Bu gün Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlaması barədə yeni məlumat yayılıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Lent.az-a məlumat verilib ki, hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb. Xəstəxanaya yerləşdirilən zərərçəkənin sağ ayağının bir neçə barmağı amputasiya edilib. Vəziyyəti stabildir.
ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa, müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.
***
12:32
Xocavənd rayonunda mina partlayışı olub.
Lent.az xəbər verir ki, Daxil İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə hadisə bu gün saat 11 radələrində qeydə alınıb.
Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilişində fəhlə işləyən Rasim Kərimzadə meşəlik əraziyə keçərək piyada əleyhinə minaya düşüb:
"Partlayış nəticəsində Rasif Kərimzadə ayaq nahiyəsindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Həyatı üçün ciddi təhlükə yoxdur".
Qeyd edək ki, minaya düşən Rasif Kərimzadə Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisini həyata keçirən şirkətin əməkdaşıdır.
***
12:23
Oktyabrın 2-də Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.
Bu barədə Lent.az-a Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.
Hadisə nəticəsində 20 yaşlı Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb.
"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək" - ANAMA bildirib.