Rüşvət almaqda ittiham olunan vəzifəli şəxs: "Bizə qarşı qərəz yaranıb"
28 fevral 2019 16:08 (UTC +04:00)

Rüşvət almaqda ittiham olunan vəzifəli şəxs: "Bizə qarşı qərəz yaranıb"

Rüşvət almaqda təqsirləndirilən Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri Elçin Qaybalıyev və Ziyad Lətifovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham alktını elan edib.
 
 
Təqsirləndirilən şəxslər özlərini ittiham üzrə günahkar bilməyiblər.
 
 
Elçin Qaybalıyev sərbəst ifadə verərək bildirib ki, həmin gün müvafiq qaydada Nərimanov rayonunda yerləşən obyektdə yoxlama aparmağa gediblər: "Aksiz markası olmayan siqaret  satışı həyata keçirirdilər, biz də yoxlama zamanı aşkarladıq. Siyahı hazırladıq, protokol tərtib etdik. Izahat aldıq. Həmin vaxt iki nəfər müşahidəçi kimi dəvət etdik. Hər şey onların gözünün qarşısında olub. Ümümi olaraq 284 manatlıq mal aşkarlanmışdı. 1 saat orda olduq. Aşkardığımız malları özümüzlə götürdük. Həmin mallar məhkəmə qərar çıxarandan sonra təhvil veriləcəkdi.  Obyektdən çıxandan  sonra Ziyadla birlikdə gedib nahar etdik. Daha sonra oranın müdüri ilə görüşümüz  olmayıb, nə də əlaqəmiz olub".
 
 
Təqsirləndirilən şəxs bildirib ki, heç kimdən rüşvət almayıb və ittihamı qəbul etmir: “Həmin obyekt sahibi tərəfindən bizə qarşı qərəz yaranıb ki, şikayət edib. Biz ona inzibati qaydada cərimə tədbiq etmişik".
 
 
Ziyad Lətifov isə bildirib ki, 2007-ci ildən Vergilər Nazirliyində çalışır.  O qeyd edib ki, Nərimanov rayonunda reyd keçiriblər: " "24 saat market"də qanunsuz aksiz markası olmayan siqaretlər aşkar etdik. Prosesual qaydalara riayət edərək həmin malları qeydiyyata aldıq, aktlaşdırdıq, protokol tərtib etdik. Elçin Qaybalıyevin dediklərini təsdiqləyirəm".
 
 
Z.Lətifov da heç kimdən rüşvət almadıqlarını, heç kimlə də sövdələşmədiklərinin deyib. 
 
 
Qeyd edək ki, Vergilər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, ilkin araşdırma nəticəsində nazirlik yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri Qaybalıyev Elçin Musa oğlu və Lətifov Ziyad Arif oğlunun xidməti vəzifələrinin icrası zamanı hüquqazidd əməllərə yol verildiyi aşkar edilib.
 
 
Araşdırmalar zamanı müəyyən olunub ki, həmin vergi əməkdaşları Bakı şəhəri ərazisində yerləşən “24 saat” adlı marketdə həyata keçirdikləri operativ vergi yoxlaması zamanı aşkar etdikləri aksiz markası olmayan müxtəlif növ xarici ölkə istehsallı siqaretlərin sayının sənədləşdirilməsi zamanı (cəmi 3 min manat dəyərində) onların dəyərinin bilərəkdən azaldılması və marketin satıcısı Hüseynəli Kərimlinin cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb olunmasına görə ondan 1000 manat məbləğində pulu rüşvət qismində alaraq öz aralarında bölüşdürüblər. Bu zaman satıcıdan həmin aksizsiz siqaretlərin satış dəyərinin 284 manat olması məzmununda izahat alaraq sənədlərə imza etdirib, rüşvət qismində aldıqları pula görə sənədləşmənin qanuniliyi görüntüsünü yaratmaq üçün keçirilmilş vergi yoxlaması ilə bağlı inzibati xəta haqqında protokola və yoxlamanın nəticəsini özündə əks etdirən digər rəsmi sənədlərə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığına yol veriblər. Növbəti gün müsadirə etdikləri məhsulların aşkar olunmamış kimi razılaşdıqları hissəsini Hüseynəli Kərimliyə qaytarıblar.
 
 
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Səlcuq Elçin

Oxşar yazılar