Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadə vəfat edib.
APA-nın xəbərinə görə, Ziya Yusif-zadə ilə vida mərasimi MTN-nin Mədəniyyət Mərkəzində keçiriləcək. Mərhum bu gün II Fəxri xiyabanda dəfn olunacaq. Yas mərasimi Təzəpir məscidində keçiriləcək.
Qeyd edək ki, Ziya Yusifzadə 15 fevral 1929-cu ildə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub. 1952-1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləyib.
1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olunub. 1972-1976-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini, 1980-1988-ci illərdə isə DTK-nın sədri vəzifəsində çalışıb.
1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb. 1988-1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri işləyib, 1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxıb.
1999-cu il iyunun 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası">Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəis təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" (2004) və "Şöhrət" ordenləri (2009) ilə təltif olunub.