Rusiya Baş Prokurorluğu kriminal avtoritet Vyaçeslav İvankovun (“Yaponçik”) qətlində günahkar bilinənlərin işini məhkəməyə göndərib. Lent.az-ın Rusiya KİV-ə istindən məlumatına görə, qətldə iştirak edən Kaxa Qazzayev, Murtaz Şadaniya və Cambul Canaşiya, habelə Astamur Butba və Nuqzar Papavanın cinayət əməli tam sübut olunub.
Məhkəmənin yaxın günlərdə başlayacağı deyilir.
Xatırladaq ki, Vyaçeslav İvankov 2009-cu il iyulun 28-də Moskvada güllələnib. Avtoritetə Xoroşevski şossesi, 25 ünvanında yerləşən “Tayskiy slon” restoranından çıxan zaman atəş açılmışdı. Avtomobildə gizlənən killer təxminən 70 metrdən snayper tüfəngi ilə onun qarnından vurmuşdu. Bir neçə mürəkkəb cərrahiyyə əməliyyatına baxmayaraq, kriminal avtoriteti xilas etmək mümkün olmamışdı. O, uzun müddət Moskvadakı xəstəxanalardan birində müalicə edilsə də, oktyabrın 9-da səhər tezdən dünyasını dəyişmişdi.
Adətən xaricdə yaşayan “Yaponçik” sui-qəsddən bir neçə gün öncə Moskvaya iki qruplaşma arasındakı münaqişəni həll etmək üçün gəlibmiş.