Əfqanıstanda birgə sosial layihələr həyata keçiriləcək
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında iştirakı çərçivəsində türkdilli ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı təşkilatın gündəliyində duran məsələlər haqqında danışıb.
Halil Akıncı təşkilatın bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi statusu almaq istiqamətində gördüyü işlər, təşkilata üzv ölkələrin nəqliyyat və iqtisadiyyat nazirlərinin planlaşdırılan görüşü, Bakıda keçirilmiş türkdilli ölkələrin diaspor qurumlarının toplantısı haqda məlumat verib. Nazirlər təşkilatın fəaliyyətinin gücləndirilməsi və region ölkələrində, xüsusilə də Əfqanıstanda birgə sosial layihələrin icra olunması üzrə razılığa gəliblər.
Elmar Məmmədyarov Pakistan İslam Respublikası və Qırğız Respublikasının xarici işlər nazirləri ilə ayrı-ayrı görüşlər də keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin durumu müzakirə olunub və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.