışırdı.

Bir dəfə təsadüfən rəfiqəsinə qoşulub, gedir Adil İsgəndərovun yaratdığı aktyorluq kursuna.

O düşən düşür sənətin girdabına. Uzun müddətdən sonra Adil İsgəndərov ona da diqqət ayırıb, əvvəlcə yoxlayır, sonra öyrətməyə başlayır. 1960-cı ildə qəbul olunduğu İncəsənət İnstitutunda isə Rza Təhmasibin kursuna düşüb. İki ustad sənətkarın yetirməsi olmaq qaranlıqda işıq seli idi Səfurə İbrahimovanın həyatında.

Amma ailəsi bunu belə qəbul etmirdi. Qız gedib aktrisalıq oxuyurdu, onsuz da problemlərin içində olan ailənin bir bu dərdi çatmırdı. Anası sözə baxmayan qızını oturub-durub azarlayırdı: “Səni görüm heç vaxt gəlinlik geyinməyəsən, başın duvaq görməsin…”

Rza Təhmasib elə 1-ci kursdan artıq Adil İsgəndərovun kursundan hazır gələn tələbəsini Dram teatrında qoyduğu tamaşaya rola dəvət edir. İslam Səfərlinin “Ana ürəyi” dramında Xatirə rolu Səfurə İbrahimovanın sənətə vizit kartı olur.

Bir il sonra onu teatrın aktyor truppasına ştata qəbul edilər. Bu, o vaxtlar hər tələbə-aktyorun şansı deyildi. Amma onu da deyim ki, qarşısında da Hökümə Qurbanova kimi eqosundan teatrı başına götürüb gəzən bir aktrisa vardı. Arxası möhkəm olduğundan baş rollar onun idi, qarşısına keçən gərək sənətdən də əlini üzmüş olaydı. Səfurə İbrahimovanın isə xaraktercə döş-döşə gəlməklə, dava-dalaşla, intriqa ilə işi olmazdı.  Adil İsgəndərov bu səbəbdən ona dayaq olurdu, yoxsa tapdayıb keçərdilər onu aktrisalar. Adil İsgəndərov sənətdə o qədər ədalətli idi ki, onun yaratdığı mühitdə hər kəsin öz yeri vardı, kimsə başqasının yerində ola bilməzdi. Yetirmələrindən olsun, ya dostu-düşməni, fərqi yoxdu. Səfurə İbrahimova teatrda uğurla Sevili oynayıb.  Rusiyalı rejissor ona kinoda Dilbər rolunu həvalə etmək istəyəndə də ustad etiraz edib. “Səfurə Gülüşü, Sevili oynaya bilər, Dilbər onluq deyil. Dilbəri ya Şəfiqə Məmmədova, ya Amaliya Pənahova oynayar” - demişdi.

Bununla belə rejissor inadından əl çəkmədən “Sevil” opera-filmində onu Dilbər roluna çəkir. Səfurə xanım buna görə ustadından incisə də, illər sonra vəziyyəti sənətkar baxışı ilə dəyərləndirib ona haqq qazandırmışdı.

Hökümədən isə onu Fatma Qədiri “xilas edirdi”.  Şəfiqə Məmmədova, Amaliya Pənahova, Zərnigar Ağakişiyeva Səfurədən sonra gəlmişdilər həmin teatra. Ona qədərkilər yaşlı, ondan sonra gələnlər isə sonrakı nəsil idi. Artıq yaşlanmış Nəcibə Məlikova öz rollarını məmnunluqla Səfurə İbrahimovaya verirdi ki, gənclərə yol açmaq lazımdır.

Səfurə İbrahimova teatrın bir dövrünün əsas aktrisası olub, saysız obrazlar yaradıb. Hamısını sadalamayacam, çünki oxucunun bu sadalamanı sevmədiyini bilirəm və vikipediyada var bunlar. Onu deyim ki, Səfurə İbrahimova teatrda oynanılacaq bütün rolları oynamışdı, heç bir əsərdə, rolda gözü qalmamışdı. 2005-ci ilə qədər bu teatrda çalışıb. Sonuncu rolu “Köhnə ev”də Mələk oldu.

