Masallı-Yardımlı yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə bu gün saat 15.30 radələrində qeydə alınıb.
90-LB-944 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişin, 1974-cü il təvəllüdlü Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib.
Məlumata görə, kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri alan qadının vəziyyəti ağır qiymətləndirilir. Bununla bağlı Bakıdan həkim briqadası dəvət olunub.
Qeyd edək ki, yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, xəsarət alan İlahə Əliyeva isə bacısıdır.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, Bakı şəhər sakini Rafiq Muxtar oğlu Mustafayevin idarə etdiyi 90-LB-944 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə maşında olan sərnişinlərdən Könül Rüstəmxanlı hadisə yerində ölüb, maşında olan daha bir sərnişin İlahə Əliyeva xəsarət alıb.
Əlavə edək ki, avtomobili idarə edən R. Mustafayev “Qanun” Nəşrlər Evinin sürücüsüdür.