Bu gün Bakı şəhərinin Xətai rayonu ərazisində “Neftçi” klubunun futbolçusu Araz Abdullayevin törətdiyi qəza ilə bağlı cinayət işi açılıb. Xətai rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə iş başlanılıb. Məlumata görə, A.Abdullayev 90 XF 350 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobillə Xətai MKTB-nin işçiləri 1968-ci il təvəllüdlü Gülsabah Nuriyeva və Zəminə Hüseynovanı vurduqdan sonra maşını saxlayıb. O hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə birlikdə Kliniki Tibbi Mərkəzə gəlib. lakin yaralılardan Z.Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.
Fakt üzrə ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir.
***
14:43
Tanınmış futbolçumuz ağır qəza törətdi: ölən və yaralanan var
Bu gün “Neftçi” futbol klubunun futbolçusu Araz Abdullayev idarə etdiyi “Nissan” markalı avtomobillə Bakı şəhərinin Xətai rayonu ərazisində ağır yol qəzası törədib. Hadisə yerində olan polis əməkdaşının Lent.az-a verdiyi məlumata görə, A.Abdullayev maşınla 2 nəfəri vurduqdan sonra maşını saxlayıb və onlara kömək etməyə çalışıb.
Hazırda hadisə yerində əməliyyat qrupu çalışır. Hadisə yerinə Xətai RPİ-nin rəisi və digər şəxslər də gəlib.
****
14:27
“Neftçi” klubunun futbolçusu Araz Abdullayev yol qəzası törədib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi bu gün günorta saatlarında klubun bazasına yollanarkən idarə etdiyi avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub.
Süpürgəçilərdən biri yerindəcə ölüb, digəri ağır vəziyyətdə xəstəxanaya aparılıb.