1967-ci ildə Bakıda Şıxəli Qurbanovun keçirdiyi ilk Novruz şənliyində Bahar qız olmuşdu Səfurə İbrahimova. Həmin vaxtlar onun səhnədə parlayan dövrü idi. Zamanının insanları üçün o, bütün rollarına rəğmən, Bahar qız idi. 

Bahar qızı sevənlərin sayı-hesabı olmazdı. Teatrın tamaşa zalından ona zillənən gözlərin neçəsi zaldan səhnəyə qədər olan o məsafəni yarıb Səfurəni qolları üstündə evinə-ocağına aparıb onu evinin xanımı etməyin xəyalını qururdu. Ya yaxınlaşmağa cəsarətləri çatmırdı ki, imtina alarlar, ya da yaxınlaşıb yox cavabı alırdılar. Əslində, aktrisa olduğu üçün qarğanan qız da ailə qurmaq istəyərdi, amma o zamanlar kim aktrisa ilə ailə qurmaq istəyərdi ki… ürək eləmirdi, düşünürdü sənətdən ayrıl-deyəcəklər, atacaqlar sonra, ya da qeyri-qanunu münasibət istəyəcəklər. 

Bunların hamısı olmuşdu həyatında. Bir kursda oxuduqları, indi Xalq artisti olan Tariyel Qasımov ona evlənmək təklif edib, amma “sənətdən ayrılıb, mənə gələcəksən” - deyib. Aktrisa razılıq verməyib. Sənət dostlarından bu fikirdə olanlar olub, hamısı bilib ki, Səfurə sənətinə görə anasından uzaq düşüb.

Rəcəb adlı bir nəfərlə ailə qurub, müstəntiq olub Rəcəb. Tamaşalarına gəlirmiş, gül-çiçəyə qərq edirmiş aktrisanı. Bir gün “sənətini də davam etdir, evlənirəm səninlə” - deyən yeganə adam olub. Rəcəbin ailəsinin ziddinə, evləniblər. “Kubinka”da qız toyu ediblər, Səfurə 36 yaşı olduğundanmı, ya anasının qarğışını xatırladığındanmı, gəlinlik geyinməyib, ziyafət paltarında gəlin olub. 5 il yaşayıblar bir yerdə, Rəcəb onu çox sevib, amma övladları olmayıb. Əri onu çox gəzdirib xarici ölkələrdə müalicə etdirmək üçün. Axırda həkim deyib ki, sənin övladın olmayacaq, uşaqlığın nə vaxtsa zədə alıb, üstünə düşməmisiniz, indi də gecdir.

“Eybi yox, uşaq götürüb saxlayarıq” - deyib Rəcəb. Səfurə düşünüb ki, ailəsini də atıb məni tutub, onu övladsız da qoymağa haqqım yoxdur. İşinə görə Ukraynaya gedən Rəcəbə - qayıdanda bura gəlmə - deyib. O da rəsmi boşanıb gedib, qayıdanda evli olub, övladı ilə gəlib Səfurəyə baş çəkməyə, “gizlicə yaşayaram səninlə” - deyib, Səfurə razılaşmayıb.

Aktrisa 1974-cü ildə milli teatrımızın 100 illiyi münasibətilə Əməkdar artist, 2002-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. “İblis” tamaşasındakı Rəna roluna görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. Vəfa Fətullayeva ilə bir yerdə o mükafata ilk layiq olanlardandır.

Kinoya isə hələ orta məktəbdə oxuyanda çəkilib. Məktəbdən qız axtaranda onu seçiblər.   Zeynəb Kazımovanın “Həyat öyrədir” filmində Leyla rolunda çəkilib. Cüzi qonorara sevinən anası nə bilsin ki, qızı bu yolu seçəcək. Tanınmağı isə 1965-ci ildə “Arşın mal alan”dakı Telli ilə oldu, artıq peşəkar aktrisa kimi.

İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasındakı ana rolu, son illər oynadığı rollardan idi. Nargilənin anası. Nargiləni oynayan Məlahət Abbasovanı çox sevərmiş. Lap öz qızı kimi. Həyatda sevdiyi adam çox az olub. O tamaşada bir az da özünu yaradıb – həyatın qova-qova “namərd” etdiyi qadın obrazında.

Şöhrət çox amansız şeydir. İnsanı daimi xoşbəxt etmir heç vaxt. Şöhrət həmişə ötəridir və özü ilə gətirdiyi xoşbəxtliyi, bəlkə də ona qədərki mübhəm bəxtəvərliyi də alıb aparır. Özündən sonra insanda heç nə qoymur-bədbəxtlikdən qeyri. İnsan, xüsusən sənətkar şöhrətin füsunkar dalğalarının qoynunda üzür, elə bilir, həmişə belə olacaq və ona başqa heç nə lazım deyil, yalnız bu zövqlə yaşamağa dəyər.

Bir gün o dalğalar çəkilib gedir, insan övladı bir də ayılır ki, quru qumun üstündə qalıb. Əvvəlcə bunu özü “yemir”, sonra yavaş-yavaş yeyir, həzm edə bilmir. Bir gün o da olur. Sonra çalışır ətrafdakılara əvvəlki şöhrətini xatırlatsın, mən o-yam, sevdiyiniz, alqışladığınız kəs-deyir. Görür ki, hamı yan keçir, qəribə baxır…

Qayıdır özünə, görür ki, heç nəyin sahibi deyil, görür ki, ətrafında heç kim yoxdur, doğmalardan da çoxdan uzaqlaşıb, nə övlad var, nə ailə… Yaşamağın mənası qalmayıb… Acı reallıq bu və qalır onunla üzbəüz. Görür ki, taleyin amansız oyununda da baş roldadır, sadəcə.

Səfurə İbrahimova da bir gün ayıldı ki, nə Bahardır, nə Sevil, nə Tatyana, nə Ofeliya -  onlar qaldılar əlahəzrət zamanın axarında. Nə Adil İsgəndərov var ki, onu Hökumələrin məkrindən, Amaliyaların hikkəsindən qorusun, nə də Rza Təhmasib var ki, istedadı qabağa çəksin. Ələsgər Şərifov da ona bir vaxtlar qəhrəmanını oynadığı tamaşada kütləvi səhnələrdə çıxmağı təklif edir.

Aktrisalara “qulluqçu roluna manikürlə, düzülmüş saçlarla, zər-zibalı paltarlarla çıxmazlar, sənəti eqonuzdan aşağıda yox, yuxarıda tutun” - deməsi kimi ustad fikirlərini heç kim qəbul etmir. Bu məsləhətlərinə görə artıq onun özünü qəbul etmirlər. O isə başqa cür ola bilmir, mümkün deyil.

Dostları Həsənağa Turabov, Həsən Məmmədov hanı? Onlar da həyatdan küsüb, qapını arxalarınca çəkiblər. Bir zamanlar “Azərbaycanfilm”in dəhlizlərindən Səfurənin gülüşləri əks-səda verərdi, çünki həmin adamlarla birlikdə hər gün kinolara çəkilir, o kinolar baxılır, səhər şəhərə çıxanda hamı onu göstərirdi.

