Mingəçevir şəhər Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevirin Yeni Həyat qəsəbəsindəki 103 saylı evdə yaşayan Xudabaxşıyev Qadir Nadir oğlu Mingəçevir şəhərinin M.P.Vaqif küçəsindəki 17 saylı ünvanda yerləşən kafedə şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən “TT” markalı tapança və güllə sandıqçası götürülüb.
Məlumata görə, Qadir Xudabaxşıyev üç ildir ki, AXCP-nın Mingəçevir şəhər təşkilatının sədridir. O, əvvəllər xırda ticarətlə məşğul olub. Faktla bağlı araşdırma aparılır.