“Əbu Yəhya Əl-Azəri” barədə maraqlı məlumatlar əldə etmişik. Məlumata görə, onun əsl adı Nicatdır. Yəhya Nicatın oğlunun adıdır.
Əslən Sumqayıt şəhərindəndır. Azərbaycan sələfilərinin “Sumqayıt camaatlığı”nın liderlərindən hesab edilir. Sələfilərin “İxvan” qanadına mənsubdur.
“Əbu Yəhya” çeçen əsilli Ömər Şuşaninin başçılıq etdiyi “Ceyş al mühacirin və Ansar (“Mühacir və Ənsar Ordusu”) briqadasının tərkibində azərbaycanlılardan ibarət qrupa rəhbərlik edib. Suriyada döyüşən azərbaycanlıların əksəriyyəti məhz bu qruplaşmanın tərkibindədir. Əslində, “Əbu Yəhya”nın bir neçə gün bundan əvvəl Hama ətrafında gedən döyüşlərdə ağır yaralandığı və iki ayağının itirdiyi barədə xəbərlər dolaşırdı.
Bir məqamı da qeyd edək ki, “Ceyş al mühacirin və Ansar” bir qədər əvvəl daxili ziddiyyətlər ucbatından bir neçə yerə parçalanıb. Bir qrup “Seyfullah” ləqəbli çeçen əsilli səhra komandiri, digər qrup isə keçmiş polis işçisi olan və “Əbu Banat” ləqəbi ilə tanınan avar millətindən olan komandirlə birgə Şuşanidən ayrılıblar. Əgər Şuşaninin briqadası əsasən Hələb ətrafında və yaxın qəsəbələrdə gedən döyüş əməliyyatlarında iştirak edirsə, “Seyfullah” və “Əbu Banat”a biət edən döyüşçülər İdlib, Hama, Humusda Əsəd qüvvələrinə qarşı döyüşürlər.
“Əbu Yəhya”nın Hamada öldürülməsi isə böyük ehtimalla onun da “Əbu Ömər” Şuşanidən ayrılaraq digər qruplaşmalarla bir yerdə olduğundan xəbər verir.
****
10.59.
Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə çeçen Əbu Ömərin rəhbərlik etdiyi “Mühacir və Ənsar Ordusu”nun tərkibində azərbaycanlılardan ibarət dəstəyə başçılıq edən “Əbu Yəhya” ləqəbli Azərbaycan vətəndaşı öldürülüb.
APA-nın Suriyadakı cihad qruplarına məxsus saytlara istinadən verdiyi məlumata görə, sentyabrın 13-də “Əbu Yəhya əl Azəri” Suriyanın Hama şəhərində gedən döyüşlərdə hökumət qüvvələrinin 66 bölükdən ibarət hərbi bazasını mühasirə altında saxlayan zaman qırıcı təyyarələrin bombardmanı nəticəsində ağır yaralanıb. Çoxlu qan itirən “Əbu Yəhya” ölüb. O, elə həmin gün Hama şəhərinin Artma kəndindəki “Əbu Müslim” qəbristanlığında dəfn olunub.