Futbol üzrə İngiltərə Premyer Liqası klubları maliyyə məsələlərinin tənzimlənməsi ilə bağlı sərt qaydaların tətbiqinə səs veriblər. Lent.az-ın məlumatına görə, yeni qaydalar apreldən tətbiq olunacaq.
Premyer Liqada çıxış edən 20 klubdan 14-ü – “Arsenal”, “Çelsi”, “Everton”, “Liverpul”, “Mançester Yunayted”, “Nyukasl”, “Norviç”, KPR, “Redinq”, “Stok Siti”, “Sanderlend”, “Tottenhem”, “Vest Hem” və “Uiqan” yeniliklərin lehinə olublar. Təşəbbüskar qismində “Arsenal”, “Liverpul” və “Mançester Yunayted” çıxış edib. Məqsəd isə “Çelsi” və “Mançester Siti”nin xərclərini azaltmaqdan ibarət olub.
Yeni qaydalar klubların xərclərini azaldacaq. Bu, ilk növbədə oyunçuların əmək haqqı fonduna şamil olunacaq. Hər il əmək haqqına 52 milyon funt və daha çox pul xərcləyən klublar 2013-2014-cü il mövsümündən əmək haqqını ildə 4 milyon funtdan çox olmamaqla artıra bilərlər. Hazırda yalnız 7 komanda əmək haqqına 52 milyon funtdan az xərcləyir. Habelə, yaxın 3 ildə klubların xərcləri 105 milyon funtu keçməməlidir. Bu zaman infrastruktur və gənclər futbolunun inkişafına xərclər nəzərə alınmayacaq. Qaydaları pozan klublar müxtəlif sanksiyalara məruz qalacaqlar. O cümlədən, komandanın hesabından xallar silinəcək.