Ağsu rayonu, Çaparlı kəndində Məmmədov Elşən Bəxtiyar oğluna məxsus “Bəxtiyar market” adlanan ərzaq məhsullarının pərakəndə satışı mağazasında plandankənar yoxlama keçirilib.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşları yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb. Məlum olub ki, müvafiq razılaşma və icazəverici sənədlərsiz obyektə bitişik əlavə tikili inşa olunub, daxilində hər birinin tutumu 10.8 ton olan 2 ədəd və 5,5 ton tutumu olan 1 ədəd çənin yerləşdirilərək kustar üsulla, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmadan benzin və dizel yanacağı satılıb.
Nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratması səbəbindən çənlərdə saxlanılan asan alışan mayelər oradan kənarladırılmaqla, obyektdə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə Dövlət Yanğın Nəzarəti Xidməti qərar qəbul edib, asan alışan mayelər qanunvericiliyin tələblərinə uyğun olaraq maddi dəlil kimi götürülüb.
Qanunvericiliklə nəzərdə tutulmuş qaydada razılaşdırılmadan inşaat işlərini aparan və icazəsi olmadan yanğın təhlükəli şəraitdə asan alışan mayelərin satışını həyata keçirən ərzaq məhsullarının pərakəndə satışı mağazasının sahibi Məmmədov Elşən Bəxtiyar oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati iş açılıb.