İndi çıxdığı küçədə, olsa-olsa, kiminsə mərhəmətli baxışları ilə rastlaşır… O baxışları sevmir Səfurə İbrahimova, onları görməmək üçün çəkilir hücrəsinə… 

Ərizəsini yazıb, işdən də çıxır. Əvvəlcə sənət dostu, teatra həmin dövr rəhbərlik edən Əlabbas Qədirov onu buraxmaq istəmir, getmə - deyir, - səni rol verək oyna, səhnəyə çıx. Razılaşmır Səfurə İbrahimova, çıxıb gedir. Həmin gündən evə qapanması onu uzun illər hamıdan təcrid edir. Anasını yanında saxlayıb, onunla təsəlli tapırdı. Anası vəfat edəndən sonra tamam təklənir. Teatrdan yanına gələnləri içəri buraxmır, qapısına gələnə qapı açmır. Bacı, qardaş, sənət yoldaşı... heç kim onun üçün məna kəsb etmirdi, çəkilmişdi öz bədbin dünyasına. Prezident təqaüdü alırdı, evi də vardı. Bircə teatrdan kostyum sexində işləyən Rəfiqə ilə dərdləşərdi, o da köçdü dünyadan. Bir ara ona verilən təqaüdü də almırdı, imtina edirdi. Azərpaşa Nemət ona izah edib ki, bu, sədəqə deyil, sənin illərlə çəkdiyin zəhmətin haqqıdır, sonra qəbul edib. 

Son illər isə arada bir-iki dəfə efirə çıxıb. Kiminsə xoşlayıb, zəif damarını tuta bilməsi nəticəsində. Kiminsə ona siz bizim sevimli aktrisamızsınız, tamaşaçılar sizə görmək istəyir kimi ehtiyacı olan sözlərindən çıxa bilməyib. Yaş isə keçir, 80, 81. Bu yaşda bir dəfə yıxılmaq yetər ki, bir daha qalxmayasan. Ayağının burxulması az qala həyatı bahasına başa gələcəkdi, amma qurtula bildi.

Ondan sonra teatra çağırdılar onu, gəl sənin üçün tamaşa qoyaq oyna. Dedi yox, ayaq üstündə zorla dayanıram.

Qardaşı qızı Könül baxırdı ona son vaxtlar. Doğmalarında qardaşları Zahid, Nizami, bir də bacısı Mənsurə sağdılar. Könül Zahidin qızıdır. Deyir, çox ağır idi vəziyyəti: “Təmizliyinə baxırdım, utanırdı, əlləri ilə üstünü qapadırdı, ağlayırdı ki, mən nə günah etmişdim ki, Tanrı mənə belə zülm yaşadır. Birdən məni də acılayırdı. Dözürdüm, birdən səbrim bitirdi, getmək istəyirdim, deyirdi ki, səni mən dünyaya gətirmiş olsaydım, sözlərimə də dözərdin. Elə deyəndə kövrəlirdim, qucaqlayırdım ki, gəl, barışaq. Övladsızlığı ən böyük dərdi idi. Tanrıya çox bağlılığı vardı, amma övladı olmamasına onu da sorğuya çəkirdi”.

Könül xanımın dediyinə görə, Səfurə xanımın psixoloji durumu qaydasında olmasa da başqa ağır xəstəliyi olmayıb. Birdən-birə dəhşətli ağrılardan şikayəti başlayıb. Aparıblar həkimə, həkimlər deyib heç nəyi yoxdur, gətiriblər evə.

2020-ci il dekabrın 21-də 81 yaşının tamam olmasına 6 gün qalmış ağrıdan çığıra-çığıra dünyasını dəyişib. “Ölmək istəmirəm, mən yaşamadım, həyat görmədim” – dodaqlarından qopan son cümlə olub…

“Qurd qapısı” məzarlığında karantin reallığı ilə dəfn edilib, bu gün vəfatının üçüncü günüdür. 

***

O, həyatın qapısını çoxdan çırpmışdı üzümüzə, indi gedən cismi oldu... ruhu çoxdan tərk etmişdi bu dünyanı. Allah rəhmət eləsin ilk Bahar qıza...

P.S. Könül xanım Dram Teatrının rəhbərliyinə, Elnura təşkilatı işlər və diqqət üçün təşəkkür edir. 

# 13593
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar